AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dekorativ sənət

Nümunənin reyestr kodu : SD0000000001

Azərbaycanda dekorativ sənət incəsənətin rəssamlığı özündə birləşdirən əsas növlərindən biridir. Bu sənəti digər sahələrdən fərqləndirən cəhət dekorativ sənət məhsullarının bədii tərtibatıdır. Dekorativlik bu sənət məhsullarının təkcə bəzədilməsində deyil, həm də quruluşunda, zahiri formasında əks olunur. İnsanlar bu məhsullardan gündəlik həyatda istifadə etdikləri üçün dekorativ sənət məmulatı insan məişətinin ayrılmaz parçasıdır, gündəlik həyatımızı onlarsız təsəvvür etmək mümkün deyil. Dekorativ sənətlərə ənənəvi sənətkarlıq sahələri – toxuculuq, xalçaçılıq, tikmə, milli geyim, şəbəkə sənəti və s. daxildir.

Dekorativ sənətin Azərbaycanda ən inkişaf etmiş və geniş yayılmış sahələrindən biri toxuculuqdur. Bunun da əsas səbəbi Azərbaycanda toxuculuğun inkişafı üçün zəngin xammal bazasının olmasıdır. Məhz buna görə toxuculuq Azərbaycanın nəinki böyük sənətkarlıq mərkəzlərində, hətta kiçik yaşayış məntəqələrində belə əhalinin əsas məşğuliyyət sahələrindən birinə çevrilmişdi. Təbrizdə, Şamaxıda, Gəncədə, Şəkidə, Ərdəbildə, Dərbənddə və Şuşada çoxlu ipək, pambıq və yun parçalar istehsal edilirdi. Azərbaycanın Salyan, Basqal, Mücü, Cavad kimi kiçik ticarət və sənətkarlıq mərkəzlərində öz sənətlərinin əsl ustası olan çoxlu sənətkarlar yaşayırdı.

Azərbaycanda toxuculuq ev sənəti xarakteri daşımışdı. İpək və pambıq parçalar fabrikdə deyil, daha çox şəhər əhalisi tərəfindən evlərdə istehsal edilirdi. Bu sənətlə, əsasən, qadınlar məşğul olurdular. Onlar vaxtlarının böyük hissəsini yun, pambıq və ipək əyirməyə sərf edir, əyirdikləri saplardan isə parça toxuyurdular. Toxuculuq məhsullarının istehsal texnikasında yüzilliklər ərzində ciddi dəyişikllik baş verməmiş, sadə və primitiv dəzgahlar tətbiq olunmaqla bu iş icra olunmuşdu. Bununla belə, Azərbaycan toxucuları sadə dəzgahlarla da daxili və xarici bazarlarda şöhrət tapmış yüksək keyfiyyətli məhsul istehsal etməyi bacarmışlar. Azərbaycan toxucularının istehsal etdiyi mov, darayı, zərbaft, qanavuz, cecim, bez, qələmkar və s. ipək və pambıq parçalar yalnız daxildə deyil, xarici bazarlarda da adla tanınırdı.

Dekorativ sənətin geniş yayılmış sahələrindən olan xalçaçılıq maldarlıqla məşğul olan əhalinin məişət fəaliyyəti ilə bağlıdır. Yaranması miladdan əvvələ gedib çıxsa da, müstəqil sənət sahəsi kimi formalaşması erkən orta əsrlərə təsadüf edir. Yunun bolluğu, təbii boyaq vasitələrinin çoxluğu, məişətdə xalça-palaz məmulatına böyük tələbat, qadın əməyindən geniş istifadə xalçaçılığın inkişafını şərtləndirən əsas amillərdir. Azərbaycan xalçaçıları həm öz tələbatını ödəmiş, həm sifariş almış, həm də bazar üçün məhsul istehsal etmişlər.

Müəyyən inkişaf mərhələsi keçən Azərbaycan dekorativ sənəti siyasi, iqtisadi və ictimai quruluşdan asılı olaraq müxtəlif forma və bədii xüsusiyyətlər əldə etmişdi. Rasim Əfəndinin yazdığına görə, XII-XIII əsrlər dekorativ sənət nümunələrinin bədii tərtibatında daha çox həndəsi, stilizə edilmiş nəbati ornamentlərdən, insan və heyvan təsvirlərindən istifadə olunurdusa, XV əsrin əvvəllərindən başlayaraq real səpkili nəbati ornamentlər daha geniş yayılmışdı. XI-XIII əsrlər ornamentlərinə xas qrafik üslub bu dövrdə aradan çıxmış və boyakarlıq sənətini xatırladan yeni üslubla əvəzlənmişdi. XVI-XVII əsrlərdə isə dekorativ sənət nümunələrində ilk dəfə olaraq insan təsviri qabarıq şəkildə ön plana çıxır. Belə təsvirlərin yaranmasında Təbriz miniatür məktəbinin böyük rolu olmuşdu. Dövrün xalça ustaları miniatürçü rəssamların əsərləri əsasında müxtəlif süjetli xalçalar toxuyurdular. Bu xalçalarda məişət və ov səhnələri, Şərq şairlərinin əsərlərindən götürülmüş kompozisiyalar təsvir edilirdi. Süjetli kompozisiyalar əsərin formasından, materialından asılı olmayaraq dövrün bütün əşyalarında öz əksini tapmışdı.

Azərbaycan dekorativ sənəti bu gün də professional sənətkarların yaradıcılığı əsasında öz zənginliyini və inkişafını davam etdirir.