Dəbilqə
Nümunənin reyestr kodu : ST0703000002
Döyüş yaraq-əsləhəsi komplektinin tərkibinə daxil edilən dəbilqə müdafiə silahlarının vacib və əvəzsiz elementlərindən biri olub, əsasən başı, əlavə hissələri hesabına isə üzü, boğaz və boyunu qorumaq üşün nəzərdə tutulmuşdur. Azərbaycanda, o cümlədən də Yaxın və Orta Şərq ölkələrində ilk əvvəllər iki növ dəbilqə tətbiq edilmişdir: 1. Sferik (künbəzvari). 2. Konusvari. Öz növbəsində künbəzvari dəbilqələr də şərti olaraq iki tipə bölünürdü: yarımkürə və yumurtavari. Yarımkürə formasında olan dəbilqələrə əksər hallarda heç bir element əlavə edilmirdi, yumurtavari dəbilqənin isə qulaqcıqları mövcud idi. Dəbilqə tuncdan, dəmirdən və ya poladdan döymə-pərçim üsulu ilə hazırlanır, içərisinə göndən yumşaq astar çəkilir, əlavələrlə (metal tor, niqab, qulaqcıq, alınlıq, burunu qoruyan sferik polad lövhə və s.) təchiz olunurdu.
Tədqiqatlar göstərir ki, XVII əsrə qədər Azərbaycanda Ərəb Xilafətində yayılmış dəbilqə növləri ilə yanaşı, “Eldənizlər dəbilqəsi”, “Misri dəbilqə”, XIV əsrin əvvəllərindən “Vavel dəbilqəsi” (İlk nümunəsi Vavel saray-muzeyində aşkarlandığı üçün belə adlanır), daha sonralar ağır silahlı süvarilərin istifadə etdiyi “Tülbənd” dəbilqə növü və onun sadələşmiş forması geniş istifadədə olmuşdur.
Azərbaycanda, eləcə də dünya dövlətlərində döyüşlərdə baş qoruyucu geyim növü kimi dəbilqədən istifadə edilməsinin qədim tarixi vardır. Arxeoloq F.L.Osmanov tərəfindən Ağsu rayonunun Nüydi kəndindəki qədim albanlara məxsus qəbiristanlıqdan tapılmış və miladdan əvvəl II-miladın I əsrinə aid edilən tunc dəbilqə Azərbaycanda istifadə edilən ən qədim dəbilqə hesab olunur. Türk tayfalarının döyüşçüləri daha çox konusvari dəbilqədən istifadə etmiş, bu növ dəbilqə Avrasiya məkanında IV əsrdə meydana gələrək X əsrə qədər kütləvi istifadədə olmuşdur. XI əsrin ikinci yarısından Azərbaycanda yarımkürə və konusvari dəbilqə əvəzinə sferokonik dəbilqə növü istifadə olunmağa başlamışdır. Belə dəbilqədə künbəzvari hissə yuxarıya doğru konusvari şəklə düşürdü. Alt tərəfi sferik, üst hissəsi konik olan bu dəbilqələr soyuq silahın zərbələrinə qarşı ən etibarlı forma sayılmışdır. Bu növ dəbilqələr Azərbaycanda XIX əsrədək istifadə edilmişdir. Türkdilli mənbələrdə, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanında belə dəbilqə “tulğa” və ya “turulğa” kimi göstərilir. Dastanda Qaraca Çoban düşmənə deyir:
Başındakı turulğanı nə öyərsən, mərə kafir?
Başımdakı (keçə) börkümcə gəlməz mana.
Keçmişdə oxçu süvarilər əlavəsi olmayan sadə dəbilqədən, ağır silahlı süvarilər isə dəbilqə və ona əlavə edilən tor, niqab və yarımniqabdan istifadə edirdilər. Dəbilqənin metal halqalardan toxunan əlavə hissəsi döyüşçünün boyun və boğazını qoruyurdu. Dəbilqənin yan və arxa hissələrinə də əlavə lövhələr bərkidilirdi. Metal dəbilqənin iç üzünə göndən astar çəkilirdi ki, yumşaq olsun və başı narahat etməsin. Azərbaycanda istifadə olunmuş dəbilqələrin çoxsaylı təsvirinə XIII-XVII əsr miniatürlərində də rast gəlmək olur. XIII əsrin əvvəllərində meydana gələn yeni dəbilqə növü künbəz və tacdan ibarət olub, künbəzi yarımdairə şəklində 6 polad lövhədən pərçim üsulu ilə düzəldilir, mərkəzində olan dəyirmi polad lövhə ilə möhkəmləndirilirdi. XIII əsrdəTəbrizdə düzəldilmiş belə bir dəbilqə nümunəsi İstanbulun Topqapı muzeyində saxlanır. Tədqiqatçılar bu növ dəbilqənin “Eldənizlər dəbilqəsi” adlandırılmasını daha məqsədəmüvafiq hesab edirlər.
Orta əsrlərdə Azərbaycanda istifadə olunmuş “Tülbənd” adlanan dəbilqə növünün müxtəlif formaları XVI əsrlərdə Şimali Afrikadan Şimali Hindistana qədər geniş arealda yayılmışdır. Azərbaycanda IX-XVII əsrlərdə “Misri dəbilqə” adlanan digər bir dəbilqə növündən də istifadə olunmuşdur. O, təpəsindəki yarımkürəyə bənzər metal hissəni çıxmaq şərtilə, bütünlüklə metal halqalardan toxunur, başı, boğazı, boynu, bəzən üzün bir hissəsini qoruyurdu. Hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunan Misri dəbilqələrinin xüsusiyyəti onların peysər hissəsinə dəyirmi metal lövhənin bərkidilməsidir. Sadəliyi, ucuzluğu, az çəkisi, ehtiyac olmadıqda qatlayıb yığışdırmaq imkanı bu dəbilqə növünü ən “uzunömürlü” dəbilqələr sırasına çıxarmışdır. Dünyanın bir çox muzeylərində saxlanan dəbilqə növləri döyüş yaraq-əsləhəsinin bir tərkib hissəsi kimi bu gün də hamını heyran etməkdədir. Odlu silahların kütləvi tətbiqindən sonra dəbilqələrə ehtiyac da aradan qalxmışdır. Müasir dəbilqələr, demək olar ki, birtipli olub, ancaq başı qoruyan sferik dəbilqələrdən (kaska) ibarətdir. Onun dəmirdən hazırlanan variantı orduda, plastik materialdan hazırlanan variantı isə ağır sənaye, mədən, tikinti sahəsində və s. işləyənlər üçün nəzərdə tutulmuşdur.