AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Taxçaqabağı

Nümunənin reyestr kodu : SD0601000004

Keçmişdə evlərdə müxtəlif məqsədlər üçün düzəldilmiş divar açırımları (taxça, zeh və ya rəf – ləmə, divar rəfi, yük yeri – camaxatan, dolab – xarxara, buxarı və s.) mühüm əhəmiyyət kəsb edirdi. Belə məişət elementlərindən olan taxça gündəlikdə işlədilməyən ev avadanlıqlarının, qiymətli şeylərin, qadın zinətlərinin, içərisinə xeyir-şər libasları qoyulan və bahalı parçalardan hazırlanan paltar boxçasının saxlanılması üçün nəzərdə tutulurdu. Hər bir evdə, adətən, taxça bir cüt olmaqla, simmetrik şəkildə buxarı yerləşən divarın sağ və solunda düzəldilirdi. XX əsrin 60-70-ci illərinə qədər taxçaların qabağı, üzəri müxtəlif naxışlarla bəzədilən pərdələrlə tutulurdu. Camaxatandan (yük yerindən) fərqli olaraq taxçaqabağını iki laydan ibarət (haça şəklində) tikib hazırlayırdılar. Varlı evlərində taxçalara zər butalı məxmər pərdələr və zərəndazlar vurulurdu.

MATM Etnoqrafiya fondunda “zərəndaz” adlanan bir taxçaqabağı pərdəsi mühafizə olunur. Bu taxçaqabağının üzəri bütünlüklə müxtəlif rəngli ipək saplarla bitki ornamentli təsvirlərlə işlənmişdir. Onu 1938-ci ildə muzeyə Z.X.İmanov adlı bir şəxs təhvil vermişdir. Milli Azərbaycan Tarixi Muzeyində saxlanan digər bir taxçaqabağının (EF-6919) üzü iki növ – sarı və sürməyi rəngli güllü kəmxa parçаdan, astarı isə sürməyi bezdən tikilmiş, qıraqları qələmkarla köbələnmişdir. Pərdənin qabaq hissəsində qızılı güləbətinli saçaq da tikilmişdir. Taxça pərdəsinin ölçüsü 72x80 sm-dir. Bir taxçaqabağının isə (EF-6959) üzü 3 növ: qırmızı, bənövşəyi və yaşıl rəngli zərxara və zərli parça hissələrindən tikilmişdir. Ölçüsü 87x75 sm olan bu taxça pərdəsinin astarı qırmızı şilədən tikilmiş, qıraqlarına qara zərxaradan köbə və güləbətinli saçaq əlavə edilmişdir. Taxçaqabağını Şərq ölkələri üçün daha çox səciyyəvi olan, kustar üsul ilə karxana şəraitində toxunmuş yun parçaların ən yüksək növü sayılan tirmədən hazırlamağa böyük önəm verilirdi. Etnoqrafik materiallar təsdiq edir ki, keçmişdə taxçaqabağı kimi nazik və ikiüzlü toxunuşlu ipək, yun və pambıq palazdan da istifadə edilmişdir. Şaquli zolaqlı cecim palaz, üzərində nəbati motivlər və heyvanat, o cümlədən quş təsvirləri üstün yer tutan sumax palaz taxçaqabağı üçün daha yararlı idi. Adətən “palazça” adlanan belə taxçaqabağını palaz hissələrindən doğrama üsulu ilə tikirdilər. Əksər taxçaqabaqlarının yuxarı başına ayrıca olaraq qurama üsulu ilə hazırlanan başlıq (kəlləlik) tutmaq da adət idi.

Azərbaycan dekorativ tətbiqi sənətinin bir qolunu təşkil edən quramadan taxça, gərdək, qapı, pəncərə pərdələrinin yuxarı hissələrinin, boxça, yataq əşyalarının, nadir hallarda isə geyim əşyalarının tikilməsində istifadə olunurdu. Sonralar, xüsusilə də XIX əsrin sonlarında tikilən bəzi varlı yaşayış evlərində taxçalara qapı qoyulur, “qarğaburnu” adlanan cəftə ilə bağlanırdı. Üzərinə müxtəlif mətbəx avadanlığı yığılmış rəf evin interyerində mühüm yer tuturdu. Onu, bir qayda olaraq, evin yan divarları boyunca düzəldirdilər. Bəzən evin bütün divarları boyu düzələn zehə də təsadüf olunurdu. Zehin daha yaraşıqlı və formalı görünməsi üçün yük yerinin və taxçaların üstü ilə zehin altında qalan aralıq hissəyə bütün divar boyu rəngbərəng parçalardan üçbucaq formasında qurama üsulu ilə tərtiblənən “zehqabağı” adlanan xüsusi biçimli qabaqlıq tuturdular ki, bu məişət elementi taxçaların gözəl görünüşünü tamamlayırdı.

Taxçaqabağı hazırlandığı materialın növünə (yun, ipək və pambıq parça), biçim üsuluna (doğrama), ad mənsubiyyətinə (zərəndaz, palazça) və formasına (iki layli, iki dilimli) görə fərqli xüsusiyyətlər kəsb edirdi.

XIX-XX əsrin əvvəllərinə qədər Azərbaycanda yaşayış evlərinin əksəriyyəti qazma, qaradam və pəyə tipli olduğundan, onlarda taxça adlı divar açırımı olmamışdır. Taxça yerüstü tikilən evlər üçün səciyyəvi olmuşdur. XVIII əsrdə tək-tük evlərdə taxça qurulmuş və onun da qabağına taxçaqabağı tutulmuşdur. Taxçaqabağından istifadə XX əsrin 20-30-cu illərindən başlayaraq kütləvi hal almışdır. Taxçaqabağı bütün bölgələrimizdə məlum olmuşdur.