AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Silahsazlıq

Nümunənin reyestr kodu : ST0703000001

Azərbaycanda ənənəvi silahları təkcə tipoloji cəhətdən deyil, istehsal texnologiyasına görə də böyük təkamül yolu keçmişdi. İstifadə məqsədinə və səciyyəsinə görə ənənəvi yaraqlar soyuq və odlu silah olmaqla iki böyük qrupa bölünür. Soyuq silahlar öz növbəsində hücum (həmlə) və müdafiə (mühafizə) yaraqları olmaqla iki qismə ayrılır. Hücum silahları atma (kəmənd, yay-ox, sapand, nizə, “durbaş” adlanan haça nizə), sancma (cəng yabası, cida), çapma (təbərzin, qılınc, xəncər) və zərbə (toppuz, gürz, əmud, şeşpər) olmaqla müxtəlif məqsədlərlə istifadə olunurdu. Ənənəvi müdafiə-mühafizə vasitələrinə zireh (“cövşən” adlanan dava köynəyi, qolçaq, dəbilqə və qalxan) daxil idi. Orta əsrlərdə Azərbaycanda xəzinəyə (şah, xan, sultan) məxsus zireh karxanalarından əlavə, iri şəhərlərdə fərdi zireh emalatxanaları da fəaliyyət göstərmişdi.

Azərbaycanın ənənəvi odlu silahları (tüfəng, tapança, top) atəşsaçma üsuluna görə iki qismə bölünür: çaxmaqlı və pistonlu. Odlu silahlar meydana gələndən sonra ənənəvi soyuq silahların (nizə, ox, kaman, təbərzin, toppuz, şeşpər və s.) bir qismi aradan çıxmış, yalnız xəncər və qılınc istehsal edilmişdi. Odlu silahların meydana gəlməsi Azərbaycanın ənənəvi silahqayırma sənətində ixtisaslaşmaya səbəb olmuş, tüfəngsazlar tədricən soyuq silah ustalarından ayrılmağa başlamışlar. Tüfəng ustaları müxtəlif sistemli döyüş və ov tüfəngləri, çaxmaqlı və pistonlu tapançalar hazırlayır, asudə vaxtlarında isə müxtəlif sistemli əcnəbi silahların təmiri ilə məşğul olur və çilingər vəzifəsini yerinə yetirirdilər.

Arxeoloji materiallar qədim insanların daş dövrünün ilk çağlarından başla​ya​raq müxtəlif növ soyuq silahlar – cida (mizraq), nizə, toppuz, sapand, kaman, ox, təbərzin, cəng yabası, daş və gil kürəciklər düzəltdiklərini əyani şəkildə təsbit edir. İbtidai silahların böyük əksəriyyəti minilliklər boyu daşdan, xüsusilə, çaxmaq daşından və sümükdən düzəldilmişdi. Daş dövrü abidələrində aşkar edilmiş silah növləri arasında belə ox və nizə ucluqları çoxluq təşkil edir. Bununla belə, qədim dövrdə silah istehsalı əmək alətləri istehsalından tamamilə ayrılmamışdı. Məhz bu səbəbdən daş ustaları həm əmək alətləri, həm də hücum və müdafiə silahları (xüsusilə onların ucluqlarını) düzəldirdilər.

Tunc dövründən etibarən soyuq silah növləri – xəncər, qılınc, nizə, təbərzin, cəng yabası və s. metaldan hazırlanmağa başlamışdı. Bu silahların hazırlanması spesifk istehsal texnologiyasına malik olub, xüsusi əmək vərdişləri tələb edirdi. Məhz bu andan etibarən silahsazlıq əlahiddə sənət sahəsinə çevrilmişdi. Dəmirin meydana gəlməsi isə məhsuldar qüvvələrin inkişafını sürətləndirməklə yanaşı, xüsusi mülkiyyətin möhkəmlənib bərqərar olmasına, bu isə, öz növbəsində, qənimət əldə etmək məqsədilə hərbi yürüşlərin artmasına əlverişli zəmin yaratmışdı. Belə vəziyyət bir tərəfdən döyüş silahlarının təkmilləşdirilməsini və tipoloji növlərinin artmasını labüd edir, digər tərəfdən isə xüsusi növ hərbi ləvazimatın (dəbilqə, qolçaq, “cövşən” adlanan cəng köynəyi, qalxan və s.) meydana çıxmasını şərtləndirirdi. Xaspolad əldə etmə texnologiyasının mənimsənilməsi antik dövrdən etibarən ənənəvi silahqayırma istehsalının inkişafına səbəb olmuşdu.

Ənənəvi silahqayırma sənəti şəhərlərdə və şəhər tipli qəsəbələrdə cəmləşmişdi. Son orta əsrlərdən başlayaraq dövlət nəzdindəki silah karxanalarından əlavə, ölkənin ayrı-ayrı bölgələrində fərdi silahsazlar da fəaliyyət göstərirdi. Azərbaycanda yerli silahqayırma sənəti çarizmin ölkəmizi işğalınadək davam etmişdi. Şimali Azərbaycan şəhərləri arasında Şamaxı, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Bakı, Gəncə, Lənkəran, Quba ustaları bu sahədə xüsusi şöhrət qazanmışdılar. XIX əsrin birinci yarısında Azərbaycanda odlu silah istehsalı məhdud səciyyə daşımasına baxmayaraq, bir sıra istehsal mərkəzlərində yüksək inkişaf səviyyəsinə çatmışdı. Uzun lüləyə malik olan yerli tüfənglər möhkəmliyi, sərrast atəşi və gülləsinin uzaq məsafəyə süzməsi ilə fərqlənirdi. XIX əsrin son rübündə Azərbaycanda silah istehsalının kəskin surətdə azaldığı nəzərə çarpır. Bunun başlıca səbəbi həmin dövrdə Avropa və Rusiyanın silah zavodlarında istehsal olunan daha təkmil odlu silahların satışının genişlənməsi idi. Bu qədim sənət hazırda bəzi bölgələrimizdə məhdud formada (hədiyyə xarakterli) tanınmış ustalar tərəfindən yaşadılır.