Milli geyim
Nümunənin reyestr kodu : SD0300000001
Azərbaycanın zəngin maddi mədəniyyət irsi kompleksində milli geyimlərin – qiyafələrin özünəməxsus yeri vardır. Uzun sürən tarixi inkişaf prosesinin nəticəsi olan Azərbaycan geyim mədəniyyəti yerli təbii-coğrafi şəraitin, əhalinin təsərrüfat məşğuliyyətinin istiqamətinin, sosial-iqtisadi inkişafın gerçək səviyyəsinin, sosial təbəqələşmə və ictimai fərqlərin, eləcə də xalqımızın etno-sosial birliyində qərarlaşan etnoslarla qarşılıqlı təmas, etno-sosial, etno-siyasi və etno-mədəni əlaqələrin yaratdığı müştərək zənginləşmənin fəal təsiri altında formalaşmışdır. Onun formalaşmasında xalqın mənəvi-əxlaqi, psixoloji-ideoloji baxışlarının, dünyagörüşünün, onun yaradıcı əməyinin, empirik bilik və təcrübəsinin, nəsillərdən-nəsillərə əmanət kimi ötürülən sənət-peşə vərdişlərinin rolu da inkaredilməzdir.
Azərbaycan qiyafələrini bütün tarixi-etnoqrafik bölgələr üzrə qadın geyimləri, kişi geyimləri və uşaq geyimləri olmaqla üç dəstə ayırmaq olar. Milli geyimləri həm də mərasim geyimləri (toy, bayram, yas, qonaqlıq və s.), əhalinin müxtəlif sosial qruplarının peşə mənsubiyyəti ilə əlaqədar geyimlər, mövsümi səciyyəli geyimlər, dini zümrələrə məxsus geyimlər və s. kimi də fərqləndirə bilərik. Azərbaycanın ənənəvi qadın, kişi və uşaq geyimləri özünün zəngin və çeşidli nümunələri, biçim üsulu, tikiş texnologiyası, bədəndə gözəl görünməsi, simmetrik ölçüləri, süjeti, bu süjetin dekorativ həlli, parça və bəzək seçimi, rəng uyarlığının yaratdığı əsrarəngiz harmoniya ilə daim başqa xalqların geyimlərindən seçilmiş, abır-həya, ismət və paklıq, qadın gözəlliyinin ülviyyət meyarı, kişi əzəmətinin, xarakter və vüqarının milli ləyaqət göstəricisi olmuşdur.
Mütəxəssislər geyim mədəniyyətinin başlanğıcını miladdan əvvəl 40-25-ci minilliklərə (Üst Paleolit dövrünə) aid edirlər. Sonralar “Neolit inqilabı”nın nəticəsi olaraq hörmə toxuculuğunun meydana gəlməsi (miladdan əvvəl VII-VI minillik), eramızın ilk əsrlərində dəzgah toxuculuğunun təkmilləşməsi yeni-yeni geyim tiplərinin yaranmasını şərtləndirmiş, bütün orta əsrlər boyu bu proses davam etmiş və XIX-XX əsrlərin əvvəllərində artiq milli geyim dəsti tam formalaşaraq kamil maddi mədəniyyət kompleksi səviyyəsinə çatmışdır. XIX əsrdə Azərbaycanda zəngin xammal bazasına malik olan qoyunçuluq, qaramal, ipəkçilik, texniki bitkilər əkini və b. təsərrüfatların varlığı, eləcə də təbii xammal ehtiyatı ənənəvi ev peşəsi və kustar sənət sahələrinin (hörmə və toxuma məmulat istehsalı, şərbaflıq, şalbaflıq, bəzzazlıq, kətançılıq, dəriişləmə və s.) inkişafına rəvac vermiş, bu sənət sahələri isə xalq geyim materiallarının istehsalçıları olmuşdur. Bu dövrdə Azərbaycanın Şəki, Şuşa, Şamaxı, Bakı, Gəncə, Quba, Naxçıvan və b. şəhərləri geyim materialları və qiyafələrinin istehsal və xırıd edildiyi başlıca sənət-istehsal və ticarət mərkəzləri kimi formalaşmışdır. Ənənəvi qadın geyimi-qiyafəsi alt və üst köynəyi, cütbalaq (cüttuman, taylı tuman), darbalaq (dizlik), çaxçur, nifəli tuman, içlik, döşlük (önlük), çəpkən, nimtənə, arxalıq, ləbbadə, çərkəzi, kürdü, küləcə, baharı və müxtəlif adlı baş və ayaq geyimlərindən ibarət olmuşdur.
XIX-XX əsrin əvvəllərində milli kişi geyimi - qiyafəsi biçim üsulu və tikiş tərzinə görə ümumqafqaz səciyyəsi daşımaqla, bəzi lokal-məhəlli xüsusiyyətləri ilə seçilmişdir. Buraya alt (can) və üst köynəyi, dizlik, şalvar, arxalıq, içlik (canlıq, cılıtqa, pambıqlı), çuxa, kürk, yapıncı, xillik, çopoz və s. aid edilmişdir. Bu geyimi müxtəlif formalı və adlı baş və ayaq geyimləri tamamlamışdır. Bu geyimlər gündəlik (iş paltarı) və boğçalıq (xeyir-şər paltarı) olmaqla iki dəstdən ibarət hazırlanmışdır. Bəzi kişi geyim tipində (kürk, arxalıq, çuxa, yapıncı, çopoz və s.) ümumqafqaz və hətta ümumtürk paralelləri izlənir.
Uşaq geyimlərinə gəldikdə isə, onlar bütünlüklə böyüklərin (kişi və qadınların) milli libaslarının eyni biçimdə, lakin kiçik ölçüdə təkrarından ibarət olmuşdur. Bununla belə uşaq çağa vaxtından müəyyən yaş həddinə çatana qədər onun geyimlərində fərqlər olmuşdur. Onlara qırxı çıxana qədər qırx papağı və qırx köynəyi, bir qədər sonralar isə oğlan uşaqlarına nifəli, aşırmalı və finka tipli şalvar geydirilmişdir. Keçmişdə qız uşaqlarının geyimləri rəng əlvanlığı, estetik gözəlliyi, biçimin xüsusi əndazəsi, narın tikiş texnologiyası, asma və tikmə bəzəklərin çoxluğu ilə səciyyələnmişdir. Sosial mənsubiyyət və sinfi fərqlər bu geyimlərdə daha çox diqqəti cəlb edir.
XIX-XX əsrin əvvəllərinə qədər özünün milli-etnik xüsusiyyətlərini, tikiş texnikasını, məhəlli-lokal spesifikasını qoruyub saxlayan Azərbaycan xalq qiyafələri XX əsrin ikinci yarısından başlayaraq rus, Avropa və bütövlükdə dünya geyim mədəniyyətinin fəal müdaxiləsi nəticəsində büsbütün yenilənmiş, xalqın uzun müddət böyük qayğı ilə qoruyub saxladığı və istifadə etdiyi ənənəvi geyim dəstləri muzey eksponatına çevrilmişdir. Hazırda bu qiyafələri milli bayramlarımız zamanı rəqs kollektivlərinin əyinlərində, xalqın milli dəyərlərinə önəm verən ayrı-ayrı televiziyaların ekranlarında görə bilirik.
-
XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti
Fəzail Vəliyev
2010
-
Azərbaycanın milli geyimləri
Albomu tərtib edənlər: M.İ.Atakişiyeva, M.Ə.Cəbrayılova, V.M.İslamova
1972
-
Azərbaycanın maddi mədəniyyət nümunələri
Rasim Əfəndiyev
1960
-
Naxçıvan milli geyimləri
2010
-
Qarabag geyimləri elektron albomu
Layihə rəhbəri Nurəddin Mehdiyev
2016
- Biblioqrafiya və tərtibçi