AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nekropol

Nümunənin reyestr kodu : DA0204000018

Nekropol – yunanca “nekros” və ya “vekros” – ölmüş, + “polis” – şəhər (məzarlıq, qəbiristanlıq) demək olub, adətən, qədim dünyanın kompleks şəkildə dəfn olunma yerlərinə verilən addır. Nekropol yeraltı qalereya, sərdabə və yaxud da qəbir kameralarından ibarət olur, iri həcmli ərazini əhatə edir və dəfn edilənlərin sayı burada yüzlərlə hesablanırdı. Qədim dünyanın Misir, Kiçik Asiya, Etruriya kimi iri yaşayış məskənlərinin yaxınlığında çoxlu daş qutu qəbirləri və üzərində daşdan məzarüstü abidələri olan nekropollar aşkar edilmişdir. Qədim Afinada Dipilon nekropolu, Qədim Misirdə fironların və məşhur əyanların dəfn məzarlığındakı qəbirlərindən ibarət olan Fiv nekropolu dünyanın ilk nekropolları kimi məlumdur. Sonrakı dövrlərdə də çoxlu kompleks qəbirlərdən ibarət olan kütləvi məzarlıqlar nekropol adlandırılmışdır.

Etruskların (qədim romalıların) nekropolları ölçülərinə görə Şərq ölkələrinin qayalarda çapılmış məzar yerlərini xatırladır ki, qədim yunan və qədim Roma nekropol arxitekturasında bunların anoloquna hələlik təsadüf olunmamışdır. Burada əyanlar sağlıqlarında ikən özlərinin o biri dünyadakı həyatlarını təmin etmək üçün yaşayış evləri görkəmində saraylar (sərdabələr) tikdirirdilər. Belə sərdabələr freskalarla bəzədilir və qiymətli məişət əşyaları ilə təchiz olunurdu. Misirlilərə görə, ölüm insanın varlığını məhv etmir, onu sadəcə olaraq başqa aləmə, axirət dünyasına (guya burada həyat davam edirmiş) aparır. Buna görə misirlilər cəhd edirdilər ki, ölünü başqa aləmdə əbədi həyatla təmin etsinlər. Bu səbəbdən də varlı məmurları və adlı-sanlı kahinləri kürsü (mastab) şəkilli sərdabələrdə dəfn edir, yanına da həyat üçün zəruri olan ərzaq, silah və kiçik insan və heyvan heykəlcikləri (uşebtu) qoyurdular. (Belə bir ənənə Azərbaycanda da uzun əsrlər boyu mövcud olmuşdur). Maraqlıdır ki, qədim misirlilərin dəfnetmə ayinlərininin allahı hesab olunan Anubis, həmçinin nekropolların da allahı kimi qəbul olunmuşdur.

Azərbaycan xalqının da dövlətçilik tarixində adı keçən qədim və orta əsr dövlətlərinin dəfnetmə adətlərində nekropollara – kompleks məzarlıqlara tez-tez rast gəlinir. Məlum olduğu kimi, Azərbaycanda qəbir abidələri torpaq qəbirlər, küp qəbirləri, çiy kərpic qəbirlər, ağacyonma qəbirlər, gil sarkofaqda dəfnetmə və katakomba qəbirləri kimi təsnif olunur. Azərbaycanda aşkar olunmuş nekropolların əksəriyyətində bu dəfnetmə qaydalarının bir çoxundan eyni vaxtda istifadə edilirdi. Bunu biz Çərmədil nekropolu timsalında aydın görə bilərik. Belə ki, İsmayıllı rayonu, Çərmədil kəndi ərazisində aşkar olunan nekropol son antik və ilk orta əsrlər dövrünə aid edilən bir kurqan, 8 küp qəbir və 25 torpaq qəbirdən ibarət olmuşdur. Qəbir avadanlıqları içərisində dəmir qılınc, xəncər, bıçaq və bəzək əşyaları olmuşdur.

Azərbaycanda aparılmış arxeoloji qazıntı işlərinin nəticələrindən bəlli olur ki, burada qədim, antik və orta əsrlər dövrünə aid edilən çoxlu miqdarda nekropol, əsasən, Mingəçevirdə, Yaloylutəpədə, Şamaxıda (Nüydi, Xınıslı), Qəbələdə, Qubada, Xaçmazda, Uzunboylarda, Qırlartəpədə, Daşkəsəndə, Gəncədə, Naxçıvanda (Əbrəqunis, I-II-III Naxçıvan nekropolları, Ağbulaq, Badamlı, Camaldin, Boyəhməd, Dizə, Xalıkeşan, Kulüs, Sarıdərə, Şahtaxtı, Türkeş, Yaycı nekropolları), Füzulidə (Qarabulaq nekropolu), İsmayıllıda (Çərmədil nekropolu), Şəmkirdə (I və II Keçili nekropolu) və b. ərazilərdə aşkar edilmişdir.

Nekropollar sərdabə tipli, yeraltı qalereya və müxtəlif dəfnetmə qaydalarından ibarət qəbir kameralarından ibarət olmaqla, üç növdə təsadüf edilir.

Dünyada mövcud olan nekropolların ən qədimi miladdan əvvəl IV minilliyin ikinci yarısına aid edilir (Qədim Afinada Dipilon nekropolu, Qədim Misirdə fironların və məşhur əyanların dəfn məzarlığındakı qəbirlərindən ibarət olan Fiv nekropolu və s.). Azərbaycanın qədim dövlətlərinin (Manna, Atropatena, Albaniya) ərazilərində mövcud olmuş nekropollar isə Son Tunc və Erkən Dəmir dövrünə (miladdan əvvəl II minillik – miladın ilk əsrlərinə) təsadüf edir. O zamandan bəri qədim, antik və orta əsrlər dövrlərində Azərbaycanda nekropol yaranma ənənəsi davam etmiş, xalqımızın tarixini, məişət və mədəniyyətini, adət və ənənələrini öyrənmək üçün dəyərli vizual mənbə rolunu oynamışdır.