AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Piyalə-zəng sırğa

Nümunənin reyestr kodu : ST0704000003

Qulaq bəzəkləri etnoqrafik ədəbiyyatda çox vaxt baş zinətləri sırasında təsnif olunsalar da, tətbiq məqamına görə ayrıca tipoloji qrup təşkil edir. Azərbaycanın müxtəlif bölgələrində “sırğa”, “tana” (“tənə”), “guşvarə” və s. sinonim istilahlarla geniş yayılmış qulaq bəzəklərinin müxtəlif çeşidləri olmuş, onlar zaman-zaman forma və quruluş etibarı ilə çoxsaylı tipoloji növlərə bölünmüşdür. Belə tipoloji növlərdən biri də piyalə-zəng sırğalarıdır.

Piyalə-zəng sırğalar iki pilləli (bəzən də üç pilləli), üzü aşağıya çevrilən piyalə və zəng formalı hazırlanır, ətəkləri qotazabənzər müxtəlif ornamentli kəsmə piləklərlə bəzədilir, bunlar da sırğanın bitkin bədii tərtibatını tamamlayırdı. Pərdəli, şəbəkəli və s. mina məmulatlarından istifadə edilməklə bitkin hasilə gətirilən piyalə-zəng sırğalar öz quruluşu etibarilə piyaləni və zəngi xatırlatdığı üçün ona belə bir ad verilmişdir. Belə sırğalarla yaxından tanış olduqda, onların tərtibatında özünəməxsus dekor tərkibi, naxış və texnoloji xüsusiyyətlərlə yanaşı, ənənəvi Şərq ornamentalizmini, Şərq incəsənəti üslubunu da görmək mümkündür. Bəzən, piyalə-zəng sırğaların üzərinə qiymətli daş-qaş əlavə etməklə zənginləşdirilir və beləliklə də, məmulatın dəfinə dəyəri artırılırdı. Çox zaman da “minarə” adlanan sırğanın ətəyi silsiləli düzəldilməklə, bir növ “piyalə-zəng”i xatırladırdı.

Belə sırğalardan ikisinin təsvirini verməklə, bu zinət-bəzək məmulatının xarakterik xüsusiyyətlərini aşkar edə bilərik. Onlardan biri XIX əsrin sonlarına aid olub, Bakı zərgərlik məktəbinə məxsusdur. Bu sırğa 4 bəzək ünsürünün bir-birinə birləşdirilməsi vasitəsi ilə düzəldilmişdir. Sırğanın yuxarı hissəsi piyalə formasında olub, kənarlarına 8 tərəfdən mirvarilər asılmış, mirvarilərə isə ştamplama üsulu ilə hazırlanan nazik trapesiya formalı lövhəciklər keçirilmişdir. Lövhəciklərin üzərində zanbağı xatırladan üçləçəkli gül rəsmi vardır. Sırğanın aşağı tərəfinə kümbəz (zəng) formalı asma keçirilmiş və onun da kənarları 9 xırda mirvari dənələrindən asılmış lövhəciklərlə dövrələnmişdir. Sırğanın üzəri ağ, qırmızı, göy, yaşıl və sarı rəngli minalarla bəzədilmiş, səthində oyma naxışlar açılmışdır. Şəbəkəçilik və qəlibkarlıq üsulu ilə qızıldan hazırlanmış digər piyalə-zəng sırğa üç qatdan ibarətdir. Birinci qat şəbəkəli piyalə formasında olub, dövrəsi boyu kiçik halqalarından piləklər asılmışdır. İkinci qatda bir qədər iri piyalə formasında olan bəzəkdən də piləklər asılmışdır. Bakı zərgərlik məktəbi üçün xarakterik olan bu sırğa da XIX əsrə aiddir.

Xatırladaq ki, piyalə-zəng sırğa təkcə Bakı zərgərlik məktəbinə məxsus olmamışdır. Öz kompozisiya quruluşuna görə aşağı yarusu armudvari olan Lənkəran bölgəsinə aid piyalə-zəng sırğalar lokal-məhəlli xüsusiyyətləri ilə seçilmişdir. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanan belə bir sırğa şəbəkə üsulunda hazırlanmış və bir-birini tamamlayan iki hissədən ibarətdir. Birinci hissə kümbəzvari, ikinci hissə isə armudvari formadadır. Yuxarı və aşağı hissələrin üzərinə ağ mirvariyə oxşar muncuqlar asılmışdır. Muzeydə qorunan digər belə sırğanın kümbəzvari hissəsinə dövrələmə 6 ədəd ürək formalı piləklər asılmış, alt hissəsində aşağı yer saxlanmışdır. Ora uzunsov bəzək ünsürü vurulmuşdur. Onun kənarlarına isə 8 ədəd ürək formalı pilək asılmışdır. Sırğanın hər iki hissəsi müxtəlif nəbati ornamentlərlə bəzədilmişdir.

Piyalə-zəng sırğalar məhəlli-lokal xüsusiyyətlərinə, dekor-naxış tərkibinə, hazırlanma üsuluna, pillələrinin sayına, sadə və ya mürəkkəb kompozisiya həllinə, hazırlanma materialına, emal-mina məmulatının növünə və rənginə görə müxtəliflik təşkil edirdi.

Piyalə-zəngə bənzər sırğa məmulatı qədimlərdən məlum olsa da, onun hazırkı şəkildə dəbə minməsi XVIII-XIX əsrlər təsadüf edir. XVIII-XIX əsrlərə aid piyalə-zəng sırğaların müxtəlif variantlarına İranda və Orta Asiya dövlətlərində də rast gəlinir. Azərbaycanda istehsal mühitinə görə piyalə-zəng sırğa Bakı və Lənkəran zərgərlik məktəbinə məxsus olmuşdur. Bakılı zərgərlərdən Ə.Kərimov, Ə.Yusifov, M.İsmayılov, Ə.Məcidov piyalə-zəng sırğaların, minalı üzüklərin, düymələrin, baş bəzəklərinin hazırlanmasında yüksək zövqə, peşəkar səriştəyə və mahiranə qabiliyyətə sahiblik etmişlər. Bakı və Lənkəran zərgərləri tərəfindən ərsəyə gətirilən belə sırğalar bütün Azərbaycan bölgələrində dəbdə olmuşdur. Rus rəssamı Q.Qaqarinin XIX əsrdə çəkdiyi “Şamaxılı qız” rəsmində musiqiçi qızın qulağındakı piyalə-zəng sırğa aydın görünür. Azərbaycan qadınları başlarına moruğu və ya qırmızı rəngli kəlağayı örtməyi, qulaqlarına isə piyalə-zəng sırğa taxmağı daim xoşlayardılar. Yeriyəndə və rəqs zamanı digər bəzək nümunələri (baş bəzəkləri, qızıl ətəklik və yaxalıq, sikkə kəmər və s.) ilə yanaşı, piyalə-zəng sırğalar da cingiltili melodik səslər çıxarıb xoş ovqat yaradar, mənfi auranı, nəfsi, göz (nəzər) dəyməni dəf edərdi.