Mədrəsə
Nümunənin reyestr kodu : DA0204000020
Mədrəsə – ərəbcə “məktəb”, “öyrənmək” mənasında işlədilmiş, Yaxın və Orta Şərq ölkələrində dövlət aparatı xidmətçiləri, din xadimləri (mollalar), müsəlman ibtidai məktəbləri üçün müəllimlər hazırlayan ali və orta məktəbi olmuşdur. Mədrəsələrə qəbul 16 yaşından başlanırdı. Təhsilin ilk mərhələsində ərəb dilinin qrammatikası öyrədilirdi. Bu mərhələ, adətən, 2-3 il çəkirdi. Mədrəsə təhsilində nə dəqiq proqram, nə də müəyyən edilən təhsil müddəti olurdu. Dərsi mənimsəmə müddəti 10-15, bəzən də 20 ilədək vaxt tələb edirdi. Mədrəsələrdə orta təhsil müəssisələrində olan dini təlimlərlə yanaşı, dünyəvi elmlər də tədris edilirdi. Məsələn, “Nizamiyyə”lərdə şəriət qayda-qanunları, iqtisadi biliklər, fəlsəfə, riyaziyyat, nücum, fiqh, xəttatlıq, tarix, ədəbiyyat, dil (ərəb və fars), kəlam, bəlağət, fəsahət, əlkimya, katiblik, nədimlik kimi zamana uyğun zəruri fənnlər tədris edilirdi. Mədrəsələrin quruluşunu “Rəbi-Rəşididə” mədrəsəsi timsalında öyrənə bilirik. Bu elm ocağı alimlərin və tələbələrin yaşayış kompleksindən, 2 böyük kitabxanadan, mədrəsə tədris korpusundan, şəfa evindən və digər iri tikinti komplekslərindən ibarət idi. Tanınmış tarixçi S.Onullahi qeyd edir ki, Rəbi-Rəşididə yerləşən həmin mədrəsə Bağdadın “Nizamiyyə” mədrəsəsindən sonra Şərqdə yaradılmış ilk ali təhsil ocağı idi. Həmin elm müəssisəsində müxtəlif İslam ölkələrindən gəlmiş 7 min tələbə təhsil alırdı. Burada dünyanın bir çox məmləkətlərindən (Çin, Misir, Hindistan, Suriyadan və s.) alimlər çalışırdılar. Onlar elmi işlərlə, tədris prosesi və kadr hazırlığı, eləcə də xəstələrin müalicəsi ilə məşğul olurdular. Bu elm mərkəzində həmçinin 60 min cild kitab fondu olan iki kitabxana da fəaliyyət göstərirdi.
Mədrəsə tipli tədris müəssisələri başlıca olaraq IX-XIII əsrlərdə əhalisinin çoxu müsəlmanlardan ibarət olan ölkələrdə geniş yayılmışdı. Adətən, böyük məscidlərin nəzdində fəaliyyət göstərən mədrəsələrdə kamil mürəddislər çalışırdılar. Elmin hələ də xüsusi sahələrə ayrılmadığı bir dövrdə yalnız elmi biliklərin bütün məcmusuna yiyələnmiş şəxslərə “alim” adı verilirdi. İslam Şərqində alimlərin formalaşdığı başlıca obyektlər məhz mədrəsələr olmuşdur.
Azərbaycanda mədrəsə tipli təhsil ocaqları XI əsrdə yaranmağa başlamışdır. XII-XV əsrlərdə müsəlman Şərqində mədrəsələr təhsil mərkəzləri olmaqla bərabər, həm də elmi mərkəzlər rolunu oynayırdı. Bu dövrdə Azərbaycanın bir sıra şəhərlərində iri mədrəsə kompleksləri inşa edilmişdi. İlk mədrəsələr Təbriz şəhərinin adı ilə bağlıdır. Təbriz mədrəsələrinin yaradıcısı Səlcuq hökmdarlarından Alp Arslan və Məlikşahın vəziri olmuş Nizaməlmülk 1067-ci ildən başlayaraq Səlcuq imperiyasının bir çox şəhərlərində “Nizamiyyə” mədrəsələri açdırmışdı. İlk belə mədrəsə 1067-ci ildə Bağdadda açılmışdı. Nizaməlmülk, görkəmli Azərbaycan ədibi Xətib Təbrizini Bağdaddakı “Nizamiyyə”nin kitabxana müdiri və ədəbiyyat bölümünün rəhbəri təyin etmişdi. Ömrünün sonunadək (1109) Bağdad “Nizamiyyə”sində dərs demiş X.Təbrizini ərəb tarixçisi və səyyahı Yaqut əl-Həməvi “Əl-Xətib, qrammatika və ədəbiyyatşünaslıq sahəsinin imamlarından biri” adlandırmışdır. Bu mədrəsədə bir çox dövlət və din xadimləri, münəccimlər, filosoflar, hüquqşünaslar və şairlər təhsil almışdılar. Azərbaycandan olan onlarla elm və təhsil mütəxəssisləri bu elm və təhsil ocağında çalışmışdılar (Xətib Təbrizi, Əbunəcib Sührəvərdi, Şihabəddin Sührəvərdi, Fəxrəddin ət-Təbrizi, Əbülfəzl əl-Ərdəbili, Tacəddin əl-Ürməvi, Əbdülmənaqib Zəncani və s.). Bir çox azərbaycanlı alimlərin yetişməsində bu müəssisənin rolu danılmazdır. Bu təhsil ocağı həm də bütün islam dünyasındakı, o cümlədən də, Azərbaycandakı mədrəsələr üçün bir model rolunu oynayaraq örnək olmuşdur. İsfahan, Nişapur, Bəlx, Herat, Bəsrə, Tus və Amildə də Bağdad Nizamiyyəsinin nümunələri qurulmuş və bu mədrəsənin dərs mövzuları bütün İslam ölkələrində əsrlərlə davam etdirilmişdir.
Orta əsrlər dövrünün məhşur mədrəsələri arasında Bağdadın “Əl-Kamaliyyə”, Dəməşqin “Adiliyyə” və Şirvanın “Mədrəseyi-tıbb-i (“Tibb Mədrəsəsi”) böyük şöhrət qazanmışdır. Sonuncu mədrəsəni məşhur şair Ə.Xaqaninin əmisi Kafiəddin Ömər ibn Osman açmışdı. 1259-cu ildən əsası qoyulmuş Marağa rəsədxanası və “Dar əl-ilm va-l-hukmanı” (“Elm və hikmət evi”), Təbrizdə Qazaniyyə, Qiyasiyyə, Fələkiyyə, Dəməşqiyyə, Nəsriyyə, şəhərin Şimal-qərbində yerləşən Rəbi-Rəşididə adlı mədrəsə (XIV əsrin əvvəlləri), Təbrizin yaxınlığındakı Şənbi Qazanda yerləşən rəsədxana (XIV əsrin əvvəlləri), “Şəfeiyyə”, “Hənəfiyyə” mədrəsələri, Ərdəbildə “Drül-irşad” və s. kimi elm-təhsil müəssisələri və başqaları mədrəsə təhsilinin flaqmanları olmuşdur. Bu elm və təhsil ocaqlarından miqyasına, potensialına və dünya elminə verdiyi töhfələrə görə, Təbrizin Şimal-qərbində yerləşən “Rəbi-Rəşididə” adlı darülfünu xüsusi fərqləndirmək lazımdır. Qazan xanın vəziri Fəzlullah Rəşidəddinin böyük səyi və zəhməti bahasına XIV əsrin əvvəllərində tikilib başa çatdırılan Rəbi-Rəşididə adlandırılan elm və təhsil ocağının Azərbaycanın maarif və təhsili tarixində özünəməxsus yeri olmuşdur. Azərbaycanın Şamaxı və Gəncə şəhərlərində olan mədrəsələrdə imkanlı şəxslərin, ruhanilərin uşaqları oxumuşlar. Müstəqillik illərində Azərbaycanda – Cəlilabad, Masallı, Ağdaş, Göyçay, Şəki, eləcə də paytaxt Bakıda xeyli sayda (təxminən 20-dək) mədrəsə açılsa da, sonradan onlar fəaliyyətindəki qüsurlar ucbatından qapadılmışdır. 2010-cu ilin məlumatına görə, Zaqatalanın Əliabad qəsəbəsində, Şəki və Bakı şəhərlərində dini təmayüllü 3 mədrəsə fəaliyyət göstərir. Göründüyü kimi, mədrəsələrin qızğın fəaliyyət dövrü orta əsrlərə təsadüf etmişdir. Müasir mədrəsələr dini təmayüllüdür.
-
Развитие науки и просвещения в Иране ...
Н.Бабазаде
-
Исламское образование в Азербайджане
Эльсевер Самедов, Ирада Зарганаева
-
Azərbaycanda islam mədəniyyəti
Nərgiz Əliyeva
2017
-
Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri...
Nərgiz Əliyeva
2015
-
Orta əsrlərdə Azərbaycan mədəniyyəti
Xeyirbəy Qasımov
2008
-
XIII-XVII əsrlərdə Təbriz şəhəri (sosial-iqtisadi tarix)
S.M.Onullahi
1982
- Tərtibçi və biblioqrafiya