AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dikdaban (quşkeçən)

Nümunənin reyestr kodu : SD0301000010

Dikdaban (quşkeçən) Azərbaycanın Naxçıvan və Qərb bölgələrində geniş istifadə olunan qadın ayaq geyimlərindən biri olub. Dabanı çox hündür olduğuna görə, belə adlandırılırdı. Naxçıvan quşkeçənləri zərif aşılanmış dəridən (tumac, müşkü, ətvi, XX əsrin əvvəllərindən isə xrom və şavrodan) üzlənir, üstünə muncuq düzülür, qatma (qaytan) ilə bağlanır, burun hissəsi enli olurdu. El şənliklərində, toylarda dikdaban (quşkeçən) ayaqqabı geyən qızlar özünə gözaltı axtaran oğlanların diqqətini daha tez cəlb edirdi. Naxçıvan toylarında oxunan el mahnılarının birində deyilirdi:

Gəl gedək beləsinə,

Sarvanlar məhləsinə.

Axtarıb tapammasaq,

Od vuraq məhləsinə.

Ay sarı yaylıq, sarı kofta, badamı çittuman,

Yandırıb yaxır adamı dikdaban.

Adətən, dikdaban ayaqqabıları nişanlı qızlara bayram və toy hədiyyəsi kimi aparırdılar. Ümumiyyətlə, XIX əsrdə Azərbaycanda gəlin köçməli olan hər bir nişanlı qıza oğlan evi tərəfindən göndərilən nişan (toy) libası içərisində bir neçə cüt başmağın, uzunboğaz çəkmə və dikdabanın olması vacib hesab olunurdu. Qeyd etmək maraqlıdır ki, hazırda gəlin üçün nişan sovqatı aparan zaman onun içərisinə ayaqqabı qoyulmur. Xalq inamına görə ayaqqabı “darlıq”, “sıxıntı” gətirir. Qərb bölgəsində dikdaban – uzunboğaz və yarımboğaz, hündürdabanlı çəkmə növünə deyilirdi. Belə çəkmələrin üstü bəzən safyandan, bəzən də tumac və meşindən tikilir, müxtəlif tikmə naxışlarla bəzədilirdi.

Dikdaban (quşkeçən) qadın ayaqqabı növü tikildiyi dəri materialının adına (tumac, meşin, safyan, müşkü, ətvi, XX əsrin əvvəllərindən isə xrom, şavro), rənginə (qırmızı, yaşıl, mavi, qara, bənövşəyi), eləcə də üzərinə vurulan bəzək və muncuqların müxtəlifliyinə görə bir-birindən fərqləndirilirdi.

Dikdaban (quşkeçən) ayaqqabı növünün geyim dəstinə daxil olmasının tarixi aşılanmış dəridən istifadə olunan dövrlərdən başlayır. Azərbaycanda aşılanmış dəridən istifadə tarixinin aydınlaşdırılmasında Qədim Mingəçevirin Tunc dövrü qəbiristanlığından tapılmış çəkmə və ya başmağa bənzər gil ayaqqabı-qablar mühüm əhəmiyyət kəsb edir. Həmin qabların bir qisminin uzunboğaz çəkməyə bənzədilməsi miladdan əvvəl II minilliyin sonlarında aşılanmış dəridən ayaqqabı tikildiyini söyləməyə əsas verir. Maraqlıdır ki, dikdaban ayaqqabı ən qədim dövrlərdən XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə kimi kişi ayaq geyimi dəstində mühüm yer tutmuş, qadın ayaq geyimləri isə, bir qayda olaraq, dabansız (alçaqdaban, quçkeçməz) olmuşdur. Faktlara müraciət etsək, bunu aydın görə bilərik. Məsələn, miladdan əvvəl V yüzilliyə aid edilən “Yüngül geyimli midiyalının yunanla döyüşü” səhnəsində midiyalı döyüşçünün ayağında qaba göndən səliqəli tikilmiş dikdaban çəkmə vardır. Çəkmənin üzərindən 3 ədəd qaytan keçirildiyi aydın görünür. Xatırladaq ki, XIX əsrdə geyilən dikdaban qadın ayaqqabısının da üstü qatma (qaytan) ilə bağlanırdı. IX-XIII yüzilliklərə aid Beyləqandan tapılmış keramik kasa üzərində təsvir olunmuş ov səhnələrində süvarilərin ayaqlarında yüngül və dabanlı ayaqqabılar vardır. Səfəvilər dövrünün (1501-1736-cı illər) müxtəlif kişi geyimlərini təsvir edən rəsmdə də gənc oğlanın ayağında naxışlı-zolaqlı corab, yüngül, ağ, nisbətən dabanlı çəkmə vardır. Ümumiyyətlə, Səfəvilər dövründə geyilən müxtəlif biçimli və formalı (modelli) ayaq geyimləri içərisində astarlı, xüsusi altlıqlı hündürdaban, sivriuclu çəkmələr üstün yer tutmuşdur. Artıq XVIII əsrin sonu-XIX əsrin əvvəllərindən başlayaraq belə modelli ayaqqabı növü qadın geyim dəstinə də yol açmış, cavan qız-gəlinlərin sevimli ayaq geyimi növünə çevrilmişdir.