AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Katibi

Nümunənin reyestr kodu : SD0304000019

Azərbaycanda qadınlar arasında geniş istifadə olunan üst geyimlərindən biri də “katibi” idi. Keçmişdə kürdü (eşmək) və katıvı (və ya katibi) tipli qadın üst geyimləri çox oxşarlıq təşkil edirdi. Etnoqrafik ədəbiyyatda, bir qayda olaraq, onları eyni geyim tipi kimi təqdim edirlər. Bununla belə, Borçalı bölgəsinin katibi tipli qadın geyimləri Azərbaycanın digər bölgələrində mövcud olan və kürdüyə bənzəyən katibilərdən kəskin fərqlənmişdir. Adətən, Gürcüstan azərbaycanlıları arasında geniş istifadə olunan katibinin üstü butalı atlazdan biçilir, ətəyi uzun və büzməli olub, dekorativ səciyyə daşıyan qollarına altı yarıq qolçaq əlavə olunur, yaxasının ətrafına isə dövrələmə xəz tikilirdi. Katibinin uzun ətəyinin, yaxasının və qol yarığının kənar tikişləri boyunca qara sətindən “köbə” tikilib bəzədilirdi. Bəzən də katibini müxtəlif rəngli məxmər parçalardan tikərdilər. Yay üçün hazırlanan katibinin astarı ipəkdən, qış üçün tikilən katibinin astarı isə xəzdən olardı. Katibinin arxası (omuzluğu) ayrıca biçilmiş parçadan tikilərək bədənə kip oturar, aşağı hissəsi isə geniş biçimli tikilərək uzunluğu dizə qədər çatardı. Onun boğazı-yaxalığı və kənarları (qol, bel, ətək xəttləri) xəzlə haşiyələnərdi. Dekorativ səciyyə daşıyan qolların ucları rəngli sap, muncuq və bəzən almazla işlənərdi.

Keçmiş Borçalı qəzasının Kəpənəkçi və Telavın Qaracalar kəndlərindən Gürcüstan Dövlət Muzeyinin fonduna təhvil verilmiş və burada mühafizə olunan katibilər də atmaqol və yarımqol olmaqla, hər ikisi uzunətəklidir. Qaraçalar qadınlarına məxsus olan katibinin çiyinlərinə ilgəklər bəndlənmişdir. Qiymətli metallardan hazırlanmış ağır zinət və yaxa bəzəkləri, adətən, bu ilgəklərdən asılarmış. Onun yuxarı yaxa kəsiyi istisna olmaqla qol, ətək və aşağı yaxa kəsiyi xəzlə işlənmişdir. Kəpənəkçi katibisinin isə ancaq yuxarı yaxa kəsiyi xəzə tutulmuşdur. Görünür, katibini geyinərkən əlavə asma boyun bəzəklərindən istifadə edildiyi üçün onun yaxasına boyaboy xəz qoyulmamışdır. Maraqlıdır ki, A.Q.Trofimova Qaracalar kəndinə məxsus olan katibini səhv olaraq “katubu” kimi vermişdir. Halbuki, həm azərbaycanlılar, həm də gürcülər bu geyim növünü katibi adlandırırlar.

Xatırladaq ki, Azərbaycanın digər etnoqrafik bölgələrində əhalinin istifadəsində olan katibi tipli qadın üst geyimi qolsuz tikilmiş, kürdü kimi ətəyi, qol və yaxa kəsiyi xəzə tutulmuşdur. Onu əsasən, tafta, məxmər, tirmə, bəzən də mahud və şaldan astarlı tikirdilər. Biçim üslubu və tikiş tərzinə görə, azərbaycanlı və erməni katibiləri bir-birinə bənzəsələr də, gürcü katibiləri onlardan kəskin surətdə fərqlənirdi. Belə ki, gürcü katibisinin uzunluğu dizə qədər çatır, eyni uzunluqda olan qollar atma olur, yaxasına dekorativ bəzək məqsədilə iri düymələr bənd edilirdi. Azərbaycanın Qərb bölgəsində katibi qadın üst geyiminin istifadəsi haqqında Aşıq Hüseyn Şəmkirlinin bir şeirində oxuyuruq:

Geyinib zər libası,

Sallanıb nazınan gedir.

Asıbdı zənglərini,

Katıbı xəznən gedir.

Şeirdən məlum olur ki, katibi adlı geyimlərin bəzək elementi kimi xırda zınqırovlardan da istifadə edilmişdir. Hərəkət və rəqs zamanı digər qızıl-gümüş bəzəklərlə yanaşı, bu zınqırovlar melodik səciyyəli harmonik-cingiltili səslər çıxararaq geyimin libas dəyərini bir qədər də artırırdı.

Qadın geyim dəstinin üzvi tərkib hissəsi olan katibi qollarının quruluşuna görə (atmaqol və yarımqol-qolçaqlı) iki qrupa bölünürdü. Yaxa kəsiyinin xəzə tutulmasına görə də (boyaboy xəzli və yuxarı yaxa hissəsi xəzli) fərqləndirilirdi.

Katibi adlanan geyim tipi qədimdən məlum olan geyim tipləri sırasına daxildir. Gürcüstan Dövlət Muzeyində saxlanılan katibinin boyunun çox uzun (ətəklə birlikdə 124 sm) və yaxasının açıq qalması qədim geyim tipii olan və “Kitabi-Dədə Qorqud” dastanlarında tez-tez rast gəlinən “cübbə”ni xatırladırdı. Tədqiqatçılara görə, kürdü, lavada (ləbbadə), nimtənə kimi katibi sözü də Cənubi Qafqaza Ön Asiyadan keçmişdir. Bu geyim tipi Gürcüstan azərbaycanlıları və Qərb-Gəncəbasar bölgələri əhalisi arasında sevilən geyim tipi olmuşdur. XIX-XX əsrin əvvəllərində ənənəvi milli qadın geyim dəstində üstün yer tutan katibinin hal-hazırda azərbaycanlı əhali arasında istifadəsinə rast gəlinmir.