AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tikmə sənəti

Nümunənin reyestr kodu : SD0600000001

Azərbaycanda dekorativ sənətin ən qədim və geniş yayılmış sahələrindən biri dəri, parça, keçə üzərində iynə və sapla müxtəlif naxış və təsvirlərin tikilişidir. Tikmə işlərində əlvan boyalı pambıq, yun, ipək saplardan, güləbətin adlanan qızılı-gümüşü saplardan, piləklər, muncuqlar, qiymətli daşlar, rəngli parça kəsiklərindən və s. istifadə olunurdu. “Qarmaq” yaxud “qüllab” adlanan tilişkəli polad iynənin meydana gəlməsi, habelə toxuculuq və boyaqçılıq sənətlərinin inkişafı tikmə texnikasının təkmilləşməsinə, tikmələrin cazibədarlığının artmasına gətirib çıxarmışdır.

Bədii tikmələr əsrlər boyu qız-gəlinlərin sevimli məşğuliyyəti olmuşdur. Kübar qadınların geyim dəsti və məişət əşyalarının bəzədilib yaraşıqlı görkəmə salınmasında tikmələrdən geniş istifadə olunmuşdur. Habelə cavan qızlar öz geyim və məişət əşyalarını bəzəyib yaraşıqlı hala salmaq üçün bu üsuldan istifadə edirdilər. Qızlar tikmə üsulu ilə gələcək adaxlı və ya nişanlıları, habelə onların ailə üzvləri üçün pul kisəsi, tənbəki kisəsi, saat qabı, daraq qabı, yük üzü, yastıq üzü, mütəkkə üzü, müxtəlif növ örtük və pərdələr və s. hazırlayırdılar.

Məişətdə tikmə məmulatlarına tələbat artdıqca o, xırda əmtəə istehsalı səciyyəsi kəsb etmiş və həvəskar məşğuliyyətdən peşəkar sənət sahəsinə çevrilmişdir. Nəticədə tarix boyu evlərdə icra olunan bu işlər sonralar fərdi dükan və karxanalara köçməyə başlamışdır. Bundan sonra bu sənətlə təkcə qadınlar deyil, kişilər də məşğul olmağa başlamışdır.

XIX əsrdə peşəkar tikmə dükanları, əsasən, şəhərlərdə və iri ticarət mərkəzlərində cəmləşmişdir. Bunun da səbəbi tikmə-bəzək məmulatlarının əsas müştərilərinin kübar təbəqənin nümayəndələri, əcnəbi müsafir və tacirlərin olması idi. Bu üzdən ağlabənd, güləbətin və təkəlduz dükanları əsasən şəhərlərdə fəaliyyət göstərirdi.

Tikmələrin bəzək kompozisiyalarının əsasını nəbati və həndəsi ornamentlər təşkil etsə də, burada süjetli kompozisiyalara da rast gəlinir. Belə kompozisiyalarda adətən ov səhnələri, Nizaminin Leyli və Məcnun poemasından götürülmüş epizodlar təsvir olunurdu.

Tikmələrin bəzəkləri həm bəxyələmə (“ilməsalma”), həm də bəndləmə üsulu ilə icra olunurdu. Bəxyələmə tikiş növünə ilmə, cülmə (“quş gözü”), sırıma (qoşa və təksırıq), sınıq, düz, dalğalı tikiş və s. daxildir. Bəndləmədə isə əvvəlcədən hazırlanmış bədii təsvir vasitələri (muncuq, inci, mirvari, pilək, pərək, “pitik” adlanan parça tikələri və s.) adi sapla bu və ya digər nəqşin rəddi əsasında məmulat üzərinə bənd edilirdi. Bəzək materialının növünə görə Azərbaycan tikmələri güləbətin və rəngli sap vasitəsilə salınan bəzək ünsürlərindən olmaqla müxtəlif növlərə ayrılır.

Bəxyələmə tikmələrin Azərbaycanda “təkəlduz”, “məlilə”, “güləbətin”, “sırıma”, “xanduz” (şəbəkəli) növləri təşəkkül tapmışdır. Bəndləmə tikmələr isə pilək, pərək, sərmə, bafta, hərəmi, şəms və s. kimi bəzək elementlərinin müəyyən nəqş motivinin rəddi üzrə məmulat üzərinə bəndedilməsi yolu ilə əldə olunurdu. Xırda doğranmış parça tikələrinin məmulat üzərinə oturdulub bərkidilməsi də bəndləmə texnikası ilə icra olunurdu.

Tarixi mənbələr göstərir ki, Azərbaycanda tikmə sənəti ilk orta əsrlərdən tutmuş XIX əsrin əvvəllərinədək yüksələn xətlə inkişaf etmiş, xalq arasında populyar sənət növlərindən biri olaraq qalmaqda idi. Bu dövrdə peşəkar tikmə sənəti, əsasən, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Şuşa, qismən də Gəncə, Qazax, Lənkəran şəhərlərində cəmləşmişdir. XIX əsrdə bədii tikmə sənəti iki istiqamətdə inkişaf etməkdə idi: Şəkidə təkəlduzluq, Bakı və Şamaxıda isə güləbətin tikmə üzrə. Şəki və Gəncə şəhərlərində təkəlduz tikmələrin “gəzmə” və “doldurma” növləri geniş yayıldığı halda, Şamaxı, Təbriz, Bakı, bir qədər sonralar isə Şuşa şəhəri üçün güləbətin tikmə texnikası daha səciyyəvi olmuşdur. İlməli tikmənin hər iki tipi Azərbaycanın digər şəhərlərində də geniş yayılmışdır. Bunlardan fərqli olaraq, “xanduz” adlanan şəbəkəli tikmə növü məhəlli səciyyə daşımaqla, başlıca olaraq, Lənkəran-Astara bölgəsində yayılmışdır.

XIX əsrin axırlarından etibarən dekorativ sənətin digər örnəkləri kimi, tikmə sənəti də tənəzzülə uğrayır. Nəticədə bu dövrdə yaranan tikmələrdə rəsmlərin get-gedə kobudlaşması, milli məziyyətini itirməsi kimi hallar müşahidə olunur.