Bəzək və zinət əşyaları
Nümunənin reyestr kodu : SD0303000001
Qədim Azərbaycanda metalla ilk tanışlıq Eneolit dövründən başlasa da, tuncun, dəmirin, sonralar isə nəcib metalların (qızıl, gümüş və s.) istehsal texnologiyasının mənimsənilməsi zinət-bəzək əşyalarının hazırlanmasında böyük çevriliş yaratdı. Arxeoloji qazıntılar nəticəsində Azərbaycanın antik və orta əsr abidələrindən tapılmış külli miqdarda bəzək və zinət nümunələri burada bəzək istehsalı texnologiyasının təkmilləşdiyini göstərir. Kişi və qadın geyim kompleksini tamamlayan, onlara xüsusi yaraşıq verən bəzəklərin meydana gəlməsinin tarixi geyim mədəniyyətinin özünün tarixi qədər qədimdir. Hələ təbiəti dərk etmək iqtidarında olmayan ibtidai insan, hazır şəkildə əldə etdiyi və ya özünün yaratdığı əşyalardan həm həqiqi mənada bəzək elementi kimi, həm də magik və mifik düşüncə tərzinə uyğun bəhrələnməyə çalışmışdı. İctimai inkişafın sonrakı mərhələlərində cəmiyyətin sosial-iqtisadi, mədəni həyatında baş verən keyfiyyət dəyişiklikləri, xüsusilə də metalişləmə sənətinin və bədii metal sənətkarlığının təşəkkül tapması bəzək elementlərinin praktik-əməli əhəmiyyətini arxa plana sıxışdıraraq onları əksərən sırf bəzək-zinət əşyaları kimi səciyyələndirməyə başladı.
Geyimlərə xüsusi yaraşıq verən bəzək məmulatının hazırlanması orta əsrlərdə yüksələn xətlə inkişaf etmişdi. XIX əsrdə isə Azərbaycanın Naxçıvan, Ordubad, Gəncə, Şəki, Şamaxı, Bakı, Quba, Şuşa, Lənkəran və Salyan şəhərləri başlıca zərgərlik mərkəzləri sayılmış, əsrin 50-ci illərində Gəncədə 24 zərgər, 80-ci illərində Qazax qəzasının Şəmşəddil sahəsində 3, Zəyəm stansiyasında 2 gümüşbənd, XIX-XX əsrin hüdudlarında isə Bakıda 130 nəfər qeydiyyatdan keçmiş zinət ustası və 89 nəfər şagird, Şamaxıda 25, Salyanda 13, Qubada 12, Gəncədə 33, Nuxada 22, Şuşada 12 nəfər zinət ustası fəaliyyət göstərmişdi.
Kustar sənət üsulları ilə (döymə, qəlibkarlıq, basma, şəbəkə, minasazlıq və s.) hazırlanan bəzək-zinət məmulatının əksəriyyəti Azərbaycanın sənət mərkəzlərində ərsəyə gəlsə də, bəzən varlı əyanların və tacir-tüccar əhlinin qadınlarının bəzəkləri içərisində xaricdə hazırlanan, üzəri kəsmə sikkələrlə (əşrəfi, imperial, çervon, lirə, real, tilani) tərtiblənən bahalı kəmər, boyunbağı və qolbaqlara da rast gəlmək olur.
Azərbaycan qadınlarının qiymətli metallarla ləl-cəvahiratın qarşılıqlı tətbiqindən tərtiblənən zinət əşyaları istifadə qaydasına və gəzdirilmə tərzinə görə baş, qulaq, boyun, sinə, bel, qol və barmaq bəzəkləri olmaqla müxtəlif qruplara bölünür. Lakin qadın bəzəkləri təkcə bunlarla məhdudlaşmır. Qadın üst geyimlərinin boyunluğuna, yaxalığına, qollarının ağzına, ətəklərinə, hətta bəzən çiyinlərinə də müxtəlif üsullarla bəzəklər vurulur. Müxtəlif bəxyə, bafta, zəncirə, həşyə, güləbətin tikmə və s.-dən ibarət olan bu əlavələr dekorativ-bəzək funksiyası daşıyır.
Qiymətli metallar və bahalı daşlardan hazırlanan bəzək-zinət əşyalarının sırf bəzək və əməli əhəmiyyətindən başqa, simvolik və qoruyucu funksiyalarını da qeyd etmək lazımdır. Xalq arasında geniş yayılan inama görə, firuzə – təmizlik və paklıq rəmzi; arpa boyunbağı – bolluq, var-dövlət; gözmuncuğu – bədnəzərdən qoruyucu vasitə; mərcan – sağlamlıq simvolu; mirvari isə ürəyin qüvvətləndiricisi, göz xəstəliyinin qarşısını alan və görməni qüvvətləndirən daşlar sayılır.
Həm sırf estetik-bədii bəzək funksiyası daşıyan, həm əməli əhəmiyyət kəsb edən, həm də bir çox hallarda dini-magik rolu ilə fərqlənən bəzək nümunələri ictimai təbəqələr arasında sosial bərabərsizliyi daha dolğun göstərməklə, bəhs olunan dövrün xüsusiyyətlərini, xalqın həyat və məişət tərzini, yerli və etnik özünəməxsusluğunu, türk xalqları arasındakı etnogenetik əlaqələri və s. özündə daha dolğun əks etdirir. Əksər hallarda xalqın güzəranının və xoş əhval-ruhiyyəsinin göstəricisi olan bəzəklərdən İslam aləmi ilə sıx bağlı olan bəzi dini mərasimlərdə (Оrucluq, Мəhərrəmlik və s.), eləcə də qırx günlük matəm mərasimi və doğuşdan sonra qırx gün müddətində istifadə edilməsi qəbahət sayılırdı. Xalqın məişətində uzun əsrlər boyu formalaşan bu adət hazırda da icra edilməkdədir.
-
Azərbaycan etnoqrafiyası, II cild
Baş redaktoru Teymur Bünyadov
2007
-
XIX əsrin sonu-XX əsrin əvvəllərində qadın geyimləri və baş bəzəkləri
G.İ.İbrahimova
2009
-
Предметы украшений Азербайджана
Бадисабах Раджабова
1990
-
Azərbaycanın zərgərlik sənəti Şərqin bədii ənənələri sistemində
Afət Həsənova
2011
- Biblioqrafiya və tərtibçilər