AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Türbə

Nümunənin reyestr kodu : DA0204000014

Türbə sözü türk mənşəli olub, “türbət” – yəni, “duran” (“dayanan”) ev, “daimi ev” anlamına gəlir. Dünya memarlığının ən gözəl və möhtəşəm abidələri sırasında türbə adlanan memarlıq kompleksinin xüsusi yeri olmuşdur. Keçmişdə türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, dünya şöhrətli şair-mütəfəkkirlərin, əmirlərin, vəzir və hərbi rəhbərlərin və b. qəbirləri üzərində ucaldılmış, üstü xüsusi qübbələrlə örtülmüş və kamil memarlıq sənəti nümunəsi olan abidələrə deyilirdi. VII əsrdən başlayaraq tanınmış islam mütəfəkkirlərinin üstü açıq olan məzarlarına da, onlara hörmət əlaməti olaraq türbə deyilmişdir. Türbə arxitektura kompleksi memarlıq ədəbiyyatında “xatirə memarlığı” kimi məlum olub, genetik kökləri baxımından qədim türk memarlığı nümunələri ilə səsləşir və türk etnik-mədəni mühitinin milli-müəyyənlik göstəricisi kimi qəbul olunur. Şərqdə İslam dininin ehkamları canlıların təsvirini günah hesab etdiyinə görə, vəfat etmiş şəxsin xatirəsini əbədiləşdirmək üçün daşla işləyən sənət ustaları heykəltəraşlıq abidələri (qoç daş, at və s.) əvəzinə, qəbirlərin üzərində müxtəlif quruluşlu və formalı türbələr ucaldırdılar. Memarlıq quruluşuna görə orta əsr türbələri kubşəkilli, 8-10 bucaqlı və ya guşəli, yarımsilindirik birləşməli, qülləvari olurdu. Hər bir türbə yeraltı və yerüstü hissələrdən ibarət olub, kümbəz, qüllə (minarə), ziyarət və ya məzarlıq otaqları (kamera və ya sərdabə) və orada yerləşdirilmiş məzar sənduqəsi ilə təchiz olunurdu. Kümbəzlə örtülən kubşəkilli türbələrdə sənduqə döşəmə səviyyəsində, qülləvari türbələrdə isə yeraltı sərdabədə yerləşirdi. Türbələrin xarici səthləri isə, bir qayda olaraq, memarlıq dekorları, naxışlı ornament və kitabələrlə bəzədilirdi.

Türbələr kompozisiya quruluşuna görə kubşəkilli, çoxbucaqlı, qülləvari olmaqla bir neçə qrupa bölünür. Azərbaycanda bu qrupların hər birinə dair orta əsrlərdə inşa olunmuş nümunələrə rast gəlmək olur.

“Xatirə memarlığı” hesab olunan türbə tikintisinin tarixi qədim dövrlərlə səsləşir. Hələ Qədim Misirdə fironların sərdabələri üzərində möhtəşəm xatirə qurğuları – ehram (piramida), onların yanında mərhum məbədləri və mastabalar tikildiyi tarixdən məlumdur. Memarlıq araşdırıcıları türbələrin ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikililərindən nəşət tapdığını təsdiqləyirlər. Bu cəhət xüsusilə qülləvari türbələrin timsalında aydın izlənir. Qırğızların ”Manas” eposunda türbə “gerçək ev” adlandırılır. XII əsrdə böyük Səlcuq sultanı Səncər sağ ikən dövlətinin paytaxtı Mərvdə özü üçün əzəmətli bir türbə tikdirir və onu “gələcək yaşayışın evi” adlandırır. Elxani hökmdarlarından Qazan xan XIII yüzilliyin sonunda Təbrizdə, Olcaytu xan isə Sultaniyyədə öncədən özləri üçün möhtəşəm türbələr ucaltmışdılar. Araşdırmalar sübut edir ki, türbələrin – xatirə tikililərinin əsas yayıcıları müsəlman aləmində Səlcuqlar olmuş, Avropada çox zaman qülləvari türbələri məhz “Səlcuq türbələri” adlandırırlar. Öz gözəlliyi, möhtəşəmliyi və bənzərsizliyi ilə diqqəti cəlb edən, türk memarlığının yaratdığı “Tac-Mahal” xatirə tikilisi – türbə-məqbərə kompleksi Hindistanın Aqra şəhərində inşa edilmişdir. Bu türbəni Böyük Moğol dövlətinin hökmdarı müsəlman Cahan şah sevimli qadını Mümtaz Mahalın şərəfinə ucaltmış, 20 il çəkən tikintisinə 47 milyon qızıl lirə xərclənmişdir. Hündürlüyü 75 m. olub, yüz minlərlə əqiq, sədəf, füruzə, zümrüd, yaqut, brilyant, inci kimi qiymətli daşlardan istifadə edilməklə, ağ və çəhrayı mərmərdən tikilmiş bu möhtəşəm tikili 4 minarəlidir.

Azərbaycan ərazisində türbə tikilisinin ən möhtəşəmi XII əsrdə memar Əbubəkr Əcəmi Naxçıvani tərəfindən inşa olunmuş “Mömünə Xatun” türbəsi olmuşdur. Bu türbəni Atabəylər-Eldənizlər dövlətinin banisi Şəmsəddin Eldəniz sevimli zövcəsi mərhum Möminə xatunun şərəfinə tikməyi əmr etsə də, az sonra özü də vəfat edir və bu işi onların oğlu Məhəmməd Cahan Pəhləvan 1186-cı ildə tamamlayır. Türbənin ümumi quruluşu sərdabə, künbəz və qüllədən ibarət olub, onbucaqlı həcmə və 25 metrlik hündürlüyə malikdir. Memar Əcəminin “şah əsəri” hesab olunan Möminə Xatun türbəsi özünün kompozisiya – memarlıq quruluşuna və bu quruluşun möhtəşəm priyomlarla həllinə, mükəmməl forma və üsullarına, Şərq memarlığına xas olan zəngin sənət ifadəsi vasitələrinə görə bu gün də görənləri heyran edir. Orta əsrlərin yadigarları olan Yusif Küseyir oğlu türbəsi, Qarabağlar türbə kompleksi, Göy kümbəz, İmamzadə türbəsi, Bərdə türbəsi, Qubanın Ağbil kəndindəki türbələr, “Diri Baba” türbəsi, eləcə də XIX əsrdə Şamaxıda inşa olunan “Yeddi kümbəz türbələr kompleksi”, Qazaxda “Göy türbə” və yaxud Hacı Mahmud Əfəndinin türbəsi və b. xatirə tıkililərinin nadir incilərindən hesab olunur. Azərbaycanda Sovet hakimiyyəti illərində də türbə tikilişi davam etdirilmişdir. Gəncə şəhərində böyük şairimiz Nizaminin, Şuşada – Cıdır düzündə M.P.Vaqifin şərəfinə ucaldılmış xatirə tikililəri – türbələr buna misaldır.