Yaylıq
Nümunənin reyestr kodu : SD0302000015
Azərbaycanın ənənəvi qadın geyimləri içərisində baş geyimləri həmişə xüsusi yer tutmuşdur. Abır-həya, ismət və bakirəlik, qadın gözəlliyinin ülviyyət meyarı sayılan bu geyimlər şərq qadınlarının ləyaqət göstəricisi olmuşdur. Şərqdə qadınların nəinki namərhəm yanında, evdə belə başıaçıq gəzməyi qəbahət sayıldığından, onların həmişə başı örtülü olması sanki yazılmamış qanun şəklini almışdı. Qadın baş geyimi növlərinin çoxluğu və müxtəlifliyi də, görünür, bu mülahizələrdən irəli gəlmişdir.
Azərbaycanda örtmə (bağlama) qadın baş geyimləri içərisində mühüm yer tutan yaylıq parça materialından hazırlanmaqla, kəlağayı və örpəyə nisbətdə kiçik ölçüdə olurdu. Ümumiyyətlə, Azərbaycan bölgələrində yaylıq termini altında çox zaman örtmə (bağlama) baş geyimlərinin bütün növləri başa düşülmüşdür. Yəni, kəlağayı da, örpək də, baş şalı da, bir qayda olaraq, baş yaylığı adlandırılmışdır. Bizcə, yaylıq adı bütün baş örtüklərinə deyil, ölçülərinə görə kiçik, bəzək-naxış elementlərinə görə dəbdəbəli olmayan, ucuz pambıq parçalardan (çit, şilə, qədək və s.) düzbucaqlı və ya kvadratşəkilli hazırlanan baş örtüklərinə şamil edilməlidir. Varlıların baş yaylığının ipək parçadan olması, şübhəsiz ki, istisnadır.
Etnoqrafik materiallardan aydın olur ki, XIX əsrdə Azərbaycan bölgələrində qadın baş yaylıqlarının məhəlli-lokal səciyyəsinə görə seçilən müxtəlif növlərindən (ləçək, çəki, qaşbənd, qıyqac, xınabənd (xına ləçəyi), pelandı, qıymaça, qadar və s.) geniş istifadə olunurdu. Müxtəlif adlarla tanınmalarına baxmayaraq, onların əksəriyyətinin ölçüləri və forması eyni idi. Onlar təxminən 50x50 sm, 60x60 sm, 50x60 sm, bəzən də 70x80 sm ölçülərdə hazırlanaraq çox zaman əməli məqsədlər üçün istifadə edilirdi. Məsələn, Şamaxıda çutqunun üstündən qıyqacı qatlanmış ipək yaylıq örtmək dəb halını almışdı. Yaylığı başa örtmək üçün onun ortası alına düşmək şərti ilə ucları arxaya aparılıb hörüklərin altından çal-çarpaz keçirilirdi. Daha sonra yaylığın qanadları qabağa qaytarılır və öndə hər bir qanadı geriyə döndərilməklə yenidən boyunun ardında bir-birinə bağlanırdı.
Naxçıvanda kasıb qadınlar başlarına “qaşbənd” adlanan çarqatı bağlayandan sonra onun üstündən kəlağayı örtürdülər. Qaşbənd, adətən, hər iki ucunda qarmaq olan “boğazaltı” vasitəsi ilə başa bərkidilirdi. Qaşbəndin üstündən bağlanan kəlağayı və ya saçaqlı ipək yaylıq (örpək) qıyqacı qatlanıb, ortası başın təpəsinə düşmək şərti ilə ucları qoşalaşdırılırdı. İmkansız, kasıb ailədən olan qadınlar başlarına güllü ləçək bağlamaqla kifayətlənirdilər. Bəzən başa təsək qoyulandan sonra onun üstündən ləçək və ya çəki adlanan kiçik yaylıq bağlayırdılar. Ən geniş yayılmış ləçək bağlama üsulu bundan ibarət idi ki, başa qıyqacı (üçkünc) salınmış yaylığın ucları çənənin altında çalkeçir edilməklə boynun arxasında düyünlənirdi. Digər bir bağlama üsulunda isə ləçəyin ucları boynun arxasında bir dəfə düyünlənəndən sonra uclarını qulaqların üstündən gətirib alında düyünləyirdilər.
Xınabənddən və xına ləçəyindən adətən, xınayaxdı mərasimində istifadə edilirdi. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda 20-yə yaxın xına ləçəyi mühafizə olunur. Gəlinin əl və ayaqlarına yaxılmış xına xınabəndlə, saçına yaxılan xına isə xına ləçəyi ilə bağlanırdı. Xınabənd iki ədəd olmaqla, üçkünc formada qırmızı rəngli parçadan (əsasən zərxaradan) tikilirdi.
Yaylıqlar baş yaylığı və cib yaylığı (dəsmal) olmaqla iki qrupa bölünür.
Yaylıq (xüsusilə də cib yaylığı) haqqında yetərli məlumatı “Kitabi-Dədə Qorqud” eposundan alırıq. Dastanda yalnız bir yerdə cib yaylığından söhbət gedir ki, o da dəsmal adlandırılır. Baybura bəy deyir ki, “oğlum idiyin ondan biləyim (ki,) sırça barmağını qanatsın, qanını dəsmalına sürtsün, gözümə sürəyin. Açılacaq olursa, oğlum Beyrəkdir”. Sözügedən eposda qadın baş örtüklərindən söz açılmasa da, güman edirik ki, qadın baş yaylığı elə o zamandan geyim dəstinə daxil edilmişdir.
Yayılma arealına gəldikdə baş yaylığı müxtəlif məhəlli adlarla Azərbaycanın bütün bölgələrində istifadədə olmuşdur. Baş yaylığı Lənkəran-Astara bölgəsində ”pelandı”, Zaqatala bölgəsində “qadar” (“qədər”), ingiloylar arasında “çikilə” (“çikila”), Qərb bölgəsində və Gürcüstan azərbaycanlıları arasında isə “çəki” və ya “qıymaça” adlanırdı.