AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çarıq

Nümunənin reyestr kodu : SD0301000004

Keçmişdə kişi ayaq geyimlərinin müxtəlif növləri əhalinin geniş istifadəsində olmuşdur. Bunlar çarıq, başmaq, dübəndi, мугур, zəngəl, qondara, şiblit, uzunboğaz çəkmə (boğazlı, xrom çəkmə, lapçın), çust, məst, nəleyin, corab, patava, dolaq, badış və başqalarından ibarət idi. Ayaq geyimlərinin növlərinə görə, şəhər və kənd əhalisi ilk baxışdaca seçilirdi. Adətən, şəhər əhalisinin ayaq geyimləri yaxşı aşılanmış göndən (sağrı, ətvi, meşin, tumac, müşkü, müşəmbə) xüsusi ülgü əsasında tikilir, təzəliyi ilə diqqəti cəlb edirdi.

Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin gündəlik ayaq geyiminə çevirmişdi. Kənd yerlərində, o cümlədən elat məişətində çarığın kütləvi ayaqqabı növünə çevrilməsində maldarlıq təsərrüfatının inkişafı və onu hər kəsin özünün biçib-tikməsi faktı mühüm rol oynamışdır. Çarıq həm aşılanmış, həm də xam göndən (sığır, camış, at, dəvə, uzunqulaq və s.) tikilirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1-2 cüt çarığı da olurdu ki, onu, adətən, bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6-12-yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan “döşəmə” salıb istifadə edirdilər.

Çarıq, hər kəsin ayağının ölçüsündə biçilir, qabaqdan başlayaraq dabana doğru tikilirdi. Çarığın ayaqda dayanması üçün onun dabanına köşədən 2-3 ədəd “körpü”, dabanla pəncə arasının yanlarına bir cüt olmaqla “üzəngi” (“gözək”), pəncə üstünün yanlarına isə “gözlər” (“bacalar”) toxunurdu. Tikmə işi ya üzərinə mum çəkilmiş eşmə iplik vasitəsilə, ya da göndən nazik çəkilmiş “köşə” (sirim, duvula, çirə) vasitəsilə aparılırdı.

Çarıq ayağa geyildikdən sonra “çarıqbağı” vasitəsilə bağlanırdı. Çarıqbağı rəngli toxunma ipdən hazırlanırdı. Bir qayda olaraq, gəlinin cehizləri içərisində xeyli çarıqbağı olurdu. Çarıqbağını pəncəüstü gözlərə çarpaz doladıqdan sonra onun uclarını daban körpüsünə və yan üzəngilərə keçirir, artıq qalan hissəsini isə baldıra dolayıb bağlayırdılar. Çarığı, bir qayda olaraq, müxtəlif yun corab (saya və bəzəkli), badış, patava və dolaqlarlа geyirdilər. Yun corabın üstündən şaxtalı havalarda dolaq bağlanırdı. Onu, eni 20 sm, uzunluğu isə 70-80 sm olan sıx toxunma şaldan hazırlayırdılar. Dolaq baldıra, patava isə ayağa kip sarınır, şalvarın balağını qıvraq saxlayır, təsərrüfat işləri zamanı sərbəstlik yaradırdı. Bəzən çöl-təsərrüfat işləri zamanı dolağı badış əvəz edirdi. Kişilər şalvarın balağını onun içərisinə qabqarıb topuqdan yuxarı və dizdən aşağı qaytanla bağlayırdılar.

Təsnifat baxımından iki növ çarıq vardı: kişi çarığı və qadın çarığı. Quruluş etibarı ilə kişi və qadın çarıqları bir-birinə bənzəsələr də, tikiş qaydasına və üstünün formasına görə çarıqların müəyyən tipoloji növlərinə təsadüf olunurdu. Buna müvafiq olaraq kişi çarıqları müxtəlif adlarla tanınır və bir-birindən fərqləndirilirdi. Azərbaycanda kişi çarıqlarının “kotuğu”, “quşburnu”, “qızqaytaran”, “kalmanı”, “xəlbirqırağı”, “quşgözü”, “şirvanı” (şirmayı və ya şatırı), “şirazı”, “üstlü çarıq”, “zilani-kürdü”, “qurdağzı”, “təkburun”, “qılbüzmə”, “divel”, “əcəmi”, “üçburun”, “qarabağı” və s. kimi biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Çox zaman çarığı onun burnunun quruluşuna görə fərqləndirirdilər: “çitmə burun”, “quşburnu”, “təkburun”, “üçburun” və s. “Şirazı çarıq” yaraşıqlı olduğu üçün, adətən, toy-bayram libası ilə geyilirdi. Üstlü çarığı başlıca olaraq varlı maldarlar (sərkar, kəllədar) geyirdi. Onun üstünə əlavə olaraq tumac və ya kosaladan üzlük tikildiyi üçün belə adlanırdı. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan, Lənkəran-Astara və s.) qismən də olsa, həsirdən hazırlanan “həsiri çarıq”lara da təsadüf olunurdu. Qərb bölgəsi əhalisinin bayram libası dəstinə daxil edilən “quşgözü çarıq” digər çarıq növlərindən öz yaraşığı ilə seçilirdi. Onun pəncə üstü ipli olur, bəzəkli çarıqbağı ilə bağlanırdı. Çarığın ayaqda gözəl görünməsi üçün adətən, üzəngi bəndlərinin altından hər iki yanda simmetrik olmaqla sərçə gözü boyda deşiklər qoyulurdu. Lənkəran-Astara bölgəsində geyilən çarıq “şım” adlanırdı. Burada alınma dəvə gönündən tikilən “şatra şım” daha çox dəbdə иди. Onu tikmək üçün istifadə olunan göndən çəkilən duvula (köşə) qızılağacının qabığından hazırlanmış məhlulla qırmızı rəngə boyadılırdı. Çarıq patava ilə geyiləndə ona “şım-putya” deyirdilər. Çarığın “şımaband” adlanan pəncəüstü, duvula vasitəsilə çalkeçir şəkildə hörülürdü.

Çarıq kişi ayaq geyimlərinin ən qədim və geniş yayılmış növü olsa da, onun geyilmə tarıxi məlum deyildir. Ancaq tam cəsarətlə söyləmək olar ki, bu ayaq geyimi ibtidai insanların dəridən istifadə etdiyi dövrə təsadüf edir. Azərbaycanda çarıq, başmaq, məst və uzunboğaz çəkmə növlü ayaq geyimlərindən istifadə olunmasının qədim tarixi olduğunu Mingəçevir tapıntıları da təsdiq edir. Belə ki, Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən və miladdan əvvəl XI-VIII əsrlərə aid edilən gil ayaqqabı-qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılarla tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. Yayılma arealına gəldikdə isə çarıq ayaq geyimi Azərbaycanın bütün tarixi-etnoqrafik bölgələrinin kənd əhalisi arasında XX əsrin 40-50-ci illərinə qədər istifadədə olmuşdur.