Tikinti mədəniyyəti
Nümunənin reyestr kodu : DA0204000001
Azərbaycanda zaman-zaman xalq yaşayış evlərinin müxtəlif tipləri yaranmış, uzun inkişaf yolu keçərək, yeni tikinti üsulları, inşaat texnikası, xalq ustalarının yaradıcılıq təcrübəsi sayəsində təkmilləşmişdir. Ev tiplərinin yaranmasında ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşguliyyəti, inşaat materialları, tikinti texnikası, ictimai həyat və ailə məişəti müəyyənedici rol oynamışdır. Məhz bu amillərin təsiri ilə xalq yaşayış evləri təbii mağaralardan müasir yaşayış evlərinə kimi uzun bir təkamül prosesi keçmişdir.
Yaşayış evləri daimi və müvəqqəti yaşayış evləri olmaqla, təbii və süni mağara-evlər (kühül, zağa, kaha); qazma, qaradam, pəyəbaşı, tövləsəki, dörddirək ev; möhrə-kərpic ev (zomalaq ev, kərpic durma, qoclu ev, səlyani); qarğı-qamış ev (çovustan, qarğı durma, tapan ev, qom ev); daş ev (daxal, daşqura dəyə, qala yaşayış evi, şirvanı, tıtı ev); ağac ev (bağdadı, bitəmə, carcar, cımğa, kərtmə, çubuqhörmə, aradoldurma, cəlinəka, sündünəka); var evləri (ağ otaq, tənəbi ev, imarət, qavxanalı ev, aynabəndli ev, malikanə, mülk və s.), eləcə də maldar-elatlara məxsus müvəqqəti evlərdən (alaçıq, dəyə, muxuru, coma, qarakeçə, dünnüklü ev, mağardəyə, çadır və s.) ibarət olmuşdur.
Azərbaycanda əhalinin istifadə etdiyi ənənəvi inşaat materialları daş, ağac, gil, kərpic, əhəng, kirəmit, qır, qarğı, qamış, çubuq, keçə və s.-dən ibarət olmuşdur. Yaşayış evlərinin təhlili göstərir ki, ərazidə hansı tikinti materialı üstünlük təşkil etmişsə, evlər də həmin materiallardan inşa olunmuşdur. Məsələn, aran və dağətəyi bölgələrdə evlərin tikilməsində çiy kərpicdən, dağ və dağ ətəyi, çay vadilərində yerləşən bölgələrdə isə çay daşı və qaya daşından istifadə olunmuşdur. XIX-XX əsrin əvvəllərində Cənub bölgəsi kəndlərində orta gəlirli əhali ev tikintisi zamanı bişmiş kərpiclə çiy kərpici kombinə edərək işlətməyə üstünlük vermişdir. Ümumiyyətlə, XIX-XX əsrin əvvəllərində tikilən evlərin əksəriyyətində “ayıbalası” kərpicdən istifadə olunmuşdur. Bunun da əsas səbəbi həmin evlərin ağırlığa davamlılığı, divarlarının enli olması və divarda açırımların – taxça, yük yeri, divar şkafı, buxarı, dolab və s. qurmaq imkanı ilə bağlıdır.
Tikinti materialı kimi gildən suvaq və hörgü işlərində istifadə olunurdu. Kərpicdən tikilmiş bütün evlərin hörgüsü gil məhlulu ilə aparılır, divarın hər iki tərəfi içərisinə saman qatılmış palçıqla suvanırdı. Bundan başqa, evlərin damına və döşəməsinə suvaq çəkilir, döşəmənin üzəri xüsusi növ gillə şirələnirdi.
Ev fondunun formalaşmasında ağac materiallardan da geniş istifadə edilmişdi. Ağac materiallar evin dirək, kərən, pərdi, qapı, dam örtüyü, taxtapuş, pəncərə, sütun, sürahı, divar şkafı və müxtəlif bəzək elementlərinin hazırlanmasında istifadə olunurdu. Kərtmə, cımğa, aradoldurma kimi ev tiplərinin inşasında ağac materialları əvəzsiz idi.
XIX əsrin ortalarına qədər yaşayış evlərinin böyük əksəriyyəti kvadrat-dördkünc (pəyəbaşı, tövləsəki, dörddirək ev, qaradam) və düzbucaqlı (yerüstü təkotaqlı evlərin hamısı) planda tikilmiş birmərtəbəli evlərdən ibarət olmuşdur. Onlar həm yaşayış evi, həm də təsərrüfat tikilisi kimi əməli əhəmiyyət kəsb etmişdir. XIX əsrin ortalarından başlayaraq inşaat ənənələrinin zənginləşməsi, xalq sənətkarlarının yen quruluşlu evlər tikmək bacarığının artması, başlıcası isə ailənin güzəranında məişət və təsərrüfat bölmələrinin bir-birindən ayrılması nəticəsində evlərin yaşayış və təsərrüfat-istehsal hissəsinə bölünməsi prosesi başlanmış, beləliklə, yeni plan quruluşlu evlər meydana çıxmışdır. Etnoqrafik materialların təhlili göstərir ki, Azərbaycanda ənənəvi yaşayış evlərinin əksəriyyəti cərgəvi (düzdəmə), kəllayı (kəlləzal) və qoşa kəllayı planda qurulmuşdur.
Xalq sənətkarlarının tikinti zamanlı istifadə etdiyi alətlər çeşidliyinə görə seçilirdi. Bura inşaat materiallarını hazırlamaq üçün istifadə olunan alətlər – bel, kərpic qəlibi, kirəmit qəlibi, daş baltası, daş çəkici, mişar, ərəkeş, balta, kərki, qabıqyonan, məngəl, dəhrə, rəndə, iskənə, torpaq şadarası, inşaat prosesində tətbiq olunan alətlər – teşə, mala, kəmçə, taraz, şaqul, hörgü ipi, künyə, şümşad, xərək, palçıq təknəsi, çəkic, dartı, möhrəkeş və s. aiddir. Məhz bu alətlərin köməyi ilə bənna, xarrat və dülgərlər ev inşası sahəsində zəngin təcrübə əldə etmiş, ev fondunun genişlənməsinə xidmət göstərmişlər.
-
Azərbaycan etnoqrafiyası, II cild
2007
-
Строительное искусство Азербайджана
К.Мамед-заде
1983
-
İslam memarlığı və inşaat
Arif Abasov, Elçin Abasov, Elmira Hüseynova
- Biblioqrafiya və tərtibçilər