AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Külafirəngi/eyvan

Nümunənin reyestr kodu : DA0202000004

Külafirəngi (eyvan) qülləyəbənzər ağac tikili olub, ağac dirəklər üzərində qurulur, yay aylarında istidən (bürküdən), ağcaqanaddan və mığmığadan qoyunmaq, səmərəli istirahət etmək üçün nəzərdə tutulurdu. Keçmişdə ən çox Abşeron bölgəsində inşa olunan külafirənginin (eyvanın) iki forması mövcud olmuşdur. Onlardan biri ayrıca tikili kimi, əsas evə bitişik və ya ondan aralıda dörd ağac dirək üzərində qurulur, yanları açıq olur, üzəri iki və ya dörd sinəli çardaqla örtülürdü. Çardağın üstü taxta, qamış (lığ) və ya kirəmitlə bağlanırdı. Adətən, külafirəngi bir və ya iki mərtəbəli tikilirdi. Birmərtəbəli külafirənginin hündürlüyü təxminən 4-5 m, ikimərtəbəlininki isə təxminən 7-8 m-ə yaxın olurdu. Külafirəngiyə ağac nərdivanla çıxırdılar. İkinci mərtəbəyə isə ara pilləkanı vasitəsilə çıxırdılar. Külafirənginin hər bir mərtəbəsi təxminən 1 m hündürlüyündə sürahı (məhəccər) ilə dövrələnirdi. Əsasən yay istirahət evi hesab olunan, Azərbaycanın rütubətli və bürkülü bölgələri, xüsusən Abşeron və Lənkəran bölgələri üçün xarakterik olan bu formalı yay istirahət tikilisinə Aran rayonlarında “talvar”, Naxçıvanda “taxt”, Аbşeronda “balaxana” və ya “külafirəngi”, Lənkəran-Astara bölgəsində “ləm”, Qax rayonunda “altıaçıq”, Zaqatala rayonunda isə “qulaça” deyilirdi. Külafirəngınin (eyvanın) dıgər bir forması isə keçmişdə saray, qəsr, imarət və yaxud da malikanələrdə xüsusi olaraq düzəldilən həcmcə iri daş eyvandan ibarət olurdu. Adətən, belə külafirəngidə şahlar, hakim feodallar, malikanə sahibləri və onların əyal-əşrəfi istirahət edərdi. Bir qayda olaraq evin ikinci mərtəbəsində qurulan, müasir evlərdəki balkonları xatırladan belə külafirənginin ön hissəsi (fasadı) üç tərəfdən qapalı olub, baxar səmti həyətə doğru yönəldilir, daşdan yonulub səliqə ilə düzəldilir, üst hissəsi tağbənd görkəmdə olur, qabağına isə dekorativ məhəccər çəkilirdi.

Külafirəngi (eyvan) tipoloji təsnifat baxımından iki qrupda müşahidə olunurdu: 1. Bir qayda olaraq, həyətyanı sahədə, yaşayış evinin yaxınlığında inşa edilən və memarlıq baxımından yaşayış evi ilə harmonik kompozisiya yaradan külafirəngi (eyvan); 2. Saray, qəsr, imarət və yaxud malikanə kimi varlı evlərinin ikinci mərtəbəsində xüsusi olaraq düzəldilən, üç tərəfdən qapalı, baxar səmti həyətə doğru yönəldilən, həcmcə iri, tağbəndli və məhəccərli daş eyvan.

Külafirənginin nəşət etdiyi eyvan, tikinti elementi kimi, ilk dəfə Şərqdə yaranmışdır. Misal olaraq Əhəməni hökmdarlarının, Parfiya dövlətinin və Sasani hökmdarlarının saraylarındakı eyvan tikililərini göstərmək olar. Tikiliyə möhtəşəmlik verən eyvan çox zaman sıra sütunlu olurdu. Arşakilər xanədanının paytaxtı olmuş Mədaində (keçmiş Ktesifon) Sasani hökmdarı I Şapur (hakimiyyət illəri 241-272-ci illər) tərəfindən inşa edilən eyvanlı Hüsrev sarayının xarabalıqları (Mədain xarabalıqları) “Eyvan-i Kisra”, “Tak-i Kisra”, Qərbdə isə “Ktesofon kəməri” adı ilə məşhur olmuşdur. Belə eyvanlar Sasani və Parfiya hökmdarlarının saray və məbədlərində müşavirə və qəbul salonları kimi nəzərdə tutulmuşdur. Orta əsrlərdə Orta və Yaxın Şərqin bir çox saray və dini bina tipli tikililərində (məscid, mədrəsə) eyvan, bir memarlıq elementi kimi, geniş tətbiq edilmişdir. Sərvistan (İran) sarayı, İsfahan, Buxara, Herat məscidləri və s. binalarda bu dövrə aid maraqlı eyvan nümunələri zəmanəmizədək gəlib çatmışdır. Eyvanlar qədim yaşayış evlərinin memarlıq-kompozisiya quruluşunun ayrılmaz bir elementi kimi Azərbaycanda da geniş yayılmışdır. Zaman-zaman Azərbaycanda mövcud olmuş dövlətlərin hökmdarlarının – şahların, padşahların, xanların inşa etdirdikləri sarayların əksər hallarda eyvan-külafirəngisi olmuşdur. Avropa memarlığında yalnız orta əsrlərdən tətbiq edilməyə başlayan eyvan, Azərbaycanda qədimlərdən mövcud olaraq hazırda da balkon, eyvan, seyvan, külafirəngi, ləm, balaxana, qulaça, taxt, talvar və s. adlarla əhalinin istifadəsindədir.