AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Milli Azərbaycan Tarixi Muzeyi

Məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşən bu muzey ilk dəfə 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığı nəzdində yaradılmış, həmin ilin oktyabr ayından isə Azərbaycan SSR Dövlət Muzeyi adı ilə fəaliyyət göstərmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. Azərbaycan XKŞ-in 31 mart 1936-cı il qərarına əsasən muzeyin adı Azərbaycan Tarixi Muzeyi olaraq dəyişdirilmiş və İttifaq EA-nın Azərbaycan filialına verilmişdir. Bu, qeyri-profilli sahələrin muzeydən ayrılmasına və yeni muzeylərin (Təbiət, İncəsənət, Ədəbiyyat və b.) yaranmasına səbəb oldu. 1943-cü ildə Azərbaycan Tarixi Muzeyi EA Azərbaycan filialının qərarı ilə Rəyasət heyətinin nəzdində yenidən müstəqil vahid qurum kimi təsdiq edildi.
 
Muzeydə hazırda altı şöbə (Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası, Azərbaycanın yeni dövr tarixinin ekspozisiyası, Azərbaycanın ən yeni dövr tarixinin ekspozisiyası, Etnoqrafiya, Numizmatika və epiqrafika, Elmi-ekskursiya və kütləvi işlər şöbələri), Muzey əşyalarının bərpası laboratoriyası, 12 fond, 4 qrup və kitabxana fəaliyyət göstərir. Azərbaycan Tarixi Muzeyində ekspozisiya, elmi-tədqiqat, elmi-kütləvi və fond işlərinin əsas istiqamətlərini tarix elminin son illərdə əldə etmiş olduğu nailiyyətlərə və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə əsaslanaraq ekspozisiyanın qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi, Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən maddi və mənəvi mədəniyyət abidələrinin toplanması və mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilərdə nümayişi və təbliği təşkil etmişdir.
 
2004-2007-ci illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olundu. Muzeyin yeni avadanlıqla təchiz olunması, prezidentin və hökumətin ayırdığı investisiya ilə nadir muzey eksponatlarının bir hissəsinin bərpa və konservasiya edilməsi və bunun nəticəsində tariximizin bütün dövrlərinin daha dolğun təqdim olunması indi olduğu kimi bundan sonra da muzeyi ölkənin tarixi-mədəni irsinin qoruyucusu edəcəkdir.
 
Muzeyin 10 otağında Azərbaycan xalqının görkəmli oğlu Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin açılması vətəninə və xalqına hədsiz xidmətlər göstərmiş “el atası”nın xatirəsini əbədiləşdirmiş, onun görk olacaq həyat və fəaliyyətini işıqlandırmışdır. 2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirmiş, fəaliyyətini elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurmuşdur. Açılışdan sonra muzeydə keçirilən müxtəlif mövzulu sərgilər, elmi-praktiki seminar və konfranslar, muzey əməkdaşlarının hazırladıqları kitab, buklet, kataloq və toplular həm mütəxəssislərin, həm də Azərbaycanın tarixi, onun maddi və mənəvi mədəniyyəti ilə maraqlananların rəğbətinə səbəb olmuşdur

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı