AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qələmkar parça

Nümunənin reyestr kodu : SD0401030002

Azərbaycanın ənənəvi pambıq parçaları arasında qələmkarlıq üsulu ilə bəzədilib hazırlanmış məmulatlar xüsusi yer tuturdu. Qələmkar süfrə, pərdə, canamaz, dəsmal (məhrəba) və s. yaxın keçmişədək şəhər və kənd əhalisinin ev məişətində ən zəruri bəzək məmulatı olaraq qalmaqda idi. Keçmişdə ailənin bütün güzəranı döşəmə üzərində keçdiyindən, adətən, döşəmə suvanıb şirələnər, ailənin maddi imkanından asılı olaraq xalça-palaz döşənər, üstünə mütəkkə-döşək dəstləri qoyular və yemək öynəsi də döşəmə üzərində icra olunardı. Yemək öynəsi zamanı ortalığa açma (dəstərxan) və ya qələmkar süfrələr salınardı. MATM Etnoqrafiya Fondunda belə süfrələrin bir neçə nümunələri vardır. Yerliyi sürməyi rəngli, üstü ağ basma naxışlı olan bir qələmkar süfrənin (EF 6199) üstündə həndəsi ornamentlər və quş təsvirləri vardır. Onun ölçüləri 192 x 92 sm-dir. Digər bir qələmkar süfrənin (EF 150) uzunluğu 200 sm, eni isə 155 sm-dir. Dördbucaqlı, tünd boz rəngli parça üzərində müxtəlif rəngli ipək saplarla təkəlduz və qondarma tikişli olan süfrənin (EF 7429) mərkəzindəki xonçada və ətrafında olan medalyonlarda nəbati, həndəsi naxışlar və quş təsvirləri vardır. Süfrənin ətrafına ipək qaytan tikmələnmişdir. Süfrə XIX əsrdə Rəşt şəhərində (İran) tikilmiş, Azərbaycanda istifadə olunmuşdur. Qələmkar məmulatının bəzədilib hazırlanması nisbətən mürəkkəb texnoloji proses olub, spesifik iş üsulu və müəyyən qədər peşə səriştəsinə malik ixtisaslı usta əməyi tələb edirdi. Ona görə də qələmkar parça məmulatının istehsalı kütləvi səciyyə ala bilməmiş və xüsusi qələmkar dükanlarında cəmləşmişdi.

Ənənəvi nəqqaşlıq sənətinin mühüm sahələrindən biri olmaq etibarilə qələmkarlıq peşəsinin özünəməxsus istehsal texnologiyası yaranmışdır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, qələmkarlıq məmulatı çox vaxt “ədədi” qaydada toxunur, sonra müxtəlif naxış motivləri ilə bəzədilirdi. Bəzən isə arşınnüma toxunmuş pambıq parçaları (ağ, bez, mitqal) satın alan qələmkar usta onu müvafiq ölçüdə kəsib “kargah” adlanan çərçivəyə çəkir və üzərində qatı boya ilə lazımi naxışlar salırdı. Bir qayda olaraq, qələmkar boyası məmulat üzərinə yaxılmazdan əvvəl parça (bez və ya mitqal) əhəng və qəlyədaşı qatışığından hazırlanmış xüsusi qələvi məhlulda bişirilib ağardılır və toxumaları sıxlaşdırılırdı. Bunun üçün xam bez və ya mitqal əvvəlcə soyuq suda yuyulub çirkdən təmizlənir, sonra əhəngqarışıq qəlyədaşı məhlulunda qaynadılırdı. Parçanın ağarıb “bişdiyi” bəlli olandan sonra onu sərib qurudur və kargaha çəkib üzərində qarğı qələm vasitəsi ilə müvafiq nəqş-bəzək əməliyyatı aparılırdı.

Qələmkar boyası, adətən, solmayan təbii boyaq bitkilərindən, həm də rəngaba nisbətən qatı hazırlanırdı. Bunun sayəsində boyanın rəngi parçanın astar üzünə keçmirdi. Tələb olunan naxış motivinin mühit xətlərinə müvafiq olaraq, qatı boya xüsusi qələm vasitəsilə məmulat üzərinə yaxılırdı. Qarğıdan düzəldilmiş qələmkar qələminin nazik və enli ucu həm də dilimlənib çərtlənir və fırça halına salınırdı. Nəqş xətlərinin enli və ensiz düşməsi qələmin köməyi ilə təmin edilirdi. Bunun üçün qələmi, nəqşin mühit xəttləri üzrə çəp və ya düz çəkmək lazım gəlirdi. Ucu boyağa batırılmış qələmi parça üzərinə çəp vəziyyətdə çəkdikdə nəqş xətləri nazik, düz çəkdikdə enli düşürdü. Qələmkarlıq məmulatlarının hazırlanmasında həm süjetli, həm də ornamental nəqş motivlərindən geniş istifadə olunmuşdur. Bununla belə, süjetli məmulat növləri çox vaxt sifarişlə hazırlandığından, onların istehsalı müəyyən qədər məhdud səciyyə daşıyırdı. Adətən, bu məmulatların haşiyəsində Quran və ya Şərq şairlərinin əsərlərindən əxz olunmuş ibrətamiz kəlamlar yazılırdı. Süjetli məmulatlardan fərqli olaraq, kütləvi səciyyə daşıyan və satış məqsədilə istehsal olunan məmulat növləri, adətən, ornamental naxış nümunələri ilə bəzədilirdi. Bu bəzək nümunələri arasında buta, qönçə, zanbaq, budaq, badam, sərv ağacı və b. bəzək motivlərinə daha çox təsadüf edilirdi. Bəzən isə məmulatın bəzədilməsində həndəsi və astral səciyyəli nəqş ünsürlərindən də istifadə olunurdu.

Qələmkarlıq məmulatları süfrə, pərdə, canamaz, dəsmal (məhrəba) kimi çeşidli növləri ilə bir-birindən fərqlənirdi. Onlar süjetli və ornamental nəqşləri ilə də seçilirdilər.

Qələmkarlıq məmulatlarının ən çox hazırlanması orta əsrlər dövrünə təsadüf edir. Orta əsrlərdə Azərbaycanın qələmkar parça istehsalı mərkəzləri arasında ənənəvi pambıqçılıq mərkəzləri sayılan Təbriz, Mərənd, Marağa, Naxçıvan, Ordubad, Gəncə xüsusilə fərqlənirdi. Ö.Çələbinin yazdığına görə, Naxçıvanın qələmkar parçaları, basma çit süfrələri bütün dünyada məşhur olmuşdur. XVII əsrdə Azərbaycan şəhərlərinin say və xüsusi çəkisinin artması ilə əlaqədar olaraq ənənəvi parça toxuculuğu və paltar istehsalı emalatxana və müəssisələri şəhərlərdə daha çox cəmləşməyə başlayır. Bu dövrdə ən böyük toxuculuq mərkəzləri yenə də Təbriz, Ərdəbil və Şamaxı şəhərləri olmuş, bununla yanaşı, digər Azərbaycan şəhərləri – Gəncə, Naxçıvan, Ərəş, Marağa, Ordubad, Dehharqan və Mərənd də vacib istehsal mərkəzləri kimi seçilmişdir. XVIII-XIX əsrlin brinci yarısında daha da inkişaf edən qələmkarlıq məmuları istehsalı, XIX əsrin ikinci yarısından başlayaraq fabrik mallarının rəqabətinə duruş gətirə bilməyib, tənəzzül etmişdir.