AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Badış

Nümunənin reyestr kodu : SD0301000002

Azərbaycanın milli geyimləri kompleksində topuğa geyilən geyim tipi kimi badışın özünəməxsus yeri və funksiyası olmuşdur. Badış ayaqlığı olmayan corabı xatırladır və köçəri əhalinin yaşayış tərzi üçün daha xarakterik geyim tipi hesab olunur. Əlvan və ya saya (rəngsiz, boyaqsız) iplərdən toxunan badış topuqdan yuxarı və dizdən aşağı baldıra geyilir və həm topuğun üstündən, həm də dizin altından xüsusi toxunmuş iplə (qatma ilə) baldıra bağlanır. XIX-XX əsrin əvvəllərinə qədər köçəri əhali arasında geniş yayılmış bu geyim tipi artıq məişətdə istifadədən çıxmışdır.

İstifadə tərzindən asılı olaraq badışı həm qadınlar, həm də kişilər geyirdilər. Qadınların badışı əlvan rəngli iplərdən, kişilərin badışı isə, bir qayda olaraq, saya iplərdən toxunurdu. Varlıların, bəy-xan nəslinə mənsub əsilzadələrin, sərkar, kəlladar, baş çoban və digərlərin badışı, adətən bəzəkli iplərlə hörülərdi.

Etnoqraf A.N.Mustafayev yazır ki, “keçmişdə çöl-təsərrüfat işləri ilə məşğul olan kişilər soyuq vaxtlarda, xüsusilə qış aylarında corabdan əlavə, baldırlarına topuqdan yuxarı olmaqla, “badış” adlanan, al-əlvan rəngli iplərlə hörülmüş boğazlıq geyərdilər. Corabın boğaz hissəsini xatırladan badış “ayaqsız” olub, nisbətən gen hörülürdü. Elat kişiləri çox vaxt onu patavanın üstündən geyirdilər. Bu məqsədlə ayağa dolanmış patavanın ucunu topuqdan yuxarı baldıra sarıyandan sonra, açılmamaq üçün onun üstündən badış geyirdilər. Şalvarın balağı, yaxud patavanın dolağı badışın altına salınandan sonra onun üstündən “badış bağı” dolayıb bağlayırdılar”.

Qadınlara gəldikdə isə, onlar, xüsusilə də elat qadınları dağ və aran köçü zamanı atlara süvar olduqlarından, bu zaman badışdan geniş şəkildə istifadə edirdilər. Belə ki, qadınlar at minən zaman həm sərbəst hərəkət etmək, həm də soyuqdan qorunmaq üçün əyinlərinə geydikləri taylı tumanın balaqlarını badışın içinə yığır, badışın rəngli ipləri ilə onu ifçin şəkildə bağlayırdılar. Belə olduqda qadın geyimi, bir növ, kişi geyimini xatırladırdı. Aran kəndlərində qadınlar bəzən çöl-təsərrüfat və məişət işləri zamanı da badışdan istifadə edirdilər. Onlar hərəkət etməyə mane olmaması üçün taylı tumanın (cütbalağın) balaqlarını corabın üstündən geydikləri badışın içərisinə qoyub iki yerdən badış ipləri vasitəsilə topuğa kip şəkildə sarıyırdılar. Tədqiqatçıların gəldiyi qənaətə görə, badış ayaq geyimi daha çox kənd məişətinə xas olan geyim tipi kimi formalaşmış, şəhər əhalisi arasında o qədər də istifadədə olmamışdır.

Geyimlərin tarixi, onun dekorativ bədii xüsusiyyətləri və geyim tipləri haqqında araşdırma aparan tədqiqatçıların əksəriyyəti badışın, bir ayaq geyimi olaraq nə vaxt məişətə daxil olması barədə elə bir dəqiq məlumat verə bilməmişlər. Fikrimizcə, badış ayaq geyimi maldarlıqla məşğul olan köçəri əhalinin yaşayış tərzinə daha çox uyğun gəldiyindən, onun maldarlığın meydana gəldiyi və köçəri maldarlığın geniş intişar tapdığı dövrdə yarandığını ehtimal etmək olar. Neolit dövründən (miladdan əvvəl VII-VI minillik) başlayaraq hörmə toxuculuğunun meydana gəlməsi də, şübhəsiz, badış kimi gen hörməli geyim tiplərinin meydana gəlməsini zəruri etmişdir. Hər halda XX əsrin əvvəllərinə kimi əhali arasında istifadədə olan bu ayaq geyim tipinin mövcudluq tarixi minillərlə ölçülür. Təəssüf ki, yun materialı (iplik) torpaqda tez çürüdüyündən, zəmanəmizə qədər badış nümunələri gəlib çatmamışdır. Badış XIX-XX əsrin əvvəllərinə qədər Azərbaycanın maldarlıqla məşğul olan əksər bölgələrində (Qarabağ, Şirvan, Gəncəbasar, Muğan, Mil, Qərb bölgəsi və s.) geniş istifadədə olan ayaq geyimi olmuşdur.