Gərdəkbaşı
Nümunənin reyestr kodu : SD0601000002
Uzun əsrlər boyu xalqımızın məişətində əsas yerlərdən birini tutan, müəyyən dəyişikliklərə məruz qalsa da, öz ilkin mahiyyətini qoruyub saxlayan, türk etnik-mədəni mühitinin ibtidai təxəyyül imkanlarının yaratdığı və elin-obanın böyük şənliklərlə keçirdiyi milli adətlər kompleksindən birincisi toyla bağlı adətlərdir. Belə toy adətlərindən biri gəlin köçəcək evin bəzədilməsi, orada gəlinin “üzə çıxmasınadək” oturacağı “gərdək” adlanan xüsusi bir guşənin yaradılması idi. Adətən, tək otaqlı evə gəlin gətirdikdə evi “gərdək” adlanan arakəsmə pərdə ilə iki hissəyə bölürdülər. Belə bir qayda Xəzərin cənub-şərq sahillərində məskunlaşan türkmənlər arasında da geniş yayılmışdı. Gərdək pərdəsinin yuxarı başına isə “gərdəkbaşı” bağlayırdılar. Gərdəkbaşı qurama üsulu ilə hazırlanır, evlərin daxili interyerindəki zehqabağını xatırladırdı. Belə ki, yerüstü evlərin daxili səhmanında olan zehin daha yaraşıqlı və formalı görünməsi üçün, adətən, yük yerinin üstü ilə zehin altında qalan aralıq hissəyə bütün divar boyu rəngbərəng parçalardan bucağının biri aşağıya doğru meylli olmaqla, üçbucaq formasında “zehqabağı” adlanan xüsusi biçimli qabaqlıq tuturdular. Eynilə zehqabağı kimi düzəldilən, lakin ondan bəzəklərinin zənginliyi və gözəlliyi ilə seçilən “gərdəkbaşı” ən çox toy zamanı evin daxili səhmanında diqqəti cəlb edirdi.
Gərdəkbaşını adətən gəlin köçəcək qızın anası ən yaraşıqlı və əlvan ipək parçadan tikirdi. İnteryerə rövnəq verən gərdəkbaşı xüsusi əndazə ilə biçilib-tikilir, hər bucağının arası rəngli muncuqlar və qotazlarla bəzədilirdi. Gəlini gətirib gərdək pərdəsinin arxasında oturdandan sonra gəlinin qaynanası və gələcək qohumları müəyyən “şirinlik” verəndən və ya boyun olandan (vəd verəndən) sonra gərdəkbaşı gərdək pərdəsini yuxarı başına bəndlənərdi. Gərdəkbaşı hər bir ailənin ən əziz saxlancı, əmanəti kimi nəsildən-nəslə, anadan qızına keçərdi. MATM Etnoqrafiya fondunda 100-ə qədər gərdəkbaşı nümunəsi qorunub saxlanılır. Burada XIX əsrdə Qarabağ bölgəsində istifadə olunmuş bir gərdəkbaşı pərdəsinin (EF 7656) üz tərəfi qırmızı, özündən gülü olan xaradan, astarı isə qırmızı güllü çitdən tikilib. Pərdə üç yerindən qızıl zəncirlə bəndlənib. Baş hissəsinə bənd edilən gərdəkbaşı qurama üsulu ilə işlənib. Onun ölçüsü 270 sm x 182 sm-dir. Qarabağa aid olan digər bir gərdəkbaşı zərxara və məxmər parçadan qurama üsulu ilə tikilmişdir. Baş hissəsində sarıma qaytan, qara sətindən köbəsi vardır. Burada olan metal halqalara keçirilmiş zəncirli qotaz, eləcə də 9 ədəd xırda və 7 ədəd iri firuzə və mərcanla bəzədilmiş qotaz gərdəkbaşının dekor tərkibini tamamlayır. Digər bir gərdəkbaşının (EF 7552) üstü müxtəlif rəngli ipək parçalardan qurama, astarı çitdən tikilmişdir. Ölçüsü 324 sm x 13 sm olan gərdəkbaşının aşağısından 13 ədəd zəncirli-zınqırovlu güləbətin qotazlar asılmışdır. Adətən, hər bir gərdək – gərdəkbaşı, gərdək pərdəsi və gərdək torbası ilə təchiz olunurdu.
Gərdəkbaşı və gərdək pərdəsinin tarixi toy adətlərini tarixi qədər qədimdir. “Kitabi-Dədə Qorqud” dastanında gəlinin ulu toydan sonra qaynatanın evindən bir qədər uzaqda tikilən və indi də eyni mənada işlədilən bəy otağına – gərdəyə aparıldığı haqqında məlumat verilir. “Baybura oğlu Bamsı Beyrək boyu”nda bu haqda belə deyilir: “Oğuz zamanında bir igid ki, evlənsə ox atardı. Oxu nə yerə düşsə orda gərdək tikərdi”. Qeyd edək ki, belə bəy otaqları sonrakı dövrlərdə də tikilmişdir. Etnoqraf Q.Ə.Qeybullayev yazır ki, oğlan evində gərdəyin qurulması nisbətən iri otaqlı evlər üçün idi. Mil, Muğan və Şirvan düzlərində maldar elatlarda bəy üçün alaçıq, yaxud “qom ev” (qarğı-qamış ev) tikirdilər. Gərdəkqurma ənənəsi bütün orta əsrlər boyu davam etmiş, hazırkı zamanda da bəzi kənd ailələrində buna təsadüf edilməkdədir. Gərdəkqurma adəti digər türk xalqlarında da vardır. Maraqlıdır ki, Cənubi Sibir türklərində də ərlə arvadın yaşadığı guşə xüsusi pərdə ilə evin digər guşələrindən ayrılırdı. Bu pərdə “kojo” adlanır, əsasən qalın və açıq rəngli ikiqat parçadan hazırlanırdı. Adətən onu toy günü hazırlayır və yeni evlənənləri qoruyan talisman kimi mənalandırırdılar. Buna görə də pərdəni dəyişmir, hətta evin bərəkət və xoşbəxtliyini su yuyub aparmamaq üçün yumurdular. Ər və ya arvad dünyalarını dəyişəndə “kojo”nun tən yarısını kəsib mərhumun məzarına qoyurdular.