AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məbəd

Nümunənin reyestr kodu : DA0204000012

Ərəbcədən “ibadət” kimi tərcümə edilən məbəd ibadət və mərasimlərin keçirilməsi üçün nəzərdə tutulan tikili, bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdikləri müqəddəs məkandır. Adətən, məbədlər insanların müqəddəs saydıqları ərazilərdə inşa edilirdi. Uzaq keçmişdə qayalar üzərində çapılmış yerləşkələr, eləcə də təbii mağaralar məbəd funksiyasını yerinə yetirmişdir. Bu cür qaya məbədləri olduqca əzəmətli və dəbdəbəli olurdu. Qədim Misir fironu II Ramzesin indiki Əbu-Simbeldə qaya içərisində inşa edilmiş məbədi buna misal ola bilər. Məbədin çoxlu otaqları, sütunları və içərisində ibadət üçün nəzərdə tutulmuş xeyli sayda heykəlləri vardı. Məbədlər bəzən dördbucaqlı, bəzən də dairəvi şəkildə inşa olunurdu. Məsələn, Qədim Misir fironu III Ramsesin Madinət-Əbuda layihələndirilmiş məbədi, Şəki şəhərində inşa edilmiş keçmiş pravoslav məbədi dairəvi məbəd tikilisinə əyani misaldır.

Tədqiqatçıların fikrincə, texniki cəhətdən bütün kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da ümumi ad olan məbəd kateqoriyasına aid edilir. Belə ki, bir çox başqa dinlərdə ibadət məkanı (ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda, məbəd sözündən istifadə olunur. Məsələn, Buddist məbədi, Şintoist məbədi və s. Hinduizmin Anqkor Vat və Dodda Basappa məbədləri, politeizmin Hefest məbədi, yunanların Spartadakı Artemida məbədi, Delfdəki Apollon məbədi, xristiyanlığın Vasili Blajenni kilsəsi, müsəlmanların Aya Sofya məbədi, buddistlərin Lonqşan məbədi məbəd memarlığının möhtəşəm abidələri hesab olunur. Qədim dünyanın Babil zikkuratları, Misirin Amon məbədi, zərdüştlüyün Qazakadakı baş məbədi, Qafqaz Albaniyasında Ay (Selen) ilahəsinin müqəddəs məbədi də bu qəbildəndır.

Məbədlər inşa olunarkən onun divarları arasında ibadətin düzgün təşkil olunması vacib şərtlərdən biri idi. Belə ki, burada “vibrasiya akustikası”nı əldə etmək üçün hündür tavan və künbəzlər qurululmalı idi. Adətən məscid, məbəd, kilsə və sinaqoqlar hökmdarların varislərinə vəsiyyətləri əsasında inşa olunurdu. Məbəd dəstinə aşpazxana, qulluqçular üçün hücrələr, rahib və rahibələr üçün yataq və istirahət otaqları, anbar, hamamxana və s. də daxil idi. Hər bir məbədin əhəmiyyəti icra etdiyi dini funksiyalardan, həyata keçirdiyi dini ideyalardan daha geniş olurdu. Məbəd ictimai yığıncaq, təntənəli mərasim yeri də olduğuna və memorial xarakter daşıdığına görə möhtəşəm milli memarlıq abidələri sayılır və dövlət tərəfindən mühafizəsi bu günümüzdə də həyata keçirilir.

Məbəd memarlığının inşaat-tikinti kompozisiyasını Suraxanı Atəşgahı məbədinin timsalında aydın görə bilərik. Azərbaycanın “Atəşgah Məbədi”nin ilk tikililəri II-III əsrə aiddir. Ərəblər gələndən sonra digər Zərdüşt məbədləri kimi, Atəşgah da sıradan çıxmış, yalnız XVI-XVII əsrlərdə ”hindusların düzgün olmayan quruluşlu monastrı” (İ.Berezin) kimi ikinci həyatına başlamışdır. Məbəd 26 ( bəzi mənbələrdə 23) hücrədən, qonaqlar, eləcə də səyyahlar üçün nəzərdə tutulmuş əlavə mərtəbədən (balaxana) və mərkəzi ibadətxanadan ibarətdir. Mərkəzi ibadətxanadan (səcdəgahdan) ancaq baş kahinlər sitayiş üçün istifadə edə bilərdilər. Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunmuşdur. Burada yuyunmaq üçün su quyusu, zəng qülləsi, qaz boruları və s. də olmuşdur. Məbəd 1998-ci ildən UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrs siyahısına) daxil edilmişdir.

Dünyada mövcud olmuş məbəd kompleksləri mahiyyətcə eyni məqsədə xidmət etsələr də, formaca bir-birindən fərqlənmişdir. Dünya məbəd memarlığı təcrübəsində bu müqəddəs məkanın qaya üzərində çapılmış yerləşkələr (qaya məbədi), təbii mağaralar, möhtəşəm memarlıq-kompozisiya quruluşuna malik olan əzəmətli binalar kimi müqəddəs ibadətgahları olmuşdur. Formasına görə də fərqlı olan məbədlər dördbucaqlı, dairəvi, qeyri-düzgün (nizamsız) və qapalı həyət şəkilli kompleks kimi mövcud olmuşdur.

Tarixi araşdırmalar sübut edir ki, ilk məbədlər miladdan çox-çox əvvəllər İkiçayarasında, Misirdə, Hindistanda, Çində, Homer dövrü Yunanıstanında və b. ölkələrdə inşa olunaraq möhtəşəm tikintilər kimi böyük şöhrət qazanmışlar.