AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Düyməçə

Nümunənin reyestr kodu : SD0302000023

Şəki-Zaqatala bölgəsində saya təsəyin (çəpçiyin) bir variantı “düyməçə” adlanan baş geyimi olmuşdur. Saya təsəkdən fərqli olaraq, onun arxa hissəsi əlvan naxışlarla bəzədilir, boğazın altından keçən ucu qozalı gümüş zəncir əks tərəfdə gümüş pul-düyməyə bağlanırdı. Zəncirin də üzərinə gümüş pullar düzmək dəb idi.

Etnoqrafik ədəbiyyatda düyməçə haqqında yetərli məlumatı mərhum etnoqraf A.N.Mustafayev ingiloy baş geyimləri timsalında vermişdir: “Biçim üsuluna görə düyməçə Azərbaycanda geniş yayılmış təsəyi xatırladır. Lakin təsəkdən fərqli olaraq, onun təpədən arxaya olan hissəsi bütöv deyil, üçbucaq formasında biçilib süksünə (boyuna) doğru enməklə, hər tərəfdən üç ədəd üzəngi vasitəsilə arxa tərəfdən kəlləliyin yanlarına birləşdirilirdi. Görünür, elə bu səbəbdən də ona “düyməçə” sözündən götürülmüş bu ad verilmişdir. Adətən qadınlar saçlarını düyünçələyib düyməçənin köməyi ilə süksünün (boyunun) üstündə saxlayırdılar. Qalın parçalardan, ən çox isə xaradan tikilən düyməçənin peysəri örtən arxa hissəsi rəngli keci sapla müxtəlif səciyyəli naxışlarla bəzədilirdi. Bu fakt bir daha düyməçənin müstəqil baş geyimi kimi istifadə olunduğunu göstərir. Qız-gəlin onu çox vaxt örpəksiz geyirdi. Düyməçənin başda möhkəm qalması üçün onun boğazın altından fırlanan üzəngisi gümüşdən kəsdirilmiş düymə vasitəsilə gicgahın üstündə düymələnirdi. Cavan qızların düyməçəsi zinətsiz olurdu. Ərə getmiş yaşlı qadınlar isə düyməçəni çox vaxt sərbəst geyməyib, onun üstündən əlavə örpək örtürdülər. Bundan əlavə, düyməçənin mahud və ya tumacdan düzbucaqlı formada biçilmiş kəlləliyinin ön hissəsi bir neçə qatar gümüş zəncirə ilə bəzədilirdi. Hər birinin üzərindən gümüş sikkə və ya qoza “düymə”lər asılmış zəncirələrin ucları hər iki tərəfdən gücgahın üstünə sallanmaqla, düyməçəni əməli əhəmiyyət daşıyan baş geyimindən daha çox bəzək vasitəsinə bənzədirdi. Qızıl və ya gümüşdən sifarişlə zərgərə düzəltdirilmiş qoza düymələr, başlıca olaraq, varlı qadınların düyməçəsinə bənd edilərmiş. Kasıblar, bir qayda olaraq, düyməçənin zəncirlərinə qulaqlı gümüş pullar bənd etdirərdilər. Düyməçəni başa elə qoyurdular ki, saçlar onun altından görünmürdü. Bu mənada o, qismən də Şəki bölgəsində geniş yayılmış tülünü (çutqunu) əvəz edirdi”.

Düyməçə baş geyimi hasilə gətirildiyi materiala görə (qalın parça, tumac, mahud), müxtəlif səciyyəli naxış elementlərinə və üzərinə bənd edilmiş bahalı və ya ucuz zinətlərə görə bir-birindən fərqlənirdi.

Düyməçənin və çəpçiyin oxşar biçim tərzində biçildiyini və genetik olaraq araqçından törəmə olduğunu nəzərə alsaq, onda istifadəsinin də qədim olduğunu deyə bilərik. Sasani dövrü abidələri, həmçinin orta əsr miniatür sənəti nümunələri bir daha bu geyim növlərinin məişətdə xeyli qədimlərdən istifadə olunduğuna şahidlik edir. Yayılma arealına gəldikdə isə, düyməçə Azərbaycanın Zaqatala bölgəsində geniş yayılmışdır. Azərbaycanın digər bölgələrində (Gəncəbasar, Qərb, Qarabağ, Kəlbəcər) “qulaqlı papaq”, “çəpçik” və ya sadəcə olaraq “papaq” adlandırılan baş geyimi düyməçəyə bənzər olmuşdur. Azərbaycanın adları sadalanan bölgələrində bu baş geyimlərini ancaq yaşlı qadınlar və qarılar geyirdilərsə, düyməçəni bütün yaş qruplarından olan qadınlar geyirdi. “Düyməçə” tipli qadın baş geyimi eyni adla Dağıstan, Orta Asiya və İranda da geniş yayılmışdır. Mütəxəssislərin ehtimalına görə, Zaqatala bölgəsinə yaxın yerləşən Dağıstan xalqları arasında da bu baş geyimi elə “düyməçə” adlanır. Bu fakt həmin baş geyiminin azərbaycanlılardan mənimsənildiyini göstərir.