Məskunlaşma
Nümunənin reyestr kodu : DA0200000001
Azərbaycanda hər bir tarixi dövrün sosial-iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq mağara düşərgələri, qayaarası yarıq və qayaaltı oyuqlardan ibarət sığınacaqlar (kühül, kaha), açıq düşərgələr, qalalar, qalaçalar (siklop tikililəri), qəsrlər, kəndlər, müvəqqəti elat obaları (binə, yataq, sığırxana, qışlaq), qəsəbə və şəhərlər, eləcə də Abşeronda “bağlar” adı ilə bəlli olan mövsümi məskən növləri mövcud olmuşdu.
Azərbaycanda geniş yayılmış yaşayış məskəni kənddir. Kənd oturaq əhaliyə məxsus daimi yaşayış evləri, təsərrüfat tikililəri, həyətyanı sahələri, inzibati, sosial-mədəni, dini mərkəzləri, ümumi otlaqları, əkin sahələri, içməli suları, ayrıca qəbristanlığı olan və əhalinin etnik tərkibinin ümumiliyi ilə xarakterizə olunan tarixən formalaşmış məskəndir. Yaşayış məskənlərinin tarixən yaranmış digər sosial-iqtisadi tipləri – oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. müvəqqəti elat yaşayış məskənləri olmuşdu. Bəzi müvəqqəti yaşayış məskənləri (binə, oba, yataq, qışlaq, sığırxana) tarixən maldarlıq təsərrüfatının inkişafı ilə sıx bağlı olmuş, əhalinin daimi yaşayış məskəninin – kəndin yaranmasında ilkin mərhələ təşkil etmişdi.
Daş dövründə ölkəmizin ərazisində ilk məskən növləri çox vaxt mövsümi və müvəqqəti səciyyə daşıyan açıq düşərgə, təbii mağara, qayaaltı və qayaarası sığınacaqlar olmuşdu. Azərbaycan ərazisində “düşərgə” və ya “insan düşərgəsi” adlanan xeyli belə yaşayış məskənləri (Azıx, Tağlar, Buzeyir, Daşsalahlı, Damcılı düşərgələri) aşkar olunmuşdu.
Azərbaycanda mağara məskənlərinin tarixən iki növü – uca dağların sıldırım yamaclarında yaranmış təbii mağara və dağətəyi ərazilərdə salınmış süni kühül tipli məskən növləri təşəkkül tapmışdı. Mustye dövrü (100 min-35 min il bundan əvvəl) mağara və açıq tipli düşərgələri Daşsalahlı, Tağlar, Köçəsgər, Qədirdərə ilə təmsil olunur. Son Paleolit (35 min – 12 min il bundan əvvəl) məskənləri Qazax rayonu ərazisində Damcılı mağarası, Şıxlı kəndi yaxınlığındakı Yataq düşərgəsi, habelə Qobustan düşərgələri (Firuz, Ana zağa, Ovçular zağası) ilə təmsil olunur. Bu dövrdə gəzərgi məişət tərzindən oturaq həyata keçilmiş, təbii mağaralarla yanaşı, qazma və daxma (daşqura) tipli evlərdən ibarət ilk süni məskənlər yaranmağa başlamışdı.
Neolit dövründə oturaq həyat tərzinin yayılması süni tikililərdən ibarət kənd tipli qəbilə məskənlərinin meydana gəlməsinə səbəb olmuşdu. Belə yaşayış məskənləri Qobustan, Xanlar düşərgəsi, Damcılı, Yanıqtəpə və Həsənlinin alt təbəqəsində aşkar olunmuşdu. İnşaat-memarlıq üslubunun gözə çarpdığı düzbucaqlı və dairəvi plana malik kərpic hörgülü tikililər isə ilk dəfə eneolit dövründə təşəkkül tapmışdı. Yastı damlı, düzbucaqlı evlərə malik məskənlər daha çox Urmiya ətrafı üçün, ikinci tip kəndlər isə Kür vadisi, xüsusilə, onun orta axını ətrafındakı ərazilər üçün səciyyəvi olmuşdu.
İlk sinifli cəmiyyətin meydana gəlməsi yaşayış məskəninin yeni tipinin – şəhər və qəsəbə tipli məskənlərin yaranmasına əlverişli zəmin hazırlamışdı. Azərbaycanda şəhər tipli ilk yaşayış məskənləri hələ e.ə. I minilliyin əvvəllərində meydana gəlmişdi.
Orta əsr şəhərləri, bir qayda olaraq, istehkam səciyyəsi daşıyan mazqallı qala divarları ilə əhatə olunurdu. Bakı, Şabran, Xunan, Bərdə, Xalxal, Gəncə, Şəmkir, Dərbənd və s. kimi qala divarları ilə əhatə olunmuş belə şəhərlər üç hissədən – İçqala, Şəhristan (əsilzadələrin yaşadığı hissə) və rabatdan (sənətkarlıq və ticarət məhəllələri) ibarət idi. Zadəgan zümrəsinin möhkəmlənməsi nəticəsində orta əsrlərdə qəsr tipli məskən növləri (Abşeron qəsrləri) meydana gəlmişdi. Sənət və ticarətin inkişafı ilə qəsəbə tipli feodal məskənləri və karvan yolları üzərində xırda karvansaraylar yaranmışdı. Karvan yolları üzərində qərar tutan bu karvansaraylar feodal məskənlərinin xüsusi bir növünü təşkil edirdi.
XI-XII əsrlərdə Azərbaycanda 70-dən çox şəhər vardı. Böyük şəhərlərdə 200-300 min əhali yaşayırdı. XV-XVI əsrlərdə Təbriz, Gəncə, Ərəş, Ərdəbil, Culfa, Bərdə, Bakı, Naxçıvan, Marağa, Dərbənd, Şamaxı şəhərlərində əhali xeyli artmış, sənət və ticarət canlanmışdı. XIX əsrdən kapitalist münasibətlərinin inkişafı Şimali Azərbaycan şəhərlərinin iqtisadi həyatına sənaye müəssisələrindən ibarət yeni istehsal ünsürləri daxil etmişdi.