AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qondara

Nümunənin reyestr kodu : SD0301000013

XIX əsrin birinci yarısında Azərbaycanın Rusiya imperiyasının tərkibinə qatılması sırf müstəmləkəçilik məqsədləri güdsə də, hər halda, ölkədə feodal pərakəndəliyi ləğv edilmiş, feodal-ara müharibələrinə son qoyulmuş, əmtəə-pul münasibətləri inkişaf etmişdir. Azərbaycan tədricən Rusiyanın iqtisadi inkişaf yoluna düşməyə, Rusiya bazarına və onun vasitəsilə dünya bazarına qoşulmağa və dünya əmtəə tədavülünə cəlb elilməyə başlamış, xalqın mədəni-texniki səviyyəsinin yüksəlməsində nəzərə çarpacaq irəliləyişlər olmuşdur. XIX əsrin ikinci yarısından başlayaraq iqtisadi və mədəni əlaqələrin güclənməsi, xüsusilə Rusiya və Avropa ilə ticarət əlaqələrinin artması nəticəsində, başqa sahələrdə olduğu kimi, ayaq geyimlərində də dəyişikliklər yaranmağa başlamışdır.

XIX əsrin sonu-XX əsrin əvvəllərində artıq yerli çəkməçi və başmaqçıların istehsal gücü azalmış, bununla əlaqədar olaraq, ənənəvi ayaq geyimləri olan başmaq və nəleyin sıxışdırılıb məişətdən çıxarılmağa başlamış, əksinə rus və Avropa fabik istehsalı olan ayaqqabı tipləri yerli bazarlara və əhalinin məişətinə sürətlə daxil olmağa başlamışdır. Bu dövrdə “tufli” adı altında yerli məişətə daxil olan “dikdaban”, “quşkeçməz” və s. adlarla bəlli olan ayaqqabılarla yanaşı, “qondara” adlanan ayaq geyimi də dəbə minmişdir. Qondaranın dabanı nazik və hündür ölçüdə düzəldilir, altlığı padoşdan olub, müvafiq ölçüdə hazırlanır, üzlüyü yumşaq dəridən və yaxud da dəri əvəzləyicilərindən xüsusi ülgü əsasında düz sivri ucluqlu biçilir və altlığa yapışdırılırdı. Qondaranın pəncə üstü digər dikdaban ayaqqabılarda olduğu kimi, açıq saxlanılır, ancaq barmaqlar tam ayaqqabının üzlüyündə gizlənirdi. Qondaranın daban təlbəsini xüsusi üsulla altlığa bərkitdikdən sonra ayaqqabı üzlənirdi. Bir qayda olaraq qondaranın içərisinə yumşaq parça və ya nazik dəridən astar çəkilir və döşəməsinə yumşaq içlik yapışdırılırdı. Olduqca incə görkəmi və hündür dabanı olan belə ayaqqabını qış mövsümündə geyməzdilər. O, yaz-yay və qismən də payızda geyilərdi.

Qondara adlanan ayaqqabı tipi keçmişdə tipoloji təsnifat baxımından həm kişi, həm də qadın ayaqqabısı kimi iki fasonda hazırlanırdı. Fabrik məhsulu olan qondara bir-birindən həm də ölçülərinə, rənginə, hazırlandığı materiala görə fərqləndirilirdi.

Mütəxəssislər dünya üzrə ayaqqabının 7 minillik tarixinin olduğunu qeyd edirlər. Ayaqqabının tipləri təbii-coğrafi şəraitdən, başlıcası isə insanların təsərrüfat məşğuliyyətlərindən asılı olmuşdur. Azərbaycanda da qədimdən ayaqqabı geyimindən istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən miladdan əvvəl XI-VIII əsrlərə aid gil ayaqqabı-qabların əldə edilməsi, belə qabların Qızılvəngdə, Xanlarda da tapılması, eləcə də onların Gürcüstanda və Şimali Qafqazda da yayılması ayaqqabıların istifadə tarixinin qədimliyini təsdiqləyir. Zaman keçdikcə yeni-yeni ayaqqabı tipləri meydana gəlmiş, dəblər dəyişmişdir. Qondara tipli ayaq geyiminin isə məişətə daxil olması yaxın keçmişin hadisəsidir. Belə ki, XIX əsrin sonu-XX əsrin əvvəllərində artıq bu ayaqqabı tipi məişətə daxil olmuşdur. “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə qeyd olunduğu kimi, qondara ayaqqabı tipi Basarkeçər, Başkeçid, Borçalı, Cəbrayıl, Füzuli, Göyçay, Xocavənd, İmişli, Qazax, Oğuz, Ordubad, Şərur, Tovuz və b. bölgələrdə əhalinin istifadəsində olmuşdur. Dabanı çox hündür olduğuna görə Ağcabədidə ona “dovşankeçən”, Naxçıvanda isə “quşkeçən” deyilmişdir.

Qondara ayaqqabı tipi Türkiyə qadınları arasında da geniş yayılmışdı. Rus etnoqrafı V.P.Kurulev N.Berkesə əsaslanaraq yazırdı ki, Türkiyədə qondara (kundura) adlanan qadın ayaqqabısının iki tipi mövcud idi. Onlardan birincisi məst qondara (kundura) adlanırdı. Öz formasına görə bu ayaqqabı tipi kəndbəkənd gəzib dolaşaraq çəkmə tikən çəkməçilərin ülgü əsasında biçib tikdikləri tumacdan hazırlanan çəkmələri xatırladırdı. Digər bir qondara (kundura) tipi isə çivili qondara (kundura) adlanırdı. O, yarımboğaz çəkməyə bənzəyir, birincidən dabanının nisbətən hündür olması ilə fərqlənirdi. Bu qondara (kundura) tipinin daban təlbəsi və döşəmə hissəsi iri başlığı olan kiçik mıxlarla əhatələnib bərkidilirdi. Buna görə də çivili qondara (kundura), görünür, daha mütənasib və ya daha tələbata uyğun olmuşdur.