Rübənd
Nümunənin reyestr kodu : SD0302000020
Rübənd – farscadan tərcümədə iki sözün birləşməsindən ibarət olub, “rüx” – üz, çöhrə və “bənd” (sədd, bağlama) üzü örtmək, bədnəzərdən gizlətmək və nəhayət, üzü mühafizə etmək anlamına gəlir. Baş geyiminin əlavəsi olan rübənd gözlərin üstündən salınır, qarşı tərəfi tordan ibarət dördkünc parçadan hazırlanır və qadın görkəminə xüsusi gözəllik verirdi. Rübəndi, bir qayda olaraq, ipək parçalardan (kiseyi, midqal, tirmə, misqalı tirmə, qanovuz, zərbaft və b.) biçilib tikilir, gözlərin önünü isə incə toxunuşlu tor təşkil edirdi. Keçmişdə toru, adətən at tükündən toxuyub hazırlayır, ipək parça üzərinə bənd edirdilər. Müsəlman Şərqində, o cümlədən Azərbaycanda keçmişdə kübar qadınlar arasında geniş yayılmış rübəndin üzəri güləbətin, məlihə kimi müxtəlif tikmə üsulları və zəncirə ilə bəzədilirdi. Rübənd daha çox şəhərli kübar qadınların bayır geyimində üstün yer tuturdu.
Rübənd baş geyiminin elə bir tipoloji təsnifatı yoxdur. Onlar ancaq bir-birindən ölçülərinə (qurşağa qədər və dabana qədər çatan), hazırlandığı parçanın növünə, parçanın rənginə və üzərindəki bəzəklərin müxtəlifliyinə və çoxluğuna görə fərqlənirdi.
Mövcud etnoqrafik materiallar Azərbaycan mədəni mühitinə rübənd adlanan qadın baş geyim əlavəsinin nə vaxtdan daxil olması barədə mühakimə yürütməyə imkan vermir. Ancaq gerçəklik bundan ibarətdir ki, ilkin orta əsrlərdə Azərbaycanda üz örtmə, çöhrəni gizlətmə adəti olmuş, niqab salma adəti kişilər arasında uzun müddət davam etmişdir. Belə ki, “Kitabi-Dədə Qorqud” dastanında niqabın adının xatırlanması onun Oğuz ellərində, başqa təbirlə desək, erkən oğuzların məskunlaşdıqları Cənubi Qafqaz mühitində ilk orta əsrlərin sonlarından etibarən dəb düşdüyünü söyləməyə imkan verir. Dastanda bir neçə dəfə niqabın adı çəkilir, cəmi Oğuz ellərində 4 nəfər kişinin üzü niqablı gəzdiyi xəbər verilir. Abır-həya rəmzinə çevrilmiş niqab oğuzların təkcə hərbi-demokratiya mərhələsində deyil, ondan sonra gələn feodallaşma dövrünün zadəgan əxlaqına, davranış normalarına, ədəb-ərkan qaydalarına uyğun geyim dəbi üçün səciyyəvi olmuşdur. Dastandan da bəlli olduğu kimi, üz örtmə adəti qadınlar arasında ancaq duvaq və yaşmaq ilə olmuşdur. O zamanlar rübənddən istifadə edilməmiş, oğuz qadınları ev məişətində eldə-obada üzüaçıq gəzmişlər.
Bəzi tədqiqatçıların qənaətinə görə rübənd İslam dininin yayılmasından sonra üzü yad, naməhrəm nəzərlərdən gizlətmək üçün başlıca vasitə sayılırdı. Sənətşünas S.S.Dünyamalıyevanın tədqiqatlarından məlum olur ki, hətta Nizami dövründə də qadınlar çadra (çarşab) istisna olmaqla, əsasən, üzüaçıq gəzərmişlər. Orta əsr miniatür nümunələrindən də göründüyü kimi, sadə (aşağı) təbəqədən olan qadınların geyim dəstində iri ölçülü, ağ kiseyi parçadan tikilmiş, bədəni gözlərin üstündən başlarayaq dabana qədər örtən və başa çarpaz çəkildə bağlanan qaytanın köməyi ilə bəndlənən rübənddən istifadə edilmişdir. XVI əsrdə xüsusi heyətlə Səmərqəndə Əmir Teymurun sarayına gedərkən bir müddət Təbrizdə qalan ispan diplomatı Klavixo yazırdı ki, Təbiz dükanlarında satılan ətriyyat mallarını almağa gələn qadınlar başlarına çadra salır, üzlərini at tükündən toxunan rübəndlə örtürlər. Beləliklə, onları tanımaq mümkün olmur. 1623-cü ildə Səfəvilər xanədanına səyahət etmiş moskvalı tacir F.A.Kotov qeyd edirdi ki, qızılbaş qadınları üzlərini nazik midqal ilə elə örtürdülər ki, üz və gözləri görünmürdü. Çox güman ki, tacir qadınların rübənd saldıqlarına işarə etmiş, ancaq onun adını çəkməmişdir. Qadın rübəndi haqqında “Koroğlu” dastanında da müəyyən məlumatlar vardır. “...Hürü xanım rübəndi üzünə saldı. Qara ipək rübənd qırmızı yanaqları elə qucaqladı, elə qucaqladı ki, elə bil laləli, nərgizli dağ başına qara duman çökdü”.
Rübənd nümunələri Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda da qorunub saxlanılır. Onlardan biri (EF-2307) tirmədən hazırlanmaqla, zəncirə ilə bəzədilmiş və ölçüləri 69 x 47 sm-dir.
Yayılma arealına gəldikdə, tam əminliklə söyləmək olar ki, rübənd Azərbaycanın şəhər əhalisinin kübar təbəqələri arasında (Bakı, Naxçıvan, Gəncə, Təbriz, Ərdəbil, qismən Şamaxı və s.) dəbdə olmuşdur. Müsəlman Şərqində, xüsusilə də Orta Asiyada rübənd “pərəncə” adı ilə tanınır, fərqli biçimdə olurdu. Hazırda rübənddən çox az hallarda istifadə olunur.