Üst geyimləri
Nümunənin reyestr kodu : SD0304000003
Ənənəvi xalq geyimləri maddi mədəniyyətin digər sahələri kimi, hər bir xalqın həyat və məişətinin ayrı-ayrı məsələlərini araşdırmaq üçün zəngin etnoqrafik materiallar verir. Geyimlərin öyrənilməsi hər bir xalqın milli xüsusiyyətlərini, iqtisadi və mədəni həyat səviyyəsini, təsərrüfat məşğuliyyətinin istiqamətini, onun başqa xalqlarla tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini, etik normalarını, estetik və bədii zövqünü, etnik və sinfi mənsubiyyətini, hətta etnogenezinin bəzi məsələlərini müəyyənləşdirməkdə əhəmiyyətli mənbə rolunu oynayır.
Mütəxəssislər geyim mədəniyyətinin başlanğıcını miladdan əvvəl 40-25-ci minilliklərə (Üst Paleolit dövrünə) aid edirlər. Tarixi inkişafın gedişində sosial-iqtisadi şəraitin dəyişməsi geyim tiplərində əsaslı dəyişikliklərə səbəb olmuş, yeni-yeni geyim tipləri meydana çıxmışdır. Geyim elementlərinin meydana çıxmasının ilk zəruri amilinin məhz təbiətin iqlim təsirlərindən qorunmaq olduğu aydınlaşır. Bundan başqa, geyim tarixi ilə məşğul olan mütəxəssislər etik normalara əməl edilməsi və insanların zaman-zaman inkişaf edən estetik zövqlərinin təmin edilməsi zərurətinin də geyim elementlərinin meydana gəlməsinin mühüm şərtləri hesab edirlər.
Ənənəvi geyimlərimiz zaman-zaman formalaşaraq XIX-XX əsrin əvvəllərində kamil maddi-mədəni irsi səviyyəsinə gəlib çatdığı üçün milli geyimlər təsnif edilərkən məhz bu zaman kəsiyi əldə əsas tutulmuşdur. Geyimlərimiz funksiyasına görə alt geyimləri, üst geyimləri, ayaq geyimləri və baş geyimləri olmaqla dörd qrupa bölünür. Bunların içərisində üst geyimləri mühüm yer tutur.
Tipoloji cəhətdən qadın üst geyimləri kişi geyimlərindən fərqlənir. Uşaq üst geyimləri isə böyüklərin geyiminin kiçik ölçüdə təkrarı idi. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanın ənənəvi qadın üst geyimləri özünün rəng əlvanlığı, biçim tərzi və tikiş üslubunun mürəkkəbliyi, eləcə də tip və formalarının müxtəlifliyi ilə seçilirdi. Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik bölgələrində əhalinin ənənəvi qadın geyimlərində lokal-məhəlli xüsusiyyətlər, bölgələrə məxsus detallar və ştrixlər az və ya çox dərəcədə özünü göstərsə də, bütövlükdə bu geyimlər ümumi cəhətləri ilə daha çox diqqəti cəlb edirdi. Başqa sözlə desək, qadın üst geyim kompleksi tipoloji cəhətdən ümumazərbaycan səciyyəsi daşıyırdı. Buraya üst köynəyi, cütbalaq tuman, nifəli tuman, don, zıvını, canlıq (qalınça), arxalıq, önlük (döşlük), çəpkən (pullu çəpkən), baharı, kürdü (eşmək), katıbı, ləbbadə (lavada), küləcə, çərkəzi, nimtənə daxil idi.
XIX-XX əsrin əvvəllərində azərbaycanlıların ənənəvi kişi üst geyimləri biçim üsuluna və tikiş texnikasına görə ümumqafqaz səciyyəsi daşımaqla, yalnız çox da böyük əhəmiyyəti olmayan lokal-məhəlli xüsusiyyətləri ilə seçilirdi. Ənənəvi kişi üst geyimləri üst köynəyi, şalvar, arxalıq, içlik (canlıq, cılıtqa, pambıqlı) çuxa, kürk, yapıncıdan ibarət idi. Bundan başqa, din xadimlərinin istifadəsində olan əba, qəba, ərəbi don, kəyani don, cübbə, çəltari, əmmamə, fəs, xirqə və b. da kişi üst geyimləri qrupuna daxıl edilirdi.
Uşaq geyimlərinə gəldikdə isə, yeni anadan olmuş uşağı (çağanı) bələkdə saxlayırdılar. Doğulan gündən 40 gün keçənə qədər ona “qırx köynəyi” və “qırx papağı” adlanan paltar geydirirdilər. Nisbətən böyüyən uşaqların üst geyimlərində elə bir fərq nəzərə çarpmırdı. Oğlanlar böyüklər kimi ayaqlarına çarıq və başmaq geyir, başlarına araqçın, təsək və dəri papaqlar qoyur, köynək, canlıq, arxalıq, çuxa və s. geyirdilər. Keçmişdə qız uşaqlarının geyimləri rəng əlvanlığı, estetik gözəlliyi, biçimin xüsusi əndazəsi, narın tikiş texnologiyası, asma və tikmə bəzəklərin çoxluğu ilə səciyyələnirdi. Bir qayda olaraq, bu geyimlər parlaq rəngli (tünd qırmızı, mavi, çəhrayı, narıncı), əlvan naxışlı bahalı ipək parçalardan tikilir, yaxa kəsiyi, ətək yanları, boynu və qollarının ağzı zərif tikmə bəzəklərlə örtülürdü. Qız uşaqlarının geyim dəstində qadın geyimlərinin kiçik ölçüdə təkrarı olan ətəkli tuman, köynək, arxalıq, baharı, küləcə, çəpkən, nimtənə, katibi, kiçik ölçülü baş yaylığı, kələğayı, başmaq və s. əsas yer tuturdu. Varlı zümrələrin uşaq geyimlərində qızıl və gümüşdən kəsilmiş düymələr, tuman-köynəyə və digər üst geyimlərinə bəndlənən bəzəklər, eləcə də müxtəlif baş, boyun və qol bəzəkləri onların geyimlərinə xüsusi rövnəq verirdi.
- Biblioqrafiya və tərtibçi
-
Qarabağ geyimləri. Kataloq
Vəliyev F.İ., Abdulova G.S.
2016
-
Одежда народов Кавказа
Студенецкая Е.Н.
1967