AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ayaq geyimləri

Nümunənin reyestr kodu : SD0301000001

Azərbaycanın ənənəvi geyim mədəniyyəti kompleksində ayaq geyimlərinin xüsusi yeri vardır. Bu geyimlər tipoloji cəhətdən qadın, kişi və uşaq ayaq geyimlərinə bölünür. Ayaq geyimləri zaman-zaman sosial-iqtisadi şəraitin dəyişməsi, etnik ənənələr, etnik-sosial mənsubiyyət, peşə yönümü, təbii landşaft və s. amillərin təsiri ilə formalaşmış, orta əsrlər boyu yeni-yeni geyim tipləri ilə zənginləşmiş, sonrakı dövrlərdə də geyim dəstlərinin kompleks tamamlanmasında həlledici rola malik olmuşdu. Çox təəssüflər olsun ki, ayaq geyimləri parçadan və dəridən hazırlandığına görə torpaq altda tez çürüdüyündən arxeoloji qazıntılardan bu geyim elementini əldə etmək və haqqında fikir söyləmək mümkün deyil. Bununla belə, qayaüstü təsvirlər və qazıntılardan əldə edilən maddi mədəniyyət nümunələri üzərindəki təsvirlər qədim ayaq geyimlərinin çarıq, başmaq, uzunboğaz çəkmə tipində olduğunu söyləməyə imkan verir. Arxeoloq Q.İ.İone Mingəçevir qazıntılarından tapılan və m.ə. XI-VIII əsrlərə aid edilən gil ayaqqabı-qabların məhz bu tipli ayaqqabılara bənzədiyini qeyd edir. İlk yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da ayaq geyimlərindən başmaq, ədik (çəkməni xatırladan uzunboğaz kişi ayaqqabısı), soqman (topuğa qədər boğazı olan ayaqqabı) və sərmuzənin (qadın ayaqqabısı) adları xatırlanır. Orta əsrlərdə ayaq geyimlərinin çeşidi xeyli artmış, əhali dabanlı və dabansız, uzunboğaz və yarımboğaz çəkmə, qondara, ağ kətan ipdən toxunan, altına parçadan bir neçə qat altlıq salınan və “givə” adlanan ayaqqabı, yun ipdən toxunmuş corab və patava ilə geyilən “çaqcur” ayaqqabılar geyməyə üstünlük vermişlər.

XIX-XX əsrin əvvəllərində Azərbaycan qadınlarının ənənəvi ayaq geyimləri corab, badış, çarıq, başmaq, şətəl, çust, nəleyin, məst, dabanlı uzunboğaz və yarımboğaz çəkmə, quşkeçən, kəlik və s.-dən ibarət olmuşdu. Ayaq geyimləri içərisində yundan toxunma corablar əsas yer tutur. Azərbaycan qadınları coraba bəzək vurmaq işində mahirdirlər. Əhali arasında “taxta-müjə”, “ərsin”, “alamuncuq”, “qarğaağzı”, “gəldirgə”, “güllü-xəmsə”, “qoçbuynuzu”, “dəhrəburnu”, “cəhrəpəri”, “zəncir”, “göl”, “quyrum” və s. kimi həndəsi, bitki və xalça ornamentli corablar daha çox yayılmışdı. Azərbaycanın Qərb bölgəsi, Gəncəbasar, Qarabağ, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara, Naxçıvan və b. bölgələrində corab toxuculuğu xarakterik olmuşdu. Barama istehsalının geniş yayıldığı bölgələrdə ipək corablar da toxunmuş və istifadə olunmuşdu. Bunlar, əsasən, muncuq və güləbətin tikmə üsulu ilə hasilə gətirilirdi.

XIX əsrdə daha xarakterik qadın ayaq geyimi tipi başmaq olmuşdu. Arxası açıq, hündür dabanlı, pəncə üstü müxtəlif rəngli müşkü və tumacdan, altlığı isə aşılanmış göndən hazırlanan qadın başmaqları “zənanə”, “miyanə” və “qız başmağı” olmaqla üç ölçüdə tikilir, sifarişdən asılı olaraq yüksək zövq ilə bəzədilirdi. Uc hissəsi yuxarı qatlanmış formada tikilən belə başmaqlar, ayaqda gözəl görünsün deyə, əlvan saplarla və ya qızılı simlərlə tikilir, daban oturacağına əlvan parçalardan “döşəmə” qoyulurdu. Varlılarda başmağın daban döşəməsi gümüşdən və ya qızıldan kəsilən lövhəyə tutulur, ətrafına bəzəklər (naxışlar) salınırdı. Bakı, Şamaxı, Şuşa, Gəncə, Şəki və Naxçıvan (Ordubad) kimi iri sənətkarlıq mərkəzləri başmaq hazırlanmasında məşhurlaşmışdılar.

XIX-XX əsrin əvvəllərində əhali kişi ayaq geyimlərinin müxtəlif tiplərindən geniş istifadə etmişdi. Bunlar çarıq, başmaq, dübəndi, qondara, şiblit, uzunboğaz çəkmə, çust, məst, nəleyin, corab, patava, dolaq, badış və s.-dən ibarət idi. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin gündəlik ayaq geyiminə çevirmişdi. Azərbaycanda kişi çarıqlarının biçim tərzinə və tikiş texnikasına görə fərqlənən “kotuğu”, “quşburnu”, “qızqaytaran”, “kalmanı”, “xəlbirqırağı”, “quşgözü”, “şirvanı”, “şirazı”, “zilani-kürdü”, “qurdağzı”, “təkburun”, “qılbüzmə”, “divel”, “əcəmi”, “üçburun” və s. kimi müxtəlif tipləri olmuşdu.

XX əsrin 30-cu illərindən rus və Avropa ayaq geyimlərinin (qaloş, tufli, sandal və s.) məişətə tədricən daxil olması ənənəvi kişi və qadın ayaq geyimlərini ciddi surətdə sıxışdırıb istifadədən çıxarmış, ayaq geyimlərində tipoloji dəyişikliklər baş vermişdi.