Azərbaycanın Qeyri-Maddi Mədəni İrs Nümunələrinin Dövlət Reyestri haqqında
Qədim və zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin qorunması, tanıdılması və təbliği əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən mədəniyyət siyasətinin tərkib hissəsidir. 2012-ci ildə qəbul olunmuş Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycanın 2006-ci ildə YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulması, I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın 11 qeyri-maddi mədəni irs nümunəsinin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahılarına daxil edilməsi, bununla bağlı ölkə daxilində və xaricdə çoxsaylı tədbirlərin keçirilməsi həmin siyasətin əməli nəticələridir. Azərbaycanın Qeyri-Maddi Mədəni İrs Nümunələrinin Dövlət Reyestri də bu istiqamətdə atılan addımların həm məntiqi davamı, həm də Azərbaycanın YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasından irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində gördüyü işlərin nəticəsidir. Reyestrin yaradılması ilə Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrinin dövlət qeydiyyatına alınması, onların təbliğini təşviq etmək, onların ermənilər tərəfindən mənimsənilməsinin qarşısını alınmaq üçün lazımi informativ bazanın yaradılması nəzərdə tutulur.
Qeyri-maddi mədəni irs nümunələri dedikdə ictimai qruplar və ayrı-ayrı şəxslər tərəfindən onların mədəni irsinin bir hissəsi kimi qəbul edilən təcrübələr, təqdimatlar, ifadələr, bilik və bacarıqlar, eləcə də bunlarla bağlı adətlər, əşyalar, maddi mədəniyyət abidələri və mədəni məkanlar nəzərdə tutulur. Nəsildən nəslə ötürülən belə mədəni irs nümunələri xalqın uzaq keçmişinə, qədim tarixinə söykənən təcrübə əsasında yaradılır və insanlarda özünəməxsusluq, irsilik hissi formalaşdırmaqla həm də mədəni müxtəlifliyə xidmət edir. Qeyd olunan nümunələr YUNESKO-da beş domen – a) Qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dil də daxil olmaqla şifahi ənənələr və ifadələr; b) İfaçılıq sənətləri; c) Sosial təcrübələr, mərasimlər, bayram tədbirləri; d) Təbiətə və kainata aid bilik və təcrübələr; e) Ənənəvi sənətkarlığa aid bilik və təcrübələr ətrafında qruplaşdırılmışdır. "Azərbaycan qeyri-maddi irs nümunələrinin Dövlət Reyestri"nin məlumat bazasında isə həmin nümunələr diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyaya ayrılmışlar. Diyarşünaslıq bölməsinə Azərbaycan etnoqrafiyasına dair nümunələr – sosial təcrübələr, mərasim və bayram mədəniyyəti, kainat və təbiətə dair bilik və təcrübələr, folklor bölməsinə şifahi ənənə və ifadə formaları, ifaçılıq sənətləri, sənətkarlıq bölməsinə isə ənənəvi sənətkarlıq nümunələri daxil edilmişdir.
Dövlət Reyestrinin məlumat bazası “Əsas səhifə”, “Reyestr haqqında”, “Reyestr”, “Azərbaycan nümunələri YUNESKO siyahılarında”, “Ermənistanın təcavüzü”, “Xəritə”, “Xəbərlər”, “Təkliflər” və “Əlaqə” bölmələrindən ibarətdir.
Əsas səhifə “Günün nümunəsi” və “Xəbərlər” rubrikalarından, Dövlət Reyestrinin mündəricatındakı kateqoriya və sinfə aid məfhumlardan, YUNESKO domenlərindən, sadə və ətraflı axtarış bölmələrindən ibarətdir. “Sadə axtarış” bölməsində ancaq saytdan yüklənmiş məlumatlar arasından, daha dəqiq desək, “Daşıyıcı”, “Təşkilat”, “Xəbərlər” və “Xəritə” bölmələri üzrə axtarış etmək mümkündür. Daha geniş axtarış aparmaq üçün “Ətraflı axtarış” bölməsini seçmək lazımdır. İstifadəçilər bu bölmədə müxtəlif parametrlər – nümunənin adı, mündəricat, YUNESKO domeni, daşıyıcı, təşkilat, region üzrə, həmçinin açar sözə görə axtarış edə bilərlər. Bundan əlavə, əsas səhifədə daha iki sahə üzrə də axtarış imkanı gətirilmişdir. Bunlardan biri kateqoriya və sinfə aid məfhumlardır ki, istifadəçilər əsas səhifədəki diyarşünaslıq, folklor və sənətkarlıq və onlara tabe siniflərdən hər hansı birini seçməklə onun səhifəsinə keçə bilərlər. Digər axtarış imkanı isə YUNESKO domenləri üzrə gətirilmişdir. Əsas səhifədəki YUNESKO domenlərindən hər hansı birini seçməklə ona aid nümunələrlə tanış olmaq mümkündür.
Reyestrin yaranması zərurəti, onun strukturu, əhəmiyyəti haqqında məlumatlar “Reyestr haqqında” bölmədə öz əksini tapmışdır.
Azərbaycanın qeyri-maddi mədəni irsi haqqında zəruri məlumatların toplandığı “Reyestr” bölməsi reyestrin mündəricatından, daşıyıcı və təşkilat hissələrindən təşkil olunmuşdur. İstifadəçilər müvafiq bölmələrə daxil olmaqla Reyestrə alınmış nümunələrlə tanış ola, qeyri-maddi mədəni irs nümunələrinin daşıyıcıları və təşkilatlar haqqında məlumat əldə edə bilərlər.
Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyaya ayrılmışdır. Həmin kateqoriyaya daxil olan məfhumlar siniflərə, növlərə, janrlara və qruplara görə qruplaşdırılmışdır. İstifadəçilər “Reyestr” bölməsində “Mündəricat" səhifəsini seçməklə mündəricatın tam variantı ilə tanış ola, eyni zamanda müvafiq nümunəni seçməklə onun səhifəsinə keçə bilərlər. Qeyri-maddi mədəni irs nümunəsinin öz səhifəsi elmi mütəxəssislər tərəfindən hazırlanmış nümunə haqqında arayışdan, nümunəyə aid foto və videolardan, nümunənin pasportundan, daşıyıcı və təşkilat, nümunənin yayıldığı areal və ona tabe nümunələr haqqında məlumatlardan ibarətdir. Mündəricat-nümunə səhifəsində nümunəyə tabe məfhumların siyahısı verilmişdir. Nümunənin səhifəsindən çıxmadan həmin məfhumlardan hər hansı birini seçməklə onun səhifəsinə keçmək mümkündür.
Nümunənin arayışı YUNESKO-nun tələbləri çərçivəsində tərif/təsvir, təsnifat, tarix və yayıldığı areal əhatə olunmaqla həmin sahə üzrə çalışan elmi mütəxəssislər tərəfindən hazırlanmışdır. Arayışların hazırlanmasında AMEA-nın Folklor, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət İnstitutları yaxından iştirak etmişlər. Fotoqalereya və mediateka hissələrinin təşkilində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Milli Kulinariya Mərkəzinin və Dövlət Film Fondunun, biblioqrafiyanın təşkilində isə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının materiallarından istifadə olunmuşdur.
Saytın “Sənədlər” bölməsində mədəniyyət sahəsində qəbul olunmuş milli normativ-hüquqi aktlar və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq normativ-hüquqi aktlar, “Azərbaycan nümunələri YUNESKO siyahılarında” səhifəsində isə YUNESKO-nun Reprezentativ siyahısına daxil edilmiş Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri öz əksini tapmışdır. “YUNESKO siyahılarında bax” və “Reyestrdə bax” ifadələrindən birini seçməklə həmin nümunələrin müvafiq saytlardakı səhifələri ilə tanış olmaq mümkündür.
“Ermənistanın təcavüzü” bölməsində Ermənistanın Azərbaycana təcavüzü haqqında qısa məlumat, bu təcavüzün nəticələrini əks etdirən foto və video materiallar, bu sahə üzrə vacib elmi ədəbiyyatlar, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərini əks etdirən xəritə verilmişdir.
Saytın “Xəritə” səhifəsində istifadəçilər xəritədə müvafiq şəhər və ya rayonu seçməklə inzibati ərazi vahidi haqqında qısa məlumatla, həmin əraziyə məxsus qeyri-maddi mədəni irs nümunələri ilə tanış ola bilərlər.
Azərbaycanda qeyri-maddi mədəni irs sahəsindəki son yeniliklər saytın “Xəbərlər” bölməsində verilmişdir. “Təkliflər” bölməsində istifadəçi müvafiq bəndləri doldurmaqla sayt haqqında irad və təkliflərini verilmiş ünvana göndərmək imkanına malikdir. “Əlaqə” bölməsində isə reyestrin fəaliyyət göstərdiyi ünvan, əlaqə telefonu və e-mail ünvanı öz əksini tapmışdır.
"Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin siyahısına 5000-ə yaxın nümunə daxil edilmişdir. Siyahıdan kənarda qalan nümunələrin olduğu nəzərə alınsa, gələcəkdə bu rəqəmin indikindən bir neçə dəfə çox olacağı şübhə doğurmur. Hazırda mündəricat nümunələrin səhifəsi tam formalaşdırılmış, arayış, şəkil, video materiallar, həmin sahə üzrə vacib araşdırmalarla təmin olunmuşdur. Gələcəkdə digər nümunələrin səhifəsi də bu şəkildə formalaşdırılacaqdır.