AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məscid

Nümunənin reyestr kodu : DA0204000013

Məscid – ərəbcə “səcud” sözündən olub “səcdə etmək”, “baş əymək”, “yerə baş qoymaq” kimi izah olunur. Müsəlman dünyasının möhtəşəm tarixi abidələri sırasında dini tikililər daha çox səciyyəvi olmuşdur. Mədrəsə, xanəgah, türbə, ziyarətgah, yaxud da pirlər bu qəbildəndir. Onlardan biri də məcsiddir. Məscid – İslam aləmində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün inşa olunan memarlıq tikilisidir. Dini ədəbiyyatda məscid Allah evi hesab olunur və ilk belə Allah evinin Məkkədə tikildiyi bəyan edilir. “Qurani-Kərim”in “Əl-i İmran” surəsinin 96-97-ci ayələrində deyilir ki, “həqiqətən, insanlar üçün ilk qurulan ev Məkkədədir, aləmlərə mübarək və doğru yol göstərən Kəbədir. Aydın-aydın dəlillər var orada. İbrahimin məqamı var orada. Oraya girən əmin-amanlıq içində olur”. Etnoqraf İ.Məmmədova Təbriz şəhərinin timsalında məscidlərin orta əsrlərdə təkcə ibadət üçün nəzərdə tutulmadığını, məscidin həm də insanları birləşdirən, xalqı milli vəhdətə aparan, cəmiyyətdə təlim-tərbiyənin, nizam-intizamın yaradılmasında vacib məkan olduğunu, siyasi-ideoloji, sosial-iqtisadi mərkəz rolu oynadığını da qeyd edir. Məscidlər dini maraqların mühafizəsi ilə yanaşı, dövlət siyasətinin qorunmasında və işğalçılara qarşı birləşdirici qüvvə kimi səngər simasında çıxış etmişdir. Məhəllə, kənd və came məscidləri qarşılıqlı yardımlaşmada, dini mərasimlərin keçirilməsində, şəhər və kənd icmalarının həlli vacib məsələlərinin müzakirəsində də müqəddəs məkan kimi əlverişli sayılırdı. Bütün tarixi dövrlərdə “Allahın evi” adlanan məscidlər vergiyə cəlb olunmamışdır. Çox zaman şəriət məhkəmələri məscidlərdə keçirilər, hökmdarların fərman və hökmləri də burada oxunardı. Adətən məscidlər əhalinin sıx yaşadığı yerlərdə, ağsaqqallar və dövlət xadimlərinin məsləhəti ilə inşa olunardı. Bazar və karvansaralara yaxın yerlərdə tikilən məscidin üzü Kəbəyə doğru olur, künbəz və minarələrlə təchiz olunurdu. Bütün məscidlər üçün Şərq aləmində ümumi qəbul olan qaydalar – minbər, minarə, dəstəmaz otağı, ibadət otağı, xanəgah, geniş həyət, xarici görkəminin üç rəngdə – sarı, göy, ağ kaşı ilə örtülməsi və minarələrin sayının 1-dən 7-dək olması xarakterik idi. Adətən məscidin daxili divarında mehrab, onun yanında isə din xadimlərinin oturduğu minbər qurulurdu.

Məscidlər təyinatına görə gündəlik beş dəfəlik namaz üçün nəzərdə tutulmuş kənd və məhəllə məscidi; kollektiv şəkildə cümə namazı üçün nəzərdə tutulmuş cümə məscidi; mərkəzi şəhər məscidi hesab olunan kəbirə; və açıq meydanlı, Qurban bayramı üçün nəzərdə tutulan ümumşəhər məscidi – müsəllə kimi qruplaşdırılır.

İslam dininin və İslam mədəniyyətinin yaranması ilə (VII əsrin əvvəlləri) təşəkkül tapan məscid insanların Ulu Yaradan ilə əlaqə yaratmaq üçün seçdiyi müqəddəs məkan səviyyəsindədir. İlk dövrlərdə tikilən məscidlər Məhəmməd peyğəmbərin Mədinədəki evini xatırladan sadə binalardan ibarət olmuşdur. Əvvəllər məscidlər olmadığından, Allaha ibadət və namaz qılınması açıq ərazidə, kənarları xətlə çəkilmiş yerlərdə həyata keçirilmişdir. İlk məscid 622-ci ildə Məhəmməd Peyğəmbərin Məkkəyə hicrəti zamanı tikilən “Peyğəmbər məscidi” olmuşdur. Həmin məscidin arxa hissəsində İslamın ilk universiteti olan “Suffə” üçün də yer nəzərdə tutulmuşdu. Bu məsciddə cümə namazı qılınırdı. Sonralar Məkkədə müsəlmanların sayı artdıqca məscidlər də tikilib çoxalmağa başlamışdır.

Azərbaycanda məscid İslamın buralarda yayılmasının ilkin mərhələlərindən etibarən tikilməyə başlamışdır. Bu dövrdən başlayaraq Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Urmiyə, Bərdə, Şamaxı, Gəncə, Naxçıvan və digər şəhərlərində müsəlmanların ilk ibadət məkanları inşa olunmuşdur. Təbrizdə 215-ə qədər məscid olmuşdur ki, onlardan Göy məscid, Əlişah məscidi, Həsən padşah məscidi, Came məscidi, Ustad-şagird məscidi, Sahibüləmr məscidi, Xəzinə məscidi (ona Qızılı məscid və ya Hacı Mirzə Yusif ağa məscidi də deyilir), İmam Cümə məscidi (Yaşıl məscid), Qaradaş məscidi, Dal-zal məscidi, Qanlı məscid və s. tarixi abidələr sırasındadır. Müstəqil Azərbaycan respublikasında isə tarixi abidələr sırasına daxil olan Bibiheybət, Təzə Pir, Gəncə İmamzadə kompleksi, Şah Abbas məscidi, Bakı Cümə məscidi, Əjdərbəy məscidi, Aşur məscidi və onlarla belə məscidlər bu günümüzdə də fəaliyyət göstərir. Təzəcə inşa olunmuş Heydər məscidi isə öz möhtəşəmliyi, memarlıq-kompozisiya quruluşunun mükəmməlliyi, ərazisinin genişliyi və ibadətə, ziyarətə gələnlərin sayına görə sayılıb-seçilir.