Tuman
Nümunənin reyestr kodu : SD0304000011
XIX-XX əsrin əvvəllərində yaşlı qadınların geydiyi cütbalaq (taylı tuman, cüttuman) kimi üst geyim növü ilə yanaşı, qadın üst tumanı da geniş yayılmışdı. Qadın üst tumanı xiştəksiz (miyançasız) tikilməklə, iki variantda (büzməli və qırçınlı) hazırlanırdı. Belə tuman 7-10 taxta parçadan hazırlandığı üçün el arasında ona “taxtalı tuman” da deyilirdi. Taxtaların eni bəzən 70-80 sm-ə çatırdı. Tikilməsi asan başa gələn tumanları hər qadın özü biçib-tikə bilirdi. Boya müvafiq ölçüdə kəsilən parça hissələri bir-birinə birləşdirilir, başı ya parçanın özündən qatlanır, ya da əlavə parça tikilərək köbə verilir, nifə adlanan hissə əmələ gətirilirdi. Nifədən tumanbağı (xonçar) keçirilərək tarım çəkilir, tumanın beldə dayanmasını təmin edirdi. Tumanın ətəyi ya özündən 3-5 sm ölçüdə, ya da əlavə parçadan köbə verməklə qatlanırdı. Muğan qadınları arasında belə tumanlar “qarmanlı” və “çimdikli” tuman adı ilə məlum idi.
Maddi imkandan asılı olaraq qadın üst tumanı qanovuz, darayı, misqalı tirmə (misqalı tirmə – Azərbaycanda, İranda, Hindistanda, Türkiyədə kustar üsulla istehsal olunan, üzəri müxtəlif həndəsi və nəbatı naxışlarla bəzədilmiş nazik yun parçadır), alışı, marpus, qaz-qazı, tirmənüma, zərxara, zərməxmər, alxara, zərələm, zərnədur, baqaniya, məxmər, naşura, tafta, atlaz və s. kimi bahalı parçalardan, eləcə də çit, lastik, sətin, müxtəlif rənglərə boyanmış mitqalı ağ, şal və s. kimi ucuz parçalardan tikilirdi.
Yaş fərqindən asılı olaraq qocaların (qarıların) tumanı adətən birrəng (qara, yaşıl, göy, palıdı və s.) parçadan, qız-gəlin tumanı isə daha gözəgəlimli rəngli-güllü parçalardan hazırlanırdı. Adətən, orta yaşlı qadın tumanı 10-12 taxtadan (hissədən) ibarət biçilir və taxtaları bir-birinə tikməklə hazırlanırdı. Büzməli tumanın beldə qalan hissəsi büzülərək (çinlənərək) 5-6 sm enində olan nifəyə tikilirdi. Nifədən keçirilən ucu qotazlı (pürçümlü) ipək tumanbağı ilə tuman belə bağlanırdı. Qırçınlı tumanda isə büzmə və nifəyə ehtiyac olmur, taxtanın baş tərəflərini bir-birinin üstünə qoyub “qasdıqdan sonra” (buna “qatlama” və ya “papirosu qatlama” deyirdilər) üstünə köbə tuturdular. Qırçınlı tumanı beldə saxlamaq üçün onu, sol yanda köbənin davamı kimi tikilmiş qatma ilə və ya ilgək-düymə ilə bağlayırdılar. İlgək-düymə ilə bağlanan tuman “ətək” adlanırdı. Bunun üçün tumanın başına təxminən 8-10 sm uzunluğunda yarıq qoyulurdu. Formasından asılı olmayaraq, geyilərkən hər iki tumanın başı üzəri bəzəklərlə zəngin olan üst köynəyinin altında qalırdı. Buna görə də çox zaman tuman və köynək eyni rəng parçadan biçilib tikilir, bəzən də al-qırmızı ilə yaşılın rəng harmoniyası yaradılır, yəni tuman yaşıl rəngdə olduqda köynək qırmızı parçadan və ya əksinə hazırlanırdı.
Gəncəbasar bölgəsində bəzən bağlı-qotazlı tumanların ətəyi yarıdan aşağı qırçınlı formada tikilirdi. Qırçınlı tuman dizə qədər 5-6 taxtadan, dizdən aşağı isə 10-12 taxtadan hazırlanırdı. Taxtaların qovuşduğu hissəyə tikiş boyu yaşıl, göy, qırmızı və b. rəngli atlaz və tirmədən zolaq (qıy) qoyulurdu. XIX əsrin sonu XX əsrin əvvəllərində Şəki-Zaqatala bölgəsində isə qadın tumanının balağı enli olurdu. Onun ətəyinə əlvan parçadan enli ətəklik tikilirdi. Bəzən tumanın ətək yanlarına enli lentə bənzər “döşünkü” deyilən ətəklik də tikilirdi. Bu bəzək növü köynək və arxalığın boynuna, ətək yanlarına, cib kənarlarına, qollarının ağzına da əlavə olunurdu. Taylı tumanın yuxarı hissəsi saya parçadan, orta hissəsi əlvan parçadan, ətək yanları isə dosunkadan olurdu. Qadın tumanlarının ətək hissəsinə 3-5 sm enində, üzəri pullar və tikmə naxışlarla bəzədilmiş “balaq” adlanan əlavə parça da tikilirdi. Belə tuman balağı özgə rəng parçadan, həm də eninə tikildiyinə görə, etnoqrafik ədəbiyyatda “qıyqac balaq” və ya “qıyqac köbə” kimi qeydə alınmışdır. Şirvanda belə qadın tumanlarının ətəyi bafta, qaragöz, hərəmi, gümüş və qızıl pul, qiymətli ipək parçalardan tikilmiş “qıyqac balaq” və s. ilə tamamlanırdı. Dövlətli qadınların xara və məxmərdən tikilmiş tumanının ətəyi 2-3 cərgə “bacaqlı” və ya qızıl pulla bəzədilirdi. Çox vaxt “bacaqlı” ilə qızıl pul arasına “real” və ya “imperial” da düzülürdü. Naxçıvan qadınlarının tumanlarının ətəyi də çox zəngin bəzədilirdi. Tuman ətəyinin bəzədilməsində muncuqlu tikmə, məlilə, pilək, gümüş burmalar, doldurma və s. tikmə növlərindən istifadə edilirdi.
Qadın tumanları, bir qayda olaraq, alt tumanı, orta (ara) tumanı, üst tumanı olmaqla üç çeşiddə hazırlanırdı. Bəzən iqlim şəraitindən və imkandan asılı olaraq 2, 5, hətta 8 tumanı üst-üstdən geyinə bilirdilər. Lənkəran düzənliyi, Şəki-Zaqatalanın bir çox kəndləri və Naxçıvan-Ordubad bölgəsi istisna olmaqla, qadın tumanı, əsasən, topuğa qədər uzun tikilirdi. Qarabağ bölgəsində isə qış aylarında orta (ara) və üst tumanın arasından geyilən “yorğan tumanı” geniş yayılmışdı. Sırınmış yorğanı xatırladan belə tumanı, bir qayda olaraq, yaşlılar geyirdilər. Üzlüyü ilə astarı arasına yun döşənib sırınmış belə “sırıqlı tuman”lar Naxçıvan bölgəsi (Şahbuz rayonu) üçün də xarakterik olmuşdur. Onu “şəltə” adlanan qısa alt tumanın üstündən geyirdilər.
Azərbaycanda kapitalist münasibətlərinin intensiv inkişafı ilə əlaqədar olaraq artıq XIX əsrin ikinci yarısından Avropa biçimli geyim elementlərinin xalq məişətinə nüfuzu qadın geyimləri içərisində “don” adlanan digər bir geyim növünün meydana gəlməsinə imkan vermişdir. Tumandan fərqli olaraq, don ətək, gövdə və qollardan ibarət biçilib tikilirdi. Etnoqrafik məlumatlar Azərbaycanda uzun ətək və qısa ətək qadın donlarının “gövdəli”, “kəmərçin” və “büzməli” olmaqla üç müxtəlif formasının mövcud olduğunu göstərir. Bir qayda olaraq, belə geyim növlərini tirmə, şəmsi-qəmər, zərri, şal, “hacı, mənə bax”, “gendə dur”, məxmər və b. adlarla məlum olan parçalardan hazırlayır, ətəklərinə sərmə, güləbətin, yaxasına isə hər tərəfində 8-10 ədəd olmaqla “şəms” adlanan qızıl kəsmələr düzürdülər.Tuman ənənəvi qadın geyim dəstinin yeganə növüdür ki, xırda dəyişikliklərlə bu gün də əhalinin yaşlı təbəqəsinin və rəqs kollektivlərinin üzvləri tərəfindən istifadə olunmaqdadır. XX əsrin 20-ci illərindən sonra qofta ilə tumanın sintezindən yaranan don (Qarabağda “qapot” – qofta tuman), yaşlı nəslin demək olar ki, əksər hissəsi tərəfindən istifadə olunur.
Azərbaycanda tumanın “taxtalı tuman”, “ətək”, “qıyqac balaq”, ”yorğan tuman”, “şəltə”, “don” kimi biçim üsulu və tikiş texnologiyasına görə fərqlənən növləri geniş yayılmışdır. Geyim üzrə mütəxəssislər qadın tumanının “alt tumanı”, “orta (ara) tumanı” və “üst tumanı” kimi təsnifatını da aparmağı məqbul hesab edirlər.
Mərhum etnoqraf Q.T.Qaraqaşlının yazdığına görə, Ön Asiyada yarandığı ehtimal edilən bu geyim növü İran vasitəsilə Azərbaycana keçmişdir, amma müəllif nə zamandan bu geyimin Azərbaycanda istifadə olunduğunu qeyd etmir. Örənqaladan tapılan və Dövlət Ermitajında saxlanan XII-XIII əsrlərə aid boyalı saxsı qab üzərində təsviri edilən qadının əynində uzunluğu dizə qədər olan trapes formalı tuman vardır. XVIII əsrə aid olan bir məlumatda isə göstərilir ki, bu dövrdə qadınlar əsas üst paltarları ilə yanaşı, çox uzun və enli üstbəüst bir neçə tuman geyərdilər. Lap birinci üst tumanın ətəyi iki-üç barmaq enliyində, ümumiyyətlə tirmə və yaxud başqa rənglərdən ibarət olan parçalarla tikilərdi. Artıq XIX əsrdən tuman ənənəvi qadın geyim kompleksinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Tuman Azərbaycanın bütün qadın əhalisi tərəfindən bəyənilərək geyilmiş, hazırda da müəyyən dəyişiklərlə geyinilməkdədir.