AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cuna

Nümunənin reyestr kodu : SD0302000024

Cuna – fransız sözü olub, nazik, şəffaf parça deməkdir. Cuna yüngül, şəffaf, hidroskopik, kətan toxunuşlu parça növü kimi keçmişdə əsasən qadın baş geyimlərinin hazırlanmasında, qismən də paltar tikilişində istifadə olunmuşdur. O, iki cür – ağardılmış və qismən də xam şəkildə olan parça növü kimi istehsal edilirdi. Cuna bir parça növü kimi heç vaxt kustar istehsal məhsulu olmamış, ancaq fabrikdə kütləvi istehsalına rəvac verilmişdir. Sənətşünaslıq doktoru S.S.Dünyamalıyeva qadın baş geyimlərini baş örtükləri və baş bəzəkləri olmaqla iki qrupa ayırır. Baş örtüklərini isə öz növbəsində, təyinatına görə gigiyenik, mühafizə və bəzək funksiyası daşımaqla üç qrupda cəmləşdirir. Müəllif cunanı, fitə, qaşbənd, ləçək, tül, çutku, araqçın, xınabənd, qıyqac və təsəklə birlikdə gigiyenik funksiya daşıyan baş geyimləri qrupuna daxil edir.

Cuna keçmişdə nazik pambıq parçadan və ya tənzifdən (tənzif – ərəbcədən tərcümədə təmizləmə, pak etmə mənasını verir) dörkünc və ya üçkünc kəsilərək kənarları bəzəkli və ya bəzəksiz olan baş geyimi olmuşdur. Onu saçları bir yerə yığmaq, bunun üstündən geyiləcək qiymətli baş geyimlərini saçın tərindən qorumaq üçün başa bağlayırdılar. Cuna dördkünc kəsildikdə, onu dioqanal boyunca qatlayır, dioqanal hissəni alın tərəfdən başa salır, uclarını arxada saçın altından keçirərək çarpaz şəkildə alında qarşı-qarşıya gətirir və burada düyünləyirdilər. Cunanın başda sürüşməməsi üçün, bir qayda olaraq, qullabıdan (çəngəl, boğazaltı) istifadə edirdilər. Qullabı əsasən qızıldan hazırlanır, uclarına, üstünə qarmaq qaynaq edilmiş qızıl pul bərkidilirdi.

Keçmişdə azərbaycanlı qadınlar eyni zamanda üç baş geyimindən istifadə edərdilər. Əvvəlcə başa cuna və ya kətan bağlanar, onun üstündən kəlağayı salınar, sonra isə ləçək və ya qəsabə, sərəndaz, zərbab kimi örpəklər örtülərdi. Adətən, cuna ağ rəngli, kəlağayı (çarqat) əlvan rəngli (narıncı, al, çəhrayı və saçaqlı) olaraq qadının qəddi bərabərində dayanar, sərəndaz, zərbab, qəsabə kimi öptüklər isə qızılla, sərlə toxunulmuş qiymətli parçalardan tikilərdi. Başa örtüləndə sərəndazın ətəyi gərdənə (belə) qədər çatardı.

Başa (saça) çutqu geydikdə qadınlar bəzən onun üstündən cuna bağlayardılar. Bir qayda olaraq, saçlara (hörüklərə) geyilən çutqunun qaytanları ya boğazın altında, ya da alında bağlanırdı. Alının üstündə çutqunun görünən hissəsinə “çutquqabağı” tutulurdu. Adətən, çutquqabağı məxmər və tafta ilə, eləcə də gümüş və qızıl kəsmə bəzəklərlə işlənirdi. Bayramlıq qadın çutqusu bahalı ipək parçalardan hazırlanır, rəng parlaqlığı ilə (qırmızı, yaşıl, sarı, göy və s.) seçilirdi. Çutqunun özü və çutquqabağının bəzək elementləri görünsün deyə, çox zaman onun üstündən zərif işləməli cuna (püstümarı cuna, misqalı cuna) çəkər, tor örpək örtər və ya narın toxumalı kələğayı bağlayardılar. Azərbaycanda məskunlaşan ingiloy qadınlarının, xüsusilə də kasıb qadınlarının baş geyimləri içərisində başlıca yer tutan “çikila” adlanan cuna yaylıq da mövcud olmuşdur ki, onu 2 X 1m. ölçüdə hazırlamışlar.

Azərbaycanda baş geyimi kimi cuna adi cuna (saya, ağ rəngli), zərif işləməli cuna (püstümarı cuna, misqalı cuna) və “çikila” (cuna yaylıq) olmaqla üç çeşiddə hazırlanırdı. Adi cuna kəlağayı və örpək kimi baş örtüklərinin altından bağlanır, zərif işləməli cuna çutkunun və çutkuqabağının üstündən başa salınır, “çikila” (cuna yaylıq) isə başa sərbəst qaydada örtülürdü.

Qədim tarixi olan pambıq parça toxuculuğunun ənənəvi parça növləri (bez, çit, şilə, qədək, codana, midqal, qələmkar və s.) uzun əsrlər boyu xalqın geyim dəstində istifadə olunsa da, cuna toxuculuğunun yaşı nisbətən cavan olub, fabrik istehsal üsulunun meydana gəldiyi XVII-XVIII əsrlərə təsadüf edir. Cuna istehsalına kütləvi surətdə XIX-XX əsrin əvvəllərindən başlanmış, Azərbaycana gətirilmə rus və əcnəbi parça məhsulları içərisində cunaya da rast gəlinmişdir. Dərbənd azərbaycanlıları “burma” adlandırdıqları çalmanıın materialı kimi ağ rəngli (saya) cunadan istifadə edərdilər. Onu əsasən yaşlı qadınlar bağlayardılar. Cunadan bütün Azərbaycanda istifadə edilsə də, “çikila” adlanan cuna yaylıq Şəki-Zaqatala bölgəsi üçün xarakterik olmuşdur. Keçmişdə cunadan baş geyimi kimi istifadə olunsa da, müasir dövrdə ondan həm sarğı materialı kimi (tənzif), həm paltar tikilişində köməkçi material kimi, həm də poliqrafiyada (xəritələri yapışdırmaq üçün) istifadə edilir.