Çuxa
Nümunənin reyestr kodu : SD0304000007
Qədimdə kişi geyim dəstləri içərisində çuxa mühüm yer tuturdu. Biçim üsuluna görə ümumqafqaz səciyyəli olan çuxalar bir-birindən yalnız müəyyən lokal xüsusiyyətlərinə və adlarına görə fərqlənirdilər. Cənubi Qafqazda geniş yayılaraq qurşağa qədər düymələnən erməni və gürcü çuxalarından (çоxa-axaloxi) fərqli olaraq, Azərbaycan çuxalarının yaxası düymələnmir (müstəsna hallarda bir çarpaz və ilgək-düymə ilə düymələnir), üstündən qurşaq vurulmurdu. Adlarının müxtəlifliyinə baxmayaraq, çuxalar, adətən, bədən (gövdə), ətək və qollardan ibarət olmaqla biçilib tikilir, uzunluğu dizdən aşağı olurdu. Şirvanda geniş yayılmış “düzdəmə çuxa”dan fərqli olaraq, Gəncəbasar və Qərb bölgəsi əhalisinin büzməli çuxasının qabaq hissəsi boyaboy deyil, bədən və ətəkdən ibarət biçilirdi. Büzməli çuxanın ətəyi bədənə birləşən yerdən büzülərək bel yerinə tikilirdi. Çinli çuxanın ətəyi yuxarıdan aşağıya doğru getdikcə enlənirdi, tikilmə tərzindən asılı olaraq, çinlərin sayı da müxtəlif olurdu. Adətən, 6, 8 və 9 çinli çuxalar daha tez-tez sifariş verilirdi. Həm büzməli, həm də çinli çuxalar arxa tərəfdən büzməli, iki yan tərəfdən isə çinli olurdu. Varlıların gündəlik geyimi olan “vəznəli çuxa”nın döş hissəsinin hər iki tərəfinə vəznələr tikilirdi. Əvvəllər əməli əhəmiyyət kəsb edən vəznələr (ondan patrondaş kimi istifadə olunurdu) sonralar dekorativ-bəzək səciyyəsi daşımışdır.
Çuxalar, həmçinin qollarının quruluşu və onun gövdəyə birləşmə tərzinə görə də bir-birindən fərqlənirdi. Adətən, qollar bütöv şəkildə biçilirdi. Bu zaman çuxanın qolları biləyə doğru getdikcə daralır, ya da enlənirdi. Qollar bəzən qoltuğun altından başlayaraq biləyə qədər açıq saxlanılırdı ki, bu da dekorativ-bəzək məqsədilə edilirdi. Belə çuxa “atmaqol çuxa” adlanıb, qol kəsiyinin ucları oval və düz kəsilmiş qolçaqlarla tamamlanırdı. Soyuq vaxtlarda atmaqol çuxanın qollarını burada qoyulan ilgəklərə çalkeçir qaytan keçirməklə biləyə qədər bağlayırdılar.
Çuxa yun şal, mahud, qəsdor, tirmə və b. parça növlərindən tikilir, adətən gövdə və qollarına, bəzən də hər yerinə yumşaq ipək və pambıq parçadan astar qoyulurdu. Əhali çuxanı yaş səviyyəsinə görə, açıq və tünd parçalardan tikdirirdi. Bir qayda olaraq, cavanların çuxası qısa ətəkli, açıq rəngli, yaşlılarınkı isə tünd rəngli parçalardan hazırlanırdı. Çuxanın qol astarı xoş görünmək üçün göz oxşayan parçalardan qoyulurdu. Onun qol kəsikləri, yaxası, ətəyi güləbətinlə bəzədilər, müxtəlif qızılı bafta və sərməyə tutular, başqa parçalardan köbə ilə haşiyələnərdi. Şirvan bölgəsi üçün xarakterik olan digər bir el adətincə, toy çuxası arxalığın rəngi ilə uzlaşdırılardı. Arxalıq açıq rəngli olduqda, çuxa tünd parçadan və ya əksinə tikilərdi. Ağ çuxa – ağ günün, xoş güzəranın, qara çuxa isə iqbalın, bəxtin yatması, qara günün başlaması kimi mənalandırılırdı. Çuxanın növünə, tikildiyi parçanın dəyərinə görə şəxsin sosial mənsubiyyətini və iqtidarını müəyyən etmək mümkün olurdu.
XIX-XX əsrin əvvəllərində Azərbaycanda tikilən çuxalar ətəyinin formasına görə “büzməli” (“kəmərçin”), “çinli” (kahlı) və “büzməli-çinli”; qol yerinin formasına görə isə “qoltuqlu” və “qoltuqsuz” (“atmaqol”) olmaqla müxtəlif variantlarda mövcud olmuşdur. Naxçıvan və Qarabağ bölgəsi üçün xarakterik olan oyma yaxalı çuxalar, eləcə də döş hissəsinə vəznə qoyulan və ətəyi qısa “vəznəli çuxa” (“çərkəzi çuxa”) da xalqın geyim dəstində mühüm yer tutmuşdur.
Azərbaycan ərazisində çuxanın qədim geyim tipi olmasını “Kitabi-Dədə Qorqud” dastanı da təsdiq edir. Burada çuxanın “adi” və “doqquzlama (tovuzlama) çuxa” olmaqla iki forması haqqında məlumat verilir. Çuxanın mənşə etibarilə orta əsrlərdə türk xalqları arasında geniş yayılmış “cübbə” və ya “bürmə”dən törədiyi güman edilir. “Kitabi-Dədə Qorqud” dastanında igidlik göstərmiş, ad-san qazanmış gənc haqqında Dədə Qorqud onun atasına belə deyir: “Çigin quşlı cübbə-ton vergil bu oğlana, geyər olsun, hünərlidir”. Elə həmin dastandaca çuxanın da adı çəkilir, onun bəzəkli, qiymətli olması qeyd edilir. Qaftan və cübbə kimi, bu geyim elementi də yüksək qiymətləndirilər, hörmət əlaməti olaraq hədiyyə verilərdi
Bütün orta əsrlər boyu həm qadın, həm də kişi ənənəvi geyim dəstində mühüm yer tutan çuxa XIX-XX əsrin əvvəllərində ümumqafqaz kişi geyimi kimi məlum olmuşdur. Bu dövrdə Azərbaycanın bütün tarixi-etnoqrafik bölgələrində çuxa üst geyim tipi kimi kütləvi surətdə istifadədə olmuşdur.