Toxuculuq
Nümunənin reyestr kodu : SD0400000001
Azərbaycan xalqı özünün çoxəsrlik tarixində zəngin sənət irsi yaratmış və onun da böyük bir hissəsi nəsildən-nəsilə keçərək zəmanəmizədək gəlib çatmışdı. Belə sənət sahələrindən biri toxuculuqdur. Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti, müxtəlif təsərrüfat sahələrinin inkişafı, kifayət qədər xammal ehtiyatının, boyaq maddələrinin olması qədim zamanlardan burada toxuculuğun bir çox sahələrinin (həsirçilik, kətançılıq, xalçaçılıq, bəzzazlıq, şalbaflıq, şərbaflıq və s.) meydana gəlməsinə və inkişafına ciddi təsir göstərmişdi. Bunu təsdiq edən sübutlar – ip əyirmək üçün istifadə edilən sümük iy ucları, daşdan düzəldilmiş həvəngdəstələr, həmçinin həmin həvəngdəstələrin birinin içərisində nəzərə çarpan qırmızı rəng izləri arxeoloji qazıntılar zamanı Naxçıvandakı Kültəpə abidəsinin birinci (m.ə. IV-III minilliklər) və Mingəçevir yaşayış yerinin eneolit (mis-daş) mədəni təbəqələrindən aşkar edilmişdi. III-V əsrlərdə Atropatena və Albaniyada əkinçilik və maldarlıqla yanaşı, sənətkarlığın toxuculuq sahəsinin inkişafı barədə antik və orta əsr müəllifləri (Herodot, Ksenefont, Klavdi Ellian, M.Kalankatlı), həmçinin ölkəmizdə olmuş səyyahlar (M.Polo, A.Cenginson, A.Oleari və b.) da geniş məlumat vermişlər.
Həsirçilik ənənəvi toxuculuğun sucar sahələrdə yetişən lifli bitkilər (lığ, ziyalıq, cil), elastik ağac çubuqları, həmçinin dənli bitkilərin küləşindən istifadə edilərək hörmə texnologiyası əsasında intişar tapmış ən qədim sahəsidir. Azərbaycanın daha çox Lənkəran-Astara zonasında toxunan həsirlərin “hərəmi” (baş hərəmi, qoşa hərəmi), “nəlbəki gülü”, “zərəni gülü”, “doğanaq” (əyri doğanaq, girdə doğanaq, dəvəboynu, pişkəçanq (pişik caynağı), “saya”, “kəşli”, “ənzəli”, “ağnaxış” və s. olmaqla müxtəlif çeşniləri dəbdə sayılır.
Yun toxuculuğunun isə şalbaflıq (şalçılıq, mahudçuluq) və xalçaçılıq olmaqla iki əsas sahəsi tarixən daha geniş yayılmışdı. Şal istehsalı Qazax, Naxçıvan, Zəngəzur, Şuşa, Şamaxı, Göyçay qəzaları və Zaqatala dairəsi əhalisinin əsas məşğuliyyət növlərindən olub onların məişətində mühüm yer tutmuşdu. Lakin əhəmiyyətinə və iqtisadi səmərəliliyinə görə xalça-palaz istehsalı bütün dövrlərdə toxuculuq sənətkarlığının əsas sahəsi hesab olunur. Azərbaycan xalçaları texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz xalçalara bölünür. Xovsuz xalçalar toxuculuq sənətinin daha erkən dövrünə aid edilir. İnsanın köçəri həyat tərzi ilə sıx bağlı olub, köç arabalarının, çadırların üstünün, yan-yörəsinin örtülməsində istifadə olunan bu xalçalar, həm də pərdə, örtük, ayaqaltı kimi işlənir, döşəməyə salınırdı. Xovlu xalçalar isə toxuculuq sənətinin inkişaf etmiş mərhələsinin məhsuludur.
Əsasən, pambıq istehsalı ilə bağlı olan bəzzazlıq sənətinin tarixi də çox qədimdir. Mənbələrin məlumatına görə, Azərbaycan ərazisində pambıq istehsalı və tədarükünün tarixi təqribən IV-VI əsrlərə aid edilir. Orta əsrlərdə, sonradan xüsusilə XIX əsrdə pambıq bitkisinin becərildiyi hər yerdə pambıq parça istehsal olunurdu. Azərbaycanın bir sıra şəhər və kəndlərində, xüsusilə paltar, köynək və bez istehsal olunurdu. XX əsrin əvvəllərində Azərbaycan əhalisi arasında İngiltərə və İsveçrə pambıq növündən hazırlanan, əsasən, Vyana və Təbriz vasitəsilə gətirilən çox nazik parça – humayın ağı da geniş yayılmışdı. Bundan başqa, kustar çit istehsalında “basma” adlı çit parçalar, qələmkar parça növləri (süfrə, pərdə, canamaz, dəsmal və s.) və s. geniş yer tuturdu.
Qədim dövrlərdən etibarən Azərbaycan əhalisinin geniş təbəqələri ipək toxuculuğu ilə də məşğul olmuşdu. Mənbələrdən məlum olur ki, hələ ilk orta əsrlərdə Albaniya ərazisi, xüsusilə Kür sahili əraziləri ucsuz-bucaqsız tut bağları və çəkilliklərlə zəngin olmuş, burada müxtəlif rəngli ipək parça və məmulatının hazırlanması, eyni zamanda ticarəti geniş yayılmışdı. XIII əsrdən başlayaraq genuyalılar, venesiyalılar ipək axtarışı məqsədilə vaxtaşırı Azərbaycana səfər etmişlər. Təbriz, Şamaxı, Ərdəbil, Marağa, Mərənd, Xoy, Salmas, Naxçıvan, Gəncə, Beyləqan, Qəbələ və s. şəhərlər bütün Qafqazda şərbaflıq sənətinin başlıca mərkəzləri sayılmışdı. Nəfis kəlağayıları ilə məşhur olan Şəki, Basqal, Gəncə, Şamaxıda bu qədim sənət növü peşəkar sənətkarlar tərəfindən bu gün də yaşadılır.