AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kürdü

Nümunənin reyestr kodu : SD0304000010

Azərbaycanda mövsümi səciyyəli milli qadın geyimləri içərisində kürdü xüsusi yer tutmuşdur. Adətən onu məxmər, ay-ulduz, bafta, xara, tirmə parçalardan tikir, bəzən də yaxşı aşılanmış dəridən hazırlayırdılar. Azərbaycanda tünd sarı rəngli dəridən hazırlanmış və üzəri eyni rəng ipək sapla naxışlanmış Xorasan kürdüsünə böyük üstünlük verilirdi. Azərbaycandan müqəddəs məkanlara ziyarətə gedən zəvvarlar, eləcə də tacir-tüccar əhli belə kürdüləri ölkəyə gətirirdilər. Parçadan hazırlanan kürdülər isə yerli bazarlardan satınalma yolu ilə əldə edilirdi. İmkansız ailələr xəz əvəzinə kürdünün yaxa və qol oyuqlarının kənarlarına bafta tikərdilər.

Kürdü bədənin ölçüsünə müvafiq kip tikildiyindən onun yanlarında 10-12 sm. uzunluğunda “çapıq” və “çıxıntı” qoyulardı. Adətən qolsuz, bəzən də yarımqol tikilən kürdünün ətəyinə, çapıq yerinə, yaxa və qol kəsiklərinin ətrafına xəz qoyulurdu. Dövrələmə xəz zolağı bəzək olmaqdan əlavə, həm də soyuğu buraxmadığı üçün əməli məqsəd daşıyırdı. Kürdü yarımqol tikildikdə “eşmək” adlanırdı. Bəzən kürdünü sırıqlı formasında da tikirdilər. Onun üçün parçanın üstünə yun döşənir, astar tikilir və ətraflara xəz qoyularaq sarınırdı. Xəzin ətrafı isə baftaya tutulurdu.

Qarabağ kürdüsü bədənə kip yapışır, qolsuz tikilir, xəz və baftadan, eləcə də sərmə və şahpəsənddən başqa heç bir bəzəyi olmurdu. Açıq olan yaxası çarpaz-çarışqa ilə bağlanırdı. Yarımqol kürdünün qollarının altı çapıqla (peş) tamamlanırdı. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə olunan və Qarabağ bölgəsinə aid olan kürdülər (onlar cəmi beş ədəddir) əsasən tirmə parçadan qolsuz tikilmişdir. Qarabağda kürdüyə bəzən “bədənçə” də deyilirdi. Bu geyim növü XX əsrin 70-ci illərinə qədər Qarabağın kəndlərində istifadədə olmuşdur. Burada çəpkən kimi tikilən kürdünün içinə quzu dərisindən astar tikilir, yaxa kəsiyinə, qol dibinə və ətəyinə samur dərisindən xəz tutulurdu. Qarabağ kürdüsünün yan çapığı “yarmac” adlanırdı. Muzeydə qorunan EF-5215 inventar saylı kürdü tirmədən tikilmiş, içinə yun döşənərək pamazı parçadan astar çəkilmiş və sıx sırınmışdır. Estetik baxımlılığını artırmaq üçün sərmə, şahpəsənd və məxmərdən bəzək elementi verilmişdir. Sol tərəfinə içəridən cib də tikilmişdir.

Gəncədə isə dəridən hazırlanan kürdünün qollarına və kənar tikişlərinə əlavə xəz qoyulmurdu. Dirsəyə qədər qolu olan kürdü yaxası açıq olur, qoltuqaltına çapıq (peş) əlavə edilirdi. Muğan bölgəsində kürdünün bu növü canlıq (yəl) adlanırdı. Gövdəsi iki hissədən biçilən yəlin (canlığın) qabaq və arxa tərəfləri bütöv olub, ətəyi qurşağa qədər uzanırdı. Onun yaxa kəsiyi ətəyə qədər davam edərək təxminən 2-3 düymə (bu bəzən gümüşdən kəsilmiş “qoza” olardı) ilə düymələnirdi. Qırmızı və yaşıl məxmərdən, pambıq parçalardan biçilib tikilən yəlin (canlığın) qol yerinə, yaxa və ətəyinə xəz qoyulurdu. Kürdü (eşmək) və katıvı (və ya katibi) tipli qadın üst geyimləri çox böyük oxşarlıq təşkil edirdi. Etnoqrafik ədəbiyyatda da, bir qayda olaraq, onları eyni geyim tipi kimi təqdim olunur. Bununla belə, Borçalı bölgəsinin katıvı tipli qadın geyimləri Azərbaycanın digər bölgələrində mövcud olan və kürdüyə bənzəyən katıvılardan kəskin fərqlənirdi

Azərbaycanda istifadə olunan kürdülər formasına görə eyni olsa da, materialına görə dəri və parçadan hazırlanan kürdü olmaqla iki qrupa ayrılırdı. Hər iki kürdü növündə dəridən, parçadan və yun-xəz döşəməsindən istifadə edilirdi. Bəzən kürdünün astarı sırınır və ciblə təhciz olunurdu.

Kürdü geyim növünün istifadə tarixi haqqında dəqiq məlumat yoxdur. Güman etmək olar ki, dəri kürdü daha qədim geyim növü olub, bürmə, bürüncək, örtük kimi arxaik geyim növlərinin təkmilləşmiş bir forması olaraq qadın geyim dəstinə daxil olmuşdur. Miladdan əvvəl I minilliyə aid edilən və Mingəçevirdən tapılmış üzük-möhürlərdəki təsvirlərdən də göründüyü kimi, qısa bürmə belə qədər, uzun bürmə isə dabana qədər bədəni örtürdü. XVIII əsrdə Azərbaycan qadınlarının artıq qolsuz, boynu, ətəkləri və qol yerləri xəzdən tikilmiş kürdü geydikləri qeyd olunur. Azərbaycan qadınlarının ilin soyuq vaxtlarında geydikləri, xəz qoyulmadan qolsuz və sırıqlı-astarlı tikilən, qərb bölgəsində “içlik” (“işdik”), “zıbın”, Şəki-Zaqatala bölgəsində “döşlük, Quba-Xaçmaz bölgəsində “candonu”, Lənkəran-Astara, Qarabağ və Naxçıvan bölgələrində ”cilıtka”, “bədənçə”, “qolsuz”, eləcə də “pambıqlı”, “sırıqlı”, “canlıq” adlandırılan geyim növü də kürdü ilə tipoloji oxşarlıq təşkil etmişdir.