Baş geyimləri
Nümunənin reyestr kodu : SD0302000002
Azərbaycanın milli geyimlərinin tərkib hissəsi olan baş geyimləri tipoloji təsnifat baxımından qadın, kişi və uşaq baş geyimlərinə ayrılır. Baş geyimləri parça, keçə və dəridən hazırlanıb tez sıradan çıxdığına görə qədim dövrlərin baş geyimləri haqqında fikir söyləmək çətinlik törədir. Ancaq ilk orta əsr yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da tac, baş sarığı (çalma, dolbənd), börk, külah, niqab, duvaq, yaşmaq, çənbər (dingə) kimi baş geyimlərindən bəhs olunur. XII əsr intibah dövrünün böyük şairi Nizaminin “Xəmsə”sində baş geyimləri kimi papaq, əmmamə, çalma xatırlanır. Orta əsrlərdə Azərbaycanda kişi və qadın baş geyimləri içərisində çalma-əmmamə, örpək, nimtac, tiyar, yun şal, kəlağayı, çarqat, duvaq, niqab, rübənd, yaylıq, külah, “dövrbənd” adlanan qızılbaş papağı və s. üstünlük təşkil etmişdi. Artıq XIX-XX əsrin əvvəllərində baş geyimləri kompleksi tam bərqərar olmuşdu.
Abır-həya, ismət və bakirəlik, qadın gözəlliyinin ülviyyət meyarı sayılan baş geyimləri şərqli qadınların daim milli ləyaqət göstəricisi olmuşdu. Bu geyim tipləri çeşidlərinin müxtəlifliyi, yüksək bədii tərtibatı və bəzək harmoniyası, başlıcası isə öz mühafizəkarlığı ilə digər geyim tiplərindən fərqlənmiş, Azərbaycan qadınlarının sosial-iqtisadi vəziyyətini, estetik zövqünü, etnik və sinfi mənsubiyyətini aydın əks etdirmişdi. Şərq aləmində qadınların nəinki naməhrəm yanında, hətta evdə belə başıaçıq gəzməsi qəbahət hesab olunduğundan, baç geyim tiplərinin çoxluğu və müxtəlifliyi də, görünür ki, bununla bağlı olmuşdu. Qadın baş geyimləri qoyma və bağlama (örtmə) olmaqla iki qrupa bölünür. Birinci qrup baş geyimlərinə çutqu, düyməçə, araqçın (təsək), dingə, ikinci qrup baş geyimlərinə isə müxtəlif ölçülü və adlı ləçək, çalma, kəlağayı, şal, örpək, eləcə də niqab, rübənd, çutquqabağı, çadra, çarşab, duvaq və s. aid edilir.
Azərbaycan qadınlarının örtmə (bağlama) baş geyiminin bir qismini kəlağayı təşkil edir. Həm yerli kustar istehsala məxsus Gəncə, Şəki, Şamaxı, Basqal kəlağayıları, həm də gətirilmə kəlağayılar (“kolxana” və ya “korxana”, “qonşuçatladan”, “saçaqlı kəlağayı”, “bağdatı”, “heratı”, “hələbi” və s.) geyim dəstində əsas yer tutur. Qeyd edək ki, Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə 2014-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdi.
Ənənəvi kişi geyim kompleksinin mühüm elementi olan papaq xalq arasında həmişə şərəf, qeyrət və namus simvolu kimi dəyərləndirilmiş, ictimai yerlərdə, ailədə başıaçıq gəzmək qəbahət sayılmış, papağın itirilməsi və ya oğurlanması təkcə şəxsin özünün deyil, onun mənsub olduğu nəslin də təhqir edilməsi hesab olunmuşdu. Azərbaycanlı kişilər namazqabağı dəstəmaz ayini istisna olmaqla, nə süfrə başında, nə də gecə yatağında başıaçıq olmağı qəbul etməmişlər. Yataqda ya papaq dəyişdirilərək gecə papağı ilə (шəbkülah) əvəz olunmuş, ya da başa sarıq bağlanmışdı. Buna görə də XIX-XX əsrin əvvəllərində Azərbaycanda kişi baş geyimlərinin məhəlli-etnik xüsusiyyətlərinə, formasına, materialına, işlənmə tərzinə, dəyərinə və hətta rənginə görə fərqlənən çoxlu tipləri olmuşdu. Ənənəvi kişi baş geyimləri müxtəlif növ materiallardan (dəri, keçə, parça) hazırlanmaqla, həm tikili, həm də bağlama formasında olurdu. Tikili baş geyimlərinə müxtəlif formalı və adlı dəri və keçə papaqlar, araqçın (təsək və yaxud tərlik), başlıq; bağlama baş geyimlərinə isə baş dəsmalı (sarıq), çalma və əmmamə daxil idi. Baş geyimləri içərisində yerli qoyun dərisindən hazırlanmış papaqlar, xüsusilə üstünlük təşkil edirdi. Lakin bununla belə, varlı şəxslər öz papaqlarını Krım və Orta Asiyadan gətirilmə qaragül dərisindən tikdirirdilər. Yerli əhali arasında bu dəridən tikilən papaq “Buxara papaq” adlanırdı.
XIX-XX əsrin əvvəllərində kişi və qadın baş geyimlərinin əksəriyyəti artıq istifadədən çıxsa da, bəziləri (dəri papaqlar, sarıq, buxara papaq, eləcə də kəlağayı, yaylıq, şal, örpək və s.) hələ də xalqın istifadəsindədir.
-
Azərbaycan geyim mədəniyyəti tarixi
Sabirə Dünyamalıyeva
2003
-
XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti
Fəzail Vəliyev
2010
-
XIX əsrin sonu-XX əsrin əvvəllərində qadın geyimləri və baş bəzəkləri
İbrahimova G.İ.
2009
-
"Qarabağ geyimləri" elektron albomu
Layihə rəhbəri Nurəddin Mehdiyev
2016
- Biblioqrafiya və tərtibçilər