AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dübəndi

Nümunənin reyestr kodu : SD0301000008

“Dübəndi” adlanan kişi ayaq geyimi aşılanmış gön və tumacdan tikilmiş yüngül yay ayaqqabısına deyilirdi. Onu, bir qayda olaraq, yekrəng dəridən xüsusi ülgü əsasında biçib tikir, pəncə üstünə heç bir naxış və bəzək salmırdılar. Dübəndinin boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər örtürdü. Onun boğazlığı qara və ya tünd qəhvəyi rəngli dəridən tikilir, altına aşılanmış nazik göndən altlıq çəkilir və dabanına nal vurulurdu. Adətən, bu ayaqqabı ayağa geyildikdən sonra onun boğaz hissəsindəki simmetrik qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanırdı. Dübəndinin ad mənsubiyyəti də elə onun pəncə üstünün qaytanla bağlanan hissəsinin iki deşikli olması və bu qoşa deşiklərdən keçirilən iplə (qaytanla) bağlanması idi. “Dübəndi” sözünün özü fars mənşəlidir. Farsca “dü” – iki deməkdir. Ayaqqabının adı da buradan yaranmış və “iki deşikli bağla bağlanan ayaqqabı” deməkdir.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətində “dübəndi” – “kustar üsulla tikilmiş ayaqqabı növü” kimi təqdim olunur. Əslində isə dübəndi ayaqqabı növü XX əsrin 20-ci illərində – Sovetlərin ilk dönəmində Azərbaycanın şəhər əhalisi arasında geniş yayılmış ayaq geyimi olmuşdur. Çox güman ki, Azərbaycana İran və Rusiya bazarlarından gətirilmə dəbli ayaqqabı növü olmuş, yerli başmaqçı və yaxud çəkməçilər də onun kütləvi yayılmasında mühüm rol oynamışlar.

Bakı və Abşeronda kişilər əsasən dabanı alçaq, yüngül yay çustlarından istifadə edirdilər. Dübəndi adlanan bu ayaqqabılar meşindən tikilirdi. Onlar iki iplə bağlanır və gündəlik ayaqqabı hesab olunurdu. XIX əsrin sonu-XX əsrin əvvəllərində qaloş adlanan ayaqqabı növü kəndin yoxsul, tavanasız təbəqələri arasında necə üstün mövqe tuturdusa, dübəndi də şəhər mühitində o sayaq yayılmışdı. Sonralar fabrik istehsalı olan nümunəvi ayaq geyimlərinin sayı artdıqca dübəndi də digər ayaqqabı növləri kimi, məişətdən çıxmışdır. Həm də XX əsrin əvvəllərində yerli ayaqqabılar Rusiyadan və Avropadan gələn ayaqqabılar tərəfindən sıxışdırıldığından yerli çəkməçilərin sayı azalmağa başladı ki, bu da dübəndi kimi ayaqqabıların aradan çıxmasına səbəb oldu.

Dübəndinin növləri ancaq hasilə gətirildiyi dərinin növünə (aşılanmış gön, tumac, meşin) və rənginə (qara, tünd qəhvəyi və s.) bir-birindən fərqləndirilirdi.

Dübəndi ayaqqabı növü kişi geyim dəstinə XX əsrin 20-ci illərindən daxil olduğuna görə, başmaq, çust, uzunboğzaz kimi ayaqqabılara nisbətdə müasir hesab olunur. Onun yayılma arealı iri şəhərlər olsa da, kəndin şəhər və bazarlarla mütəmadi əlaqə saxlayan təbəqəsi (tacir-tüccar, baqqal, çərçi, xırdavatçı və s.) arasında da yayıldığı məlumdur.