Pambıq parça
Nümunənin reyestr kodu : SD0401030001
Tarixi ədəbiyyatda pambıq parça toxuculuğu bəzzazlıq sənəti kimi məlumdur. Yerli xammal əsasında inkişaf edən bu sənət pambıqçılıq təsərrüfatı ilə üzvi surətdə bağlı olmuşdur. Pambıq parça istehsalı, başlıca olaraq bez istehsalı üzərində qurulmuşdu. Xam bezdən bəsit boyama, qələmkarlıq və ya basma-naxış üsulu ilə müxtəlif növ pambıq parçalar hazırlanırdı. Bez əksər hallarda təbii ağ rəngdə toxunandan sonra müxtəlif rənglərə boyanırdı. Onu qırmızı rəngə boyamaqla “şilə”, tünd göy rəngə boyamaqla “qədək” əldə edilirdi. Bezin qaba növü sayılan codananı mavi rəngə boyamaqla ondan “çadra” hazırlanırdı. Bezin əriş və arğacı bəzən müxtəlif rənglərə boyanaraq zolaqlı, yaxud damalı (xanalı) olmaqla, müxtəlif çeşiddə toxunurdu. Buna müvafiq olaraq zolaqlı toxunmuş bez “təfsilə”, onun damalı növü isə “çadrasan” adlanırdı. Əriş tellərinin düzümündə rənglərin dəyişməsi nəticəsində toxunma zamanı parçanın üzərində boyaboy zolaqlar əmələ gəlirdi. Zolaqların enli və ya ensiz olması əriş düzümündə müvafiq rəngli ipliyin miqdarı ilə tənzimlənirdi. Bəzən təfsilə “miləmü” toxuma texnikası ilə hazırlanırdı. Bu halda onun ərişi yekrəng, arxacı isə müxtəlif rənglərə boyanmış bir neçə cərgə iplikdən ibarət olurdu. Keçmiş məişətdə təfsilə ən çox yorğan, döşək, mütəkkə üzlərində işlənirdi.
Keçmiş məişətdə işlənən pambıq parçalar arasında midqal və çit də mühüm yer tuturdu. Midqal bezə nisbətən cod, lakin xeyli nazik pambıq parça olub, kətan toxuma üsulunda hazırlanırdı. Midqal bilavasitə məişətdə az işlənirdi. Adətən, ondan basma-naxış üsulu ilə çit və qələmkar parçalar hazırlanırdı. Kustar çit istehsalı ilə bilavasitə peşəkar boyaqçılar, daha doğrusu, bu sahə üzrə ixtisaslaşmış basma-naxış ustaları məşğul olurdular. Onlar sifariş və ya satınalma yolla əldə edilmiş xam bez, yaxud midqaldan basma-qəlib üsulu ilə əlvan bəzəkli çit hazırlayırdılar. Bu məqsədlə bezin zərif toxunmuş növündən (ağ, nazik ağ, humayın ağı) daha çox istifadə olunurdu. Qəlib vasitəsilə naxışlanmış çit keçmiş məişətdə daha geniş yer tuturdu. Ənənəvi pambıq parça növləri arasında qələmkarlıq məmulatı da xüsusi yer tuturdu. Qələmkar süfrə, pərdə, canamaz, dəsmal və s. yaxın keçmişədək ev məişətinin ən zəruri ləvazimatı sayılırdı. Bunların hazırlanması mürəkkəb texniki iş üsulu və dərin peşə səriştəsinə malik ixtisaslı usta əməyi tələb edirdi. Orta əsrlərdə qələmkar parça istehsalı mərkəzləri arasında Təbriz, Marağa və Naxçıvan xüsusilə fərqlənirdı.
Azərbaycan ərazisində pambıq bitkisinin nə vaxtdan becərilməsi haqqında dəqiq məlumat yoxdur. Amma ehtimal olunur ki, pambıq bitkisi Azərbaycana Hindistandan və ya Afrika və Ərəb ölkələrindən gətirilmş, ilk vaxtlarda Naxçıvanda, İrəvan xanlığında, həmçinin Qarabağ və Şirvan torpaqlarında becərilmişdir. Sənaye pambıqçılığı XVIII əsrin sonlarından, yəni ilk əyirici maşınlar və toxuculuq dəzgahlarının icadından sonra sürətlə inkişaf etməyə başlamışdır. Orta əsrlərdə Təbriz, Mərənd, Ordubad, Gəncə və s. şəhərlər Azərbaycanda pambıq parça istehsalının başlıca mərkəzlərinə çevrilmişdi. Evliya Çələbinin yazdığına görə, Naxçıvanın çit parçaları, qələmkar süfrələri bütün dünyada şöhrət qazanıbmış. Son orta əsrlərdə pambıq parça istehsalında Təbriz, Marağa, Mərənd, Xoy, Gəncə, Bakı, Şamaxı, Kəhrəvan görkəmli yer tuturdu.
XVIII əsrin ikinci yarısı və XIX əsrin əvvəllərində Azərbaycanda pambıq parça istehsalı daha geniş miqyas almışdır. Bakı, Şamaxı, Gəncə, Qarabağ, Şəki, Təbriz, Naxçıvan, Xoy, Ərdəbil və Marağa xanlıqları pambıq parça toxuculuğunun başlıca mərkəzləri hesab olunurdu. Burada toxunan bez, basma, bisti, pərdə, qətifə, çarqat, çadra kimi pambıq parçalar Rusiyaya ixrac edilirdi. Təkcə Qarabağ xanlığında bu dövrdə 1000-dən çox dəzgahda pambıq parça toxunurdu. XIX əsrdə Azərbaycanın pambıq parça istehsalında Gəncə, Naxçıvan və Ordubad görkəmli yer tuturdu. Bununla yanaşı, bəzzazlıq sənəti Şamaxı və Şuşa şəhərlərində də davam etdirilməkdə idi. Ənənəvi bez istehsalında başlıca yeri şəhər karxanaları tuturdu. Bu dövrdə, yəni 30-cu illərin əvvəllərində təkcə Gəncə şəhərində 164 nəfər toxucu olmuşdur ki, bunun da böyük əksəriyyətini bəzzazlar təşkil edirdi. XIX əsrin 30-cu illərində Naxçıvan şəhərində təkcə bəzzazların sayı 40 nəfərə çatırdı. Azərbaycanda bəzzazlıq sənəti XIX əsrin ikinci yarısından etibarən yerli pambıq parça istehsalı kənardan gətirilən ucuz fabrik məhsulları tərəfindən tənəzzülə uğradılmışdır. Əvvəlcə İngiltərədən, sonra isə Rusiyadan ixrac edilən ucuz fabrik məhsulları yerli pambıq parça istehsalını tədricən sıxışdırıb aradan çıxarmışdır.