Diyarşünaslıq
Nümunənin reyestr kodu : D00000000001
Azərbaycan bəşər sivilizasiyasının qədim mərkəzlərindən biridir. Arxeoloji tədqiqatlar burada ilk insanların çox qədim çağlardan – 1,5-2 milyon il öncədən davamlı yaşadığını göstərir. Tarixi-arxeoloji araşdırmalar göstərir ki, Azərbaycanda həyat qədim daş dövründən bu günədək fasiləsiz olaraq davam etmiş, eneolit və tunc dövrlərinin Şomutəpə-Şulaver, Kültəpə, Leyla təpə, Kür-Araz, Xocalı-Gədəbəy, Talış-Muğan arxeoloji mədəniyyətləri bir-birini əvəzləmiş və Azərbaycanda sosial-təsərrüfat həyatının ardıcıllığını təmin etmişdi.
Şərqlə qərbin qovuşuğunda, Böyük İpək karvan yolunun üstündə yerləşən Azərbaycan qədim tarixi ilə yanaşı, həm də zəngin mədəniyyətə sahibdir. Əlverişli coğrafi şərait, 11 iqlim qurşağından doqquzunun bu bölgəyə düşməsi burada qədim zamanlardan müxtəlif təsərrüfat sahələrinin yaranması və inkişafına əsaslı zəmin yaratmışdı. Burada hələ neolit dövründən dəmyə əkinçilik əhalinin təsərrüfat həyatında əsas yerlərdən birini tutmuşdu. Əkinçilik və maldarlıqdan əlavə, çəltikçilik, ipəkçilik, qoyunçuluq, ovçuluq, balıqçılıq və digər sənət sahələri də inkişaf etmişdi. Bundan əlavə, daşişləmə, dulusçuluq, ağacişləmə, metalişləmə, dəmirçilik, dabbaqlıq, kürkçülük, çəkməçilik, sərraclıq, boyaqçılıq, keçəçilik, toxuculuq və digər sənət sahələri ta qədimdən əhalinin iqtisadi həyatında mühüm rol oynamış, onun əsas keçim qaynağını təşkil etmişdi.
Azərbaycan cəmiyyəti nəsildən-nəsilə ötürülərək günümüzə gəlib çatan müəyyən ənənə üzərində kök salmışdı. Bu ənənə nəsildən-nəsilə ötürülən adətlərin, əxlaq normaları, görüş və zövqlərin və s. məcmusundan ibarətdir. Azərbaycanda yaşayan hər bir fərd hələ uşaq yaşlarından birgəyaşayış qaydalarını tənzim edən adət-ənənə ilə tanış olur və kiçik yaşlarından mənimsədiyi bu adət-ənənəyə riayət etməyi özünə borc bilir. Adət-ənənələr insanları bütün həyatı boyu müşayiət etmiş, onların daxili aləminə, dünyagörüşünə təsir göstərərək estetik, etik və emosional hisslərinin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynamışdı. Hətta cəmiyyətin indiki inkişaf mərhələsində – bir çox adətlərin unudulub sıradan çıxdığı dövrdə belə sosial funksiyasını mühafizə etməkdədir.
Azərbaycanda ənənəvi mədəniyyətin bir hissəsini təşkil edən bayramlar isə əhatəliliyi və qədimliyi ilə seçilir. Qədim mədəniyyətlərdə rast gəlinən keçid dövrləri üçün xarakterik bir çox mərasimlərin – qışın yarı olması münasibətilə keçirilən Xıdır Nəbi bayramı, təbiətin dirilməsi, canlanması münasibətilə keçirilən Novruz bayramı, ölüb-dirilməni simvolizə edən “Padşah oyunu”, artımı simvolizə edən “Kuf oyunu” və s. bayram və mərasimlərin bu gün də yaşadılması Azərbaycanda bayram mədəniyyətinin qədimliyindən xəbər verir. Bu bayramlar toplumun bütün üzvlərini birləşdirməklə yanaşı, onlarda azadlıq, kollektivlik hissləri oyadır, onlara həmrəylik duyğusu aşılayır.