AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Toqqa

Nümunənin reyestr kodu : SD0303000020

Qayışı, kəməri, təkbəndi çəkib beldə bağlamaq üçün başında qarmaqlı bənd düzəldirdilər ki, ona kəmər toqqası deyilirdi. Toqqa həm də ayrıca olaraq kişi bel geyimlərinin başına taxılan geyim əlavəsi idi. Əgər kəmər kişi və qadın geyim dəstində özünə yer tuturdusa, toqqa ancaq kişi geyim dəstinin mühüm atributu idi. Kişi geyim dəstinin bir hissəsi olmaq etibarilə toqqa metal və qayışdan hasilə gətirilirdi. Əvvəlcə kəmərlərin başında qarmaqlı bənd kimi düzəldilən toqqa barədə qeyd edək ki, bütün kəmər və qayışların toqqasının olması vacib şərt idi. Keçmişdə istifadə olunan metal və dəridən düzəldilən kəmərlərin bəzək dekoru məxsusi olaraq onun toqqasında cəmləşdirilirdi. Azərbaycan muzeylərində qorunub saxlanan kişi və qadin kəmərlərinin əksəriyyətinin toqqası nəbati, həndəsi, zoomorf və b. naxışlarla bəzədilir, rombşəkilli, dördbucaqlı, düzbucaqlı və əsasən də dairəvi düzəldilirdi. Kəməri düzəldən hər bir zərgər onun toqqası üzərində demək olar ki, bütün təxəyyül və fəhm imkanlarını, yaradıcılıq qabiliyyətini ortaya qoyur, sifarişlə hazırlanan kəmər toqqalarını öz dövrü üçün populyar olan bəzək-nəqş elementləri ilə bəzəyirdi. Adətən, kəmərin toqqa hissəsi iki ayrı-ayrı hissələrdən düzəldilərək bir-birinə iki qarmaq və iki halqa vasitəsilə bağlanırdı. Hissələrdən birinin (adətən, qarmaq olan hissənin) ortasında dairəvi şəkildə göy yaqutdan “qaş” salınırdı. Naxçıvan bölgəsində bu cür qadın kəmərinin toqqası “göbəkli kəmər toqqası” adlanırdı. Ümumiyyətlə isə, kəmər toqqasının qübbəli, ellipsvari, köbəkli, açılmış gülə bənzər, ürəkşəkilli və s. növləri keçən əsrlərdə dəbdə olan bəzək dekorları idi.

Metal (tunc, gümüş, qızıl) kəmərin özü, xüsusilə də onun toqqası dünya zərgərliyində mövcud olan bəlli üsullarla (döymə, qəlibkarlıq, şəbəkəçilik, savadlama, minasazlıq) hazırlanır, üzərindəki yuvacıqlara daş-qaşlar yerləşdirilir, kamil sənət əsərləri səviyyəsində ərsəyə gətirilirdi. Elə kəmərlər və toqqalar olurdu ki, zərgər-sənətkar onun üzərində illərlə işləməli olurdu. Türkiyədə Topqapı saray-muzeyində saxlanan, 1507-ci ildə Təbriz sənətkarları tərəfindən şəbəkə üsulunda hasilə gətirilən və Səfəvi hökmdarı I Şah İsmayıla məxsus olan kişi kəmərinin toqqası dairəvi şəkildə olub, qiymətli daş-qaşlarla süstlənmiş, xalçalar, parçalar və b. dekorativ-tətbiqi sənət nümunələri üzərində tez-tez rast gəlinən bitki ornamentləri (çiçək, ağac budağı) ilə bəzədilmişdir. Kişi geyiminə əlavə olunan toqqa isə əsasən qayışdan (dəridən) olurdu. Bu geyim əlavəsi bəzəkdən daha çox əməli əhəmiyyəti ilə diqqəti cəlb edirdi. Belə ki, bir qayda olaraq, kəmər-toqqadan xəncər (qəmə) asılır, içərisinə tütün, bıçaq, çaxmaq-qov və s. qoyulan dəri və parçadan tikilən kiçik torbalar bənd edilirdi. Tacir-tüccar əhlinin toqqa-kəmərləri xüsusi əndazə ilə düzəldilib üzlə astar hissəsinin arası boş saxlanılırdı. Oraya qızıl sikkələr doldurulurdu ki, bu da qarətçilik mülahizələrini aradan qaldırmaq üçün düşünülmüşdü. Çünki keçmişdə dəvə karvanları tez-tez qarətçi hücumlara məruz qalırdı. Keçmişdə toqqanın metal hissəsini (ən çox gümüşdən, qismən isə qızıldan hazırlanan hissəsini) zərgər, qayışını isə dabbaq və ya sərrac hazırlayırdı. Keçmişdə həmçinin bütünlüklə metaldan (tunc, gümüş, qızıl) qəliblənən və ya döymə üsulu ilə düzəldilən toqqalar da olmuşdur ki, onlara “saltoqqa” (“tökmə toqqa”) deyilmişdir. Arxeoloji qazıntılardan belə toqqalar kişi qəbirlərindən tez-tez əldə olunur.

Toqqalı kəmərlərin Tunc dövründən etibarən istehsalına başlanmışdır. Arxeoloji ədəbiyyatda qeyd olunduğu kimi, onlar əvvəlcə əməli əhəmiyyət kəsb etmiş, zirehin bir hissəsi olaraq qarın nahiyəsini zərbələrdən qorumağa, xəncər, qılınc, qəmə asılmasına xidmət etmişdir. MATM-ın Arxeologiya və Xüsusi fondlarında qorunan toqqalı kəmərlər Xocalı-Gədəbəy mədəniyyətinə aid olub, zireh əlavəsi və bəzək kimi istifadə olunmuşdur. Mingəçevir, Çovdar, Xocalı, Gədəbəy, Qazax və b. ərazilərdə arxeoloji qazıntılar zamanı miladdan əvvəl II minilliyin əvvəllərinə aid tuncdan tökmə üsulu ilə hazırlanmış toqqa bəndləri toqqalı kəmərlərin tarixinin öyrənilməsində əhəmiyyətlidir. Onların üzərində vəhşi, buynuzlu və fantastik heyvan, balıq və bitki rəsmli toqqalı kəmərlər daha üstündür. Onlar tuncdan tökmə üsulu ilə hazırlanmış və üç növdə olmuşdur: kvadrat, uzunsov və dairəvi. Dördkünc toqqa bəndlərinə isə az təsadüf edilmişdir. Belə toqqa bəndlərinin küncləri heyvan başı şəklində olmuşdur. Hələ XIX əsrin sonunda Gədəby rayonunda 300-dən çox daş qutu qəbri qazmış və bunlardan külli miqdarda maddi mədəniyyat qalıqları, o cümlədən bir neçə ədəd üzəri naxışlı tuncdan toqqalı kəmər əldə etmiş alman mütəxəssis V.Belk bu kəmərlərin çox böyük məharətlə düzəldiliyini qeyd edərək göstərmişdir ki, onların naxışları o qədər incədir ki, müasir maşınlar vasitəsilə belə şeylərin düzəldilməsi asan iş deyildir. Zaman keçdikcə toqqalı kəmərlər də dəbə uyğun olaraq dəyişmiş, təkmilləşmiş, mürəkkəb dekorlu toqqa bəndləri yaranmışdır. Təəssüf ki, bu cür nəfis və incə işləməli kəmərlər və toqqalar hazırda istifadədən çıxaraq muzeylərə və şəxsi kolleksiyalara “köç etmişdir”.