AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Miniatür

Nümunənin reyestr kodu : SV0400000001

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı.

Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XIII əsrlərə aid edilir. Bunun mənbəyini Mosul məktəbində axtarmaq lazımdır. Ümumiyyətlə, miniatür məktəbləri arasında Mosul, Marağa, Təbriz, Şirvan (Şamaxı və Bakı) miniatür məktəblərinin adını çəkə bilərik. Miniatür sənətində, əsasən portret janrı, batal (döyüş) janrı, tarixi janr, animalistik janr (mənzərə və natürmort xalis şəkildə mövcud deyil), fantastik janr, məhəbbət mövzulu miniatür janrı geniş yayılmışdı.

XII əsrdə Mosulun (İraq) Azərbaycanın Atabəylər – Eldəgizlər dövlətinin ərazisində yerləşməsi ilk kitab miniatür nümunələrinin qorunub saxlanmasına imkan yaratmışdı. Bu məktəbə üslub cəhətdən bir-birinə yaxın olan, XII əsrin əvvəllərində işlənmiş “Kitab əl-mahi”, XII əsrin sonlarına aid “Kitab-əl-Tiryək” əlyazmalarının miniatürlərini və XIII əsrdə “Vərqa və Gülşah” əsərinə rəssam Əbu əl-Mömin ibn-Məhəmməd əl-Xoyinin çəkdiyi yetmiş bir miniatürü aid etmək olar. Bu miniatürlərdə enli, girdəsifət, qıyıqgözlü oğuz simaları təsvir olunur.

XII əsrin sonlarında Marağada icra olunmuş ibn Baxtişunun “Mənəfu əl-Hayavan” əlyazmasına çəkilmis qiymətli miniatürlər Hülakilər dövrünə aiddir. Bu əsərin üzü 1297-1299-cu illərdə Marağada Elxanilər sülaləsinin hökmdarı Qazan xan üçün köçürülmüş və 94 miniatürlə bəzədilmişdi. Tədqiqatçılar Bağdad-Mesopotamiya məktəbinin və çin-uyğur incəsənətinin bu miniatürlərə təsirini qeyd edirlər.

“Cami ət-Təvarix” və ya “Tarixin külliyyatı” XIV əsrin birinci rübündə Elxanilər dövrü boyakarlığının ən əhəmiyyətli əsəri hesab olunur. Bu əlyazmanın yaradılması ideyası Qazan xanın özünə məxsus olmuşdu. Miniatürlər uyğur incəsənətinin, Bağdad məktəbinin və Bizansın təsiri altında işlənmişdi.

Təkcə Təbrizin deyil, bütün türk dünyasının miniatür sənət nümunəsi kimi tanınan digər əzəmətli abidə “Böyük Təbriz Şahnaməsi”dir. “Cami ət-Təvarix” əsəri sintez edilən ənənələrin çoxobrazlılığına görə öz eklektikliyi ilə seçildiyi halda, “Şahnamə” bütövlüyün və bitkinliyin zirvəsidir. Bütün bunlar isə türk sənətkarları Əhməd Musa və Şəmsəddin Təbrizinin sayəsində mümkün olmuşdu. Onların yaratdıqları kompozisiyalar insan hisslərinin çatdırılmasında inanılmaz dramatizmi və psixologizmi ilə fərqlənir.

XV əsrdə Təbriz məktəbinin təsiri altında miniatür rəngkarlığı Azərbaycanın başqa şəhərlərində də inkişaf edirdi. Şərq şairlərinin “Şamaxı müntəxəbatı” və Abdulbaqi Bakuvinin “Bakı miniatürləri” bunu təsdiqləyir.

Təbrizdə Ağqoyunlu və Qaraqoyunlu dövrünün miniatür rəngkarlığında təsvir olunan personajlar Orta Asiya türk fenotipini parlaq ifadə etdiyindən “türkmən” üslubu kimi də tanınırdı.

XVI əsrdə Şah İsmayılın və Şah Təhmasibin hakimiyyəti dövründə saray kitabxanasında görkəmli fırça ustası Sultan Məhəmmədin ümumi rəhbərliyi altında istedadlı rəssamlardan – Ağa Mirək İsfahani, Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli, Dust Məhəmməd, Müzəffər Əli, Sadiq bəy-Əfşar, Məhəmmədidən ibarət böyük bir dəstə çalışırdı. Burada qeyd etmək lazımdır ki, Sultan Məhəmməd və onun şagirdlərinin sənəti fars deyil, parlaq türk səciyyəsi daşıyırdı ki, bu da Sultan Məhəmmədin “Şah ovda ikən”, “Meyxanədə” kimi miniatürlərinin ekspressiya ilə dolu olmasında və xalis türklərə məxsus ritm duyğusunda özünü göstərirdi. Yalnız XVII əsrdə Rizai Abbasilərin dövründə Azərbaycan miniatür ənənəsinin istiqaməti dəyişdirilir, həm forma, həm də ruh baxımından xalis fars sənətinə çevrilir.

Azərbaycan miniatürünün dirçəldilməsi cəhdlərini biz XIX əsrdə Qacar üslubunda və müasir Azərbaycan incəsənətində görürük.