Mov
Nümunənin reyestr kodu : SD0401010005
Azərbaycanda XVIII əsrdə (xüsusilə də xanlıqlar dövründə) xam ipəkdən güləbətinsiz toxunan ipək parçaların çox geniş çeşidlərindən biri də mov parça olmuşdur. Güləbətinsiz parça növlərinin, demək olar ki, hamısı istehsal texnikası baxımından taftasayağı toxunmuşdur. Mov parçaların həm saya, həm də zolaqlı və dama-dama naxışlıları toxunurdu. Mov parçanın sap sıxlığı tafta toxunuşlu parçalara nisbətən seyrək olurdu. Burada soyuq (solğun) rənglərə nisbətən isti (parlaq) rənglər üstünlük təşkil edirdi. Parçanın yerliyi, əsasən, qırmızı rəngli və enli zolaqlardan ibarət olurdu. Zərif toxunuşu, rəng əlvanlığı ilə fərqlənən mov parçalar xalq məişətində, xüsusilə də, toy-bayramlarda daha çox istifadə olunurdu. Mov parça haqqında nisbətən ətraflı məlumatı Rusiyanın dövlət xidmətində olan həkim-səyyah İ.Y.Lerxin ikinci səyahətinə həsr olunmuş gündəliyində rast gəlmək mümkündür. XVIII əsrin 40-cı illərində Yeni Şamaxının – Ağsunun sənətkarlıq istehsalından bəhs edən səyyah yazırdı ki, “gözəl görkəmə malik müxtəlif rəngli yaşıl, qırmızı və göy zolaqlı ipək mov istisna olmaqla, parça az istehsal edilir. İranlılar ondan yay köynəyi tikirlər: bizim, demək olar ki, hamımız özümüzə belə köynəklər sifariş verdik”. Xalq məişətində mov parçalar örtük, süfrə, pərdə, üzlük parça, geyim materialı və s. kimi işlədilirdi.
Mov parçalar toxunuş növünə (saya, zolaqlı və dama-dama), zolaqlarının rənginə (yaşıl, qırmızı, göy) və ölçülərinə (böyük və orta ölçülü) görə bir-birindən fərqləndirilirdi.
XVIII əsrdə Azərbaycanda istehsal edilən ipək parçalar arasında mov adlı parça xüsusi yer tuturdu. Maraqlı burasıdır ki, bu parçanın nə XVIII əsrdən əvvəlki əsrlərdə, nə də Şamaxıdan başqa, Azərbaycanın digər bölgələrində istehsal edilməsi haqqında heç bir məlumata təsadüf edilməmişdir. Sonrakı dövrlərə aid mənbələr də mov istehsalının, əsasən, Şamaxı xanlığında cəmləşdiyini, həm də burada yüksək inkişaf səviyyəsinə çatdığını sübut edir. Rus məmurlarının tərtib etdikləri kameral təsvirlər əsasında aparılan hesablamalar göstərir ki, Şamaxı xanlığının Qoşun, Xançobanı və Qəbiristan mahallarının kəndlərində 100 nəfərdən çox toxucu mov parça istehsalı ilə məşğul olmuşdur. Şamaxı şəhərinin özündə isə toxucuların böyük əksəriyyəti – 565 nəfəri bu parçanın istehsalı üzrə ixtisaslaşmışdı. XIX əsrin əvvəllərində Gəncə və Şuşada da mov parçaların istehsalı haqqında məlumatlar verilir. Şamaxıda istehsal edilən mov parçaların xeyli hissəsi qonşu ölkələrə, o cümlədən Rusiya və Gürcüstana ixrac edilirdi. 1789-1791-ci illərdə Bakı, Dərbənd və Salyan limanlarından Rusiyaya Şamaxıda istehsal olunmuş 2258 ədəd mov parça göndərilmişdi.
XIX əsrin ilk qərinəsində Gəncədə satılan Şamaxıya məxsus ipək parçalardan bəhs olunarkən onların ölçüləri, rəng və bəzək çeşidləri, habelə toxuma texnikası barədə ötəri, lakin olduqca gərəkli məlumat verilir. Bu məlumatlardan aydın olur ki, XIX əsrin 30-cu illərində Köhnə Şamaxıda ipək parça toxuyan 650 dəzgah, Şirvanın başlıca şərbaf kəndləri sayılan Əlvənd, Zərdab, Ağsu və Basqalda 50 ipəktoxuma dəzgahı fəaliyyətdə idi. Bu dəzgahlarda ənənəvi ipək parça növləri olan darayı, tafta, mov, ipək örtük, örpək, kəlağayı, zolaqlı çadra, cecim və digər ipək parçalar toxunurdu. Bunların arasında Şamaxının mov və darayısı ən yuksək keyfiyyətli parçalar sayılırdı. Mənbənin yazdığına görə, Şamaxı karxanalarının ipək malları keçmişdə o qədər böyük şan-şöhrət qazanmışdı ki, hətta İran parçaları arasında onlar ən yüksək keyfiyyətli ipək məmulatı hesab olunurdu. Mənbədə Şamaxı şərbafxanalarında toxunan ipək parçaların ənənəvi ölçüləri, onların istehsalına sərf olunan xam ipəyin miqdarı, maliyyə məsrəfləri və qiymətləri barədə də müfəssəl məlumat verilir. Məsələn, 38 misqal xam ipəkdən hər bir tikəsinin uzunu 7 arşın olan 26 ədəd böyük ölçülü mov, 30 misqal ipəkdən yenə 30 ədəd orta ölçülü mov toxumaq olurdu. Bakı qubernatorunun 1882-ci ilə dair hesabatında bildirilirdi ki, əvvəllər külli miqdarda istehsal olunan ipək parçalar demək olar ki, daha hazırlanmır və xaricə ixrac olunmur, yaxud çox məhdud miqdarda göndərilir. Buranın yüksək keyfiyyətli mov və qanovuz parçaları xarici fabriklərin çox vaxt Zaqafqaziya (Cənubi Qafqaz) baramasından toxunan aşağı keyfiyyətli, bekar malları ilə əvəz olunmuşdur. Yuxarıda gətirilən faktlardan göründüyü kimi, Azərbaycanın ənənəvi ipək parçalarının bir qismi (atlaz, tafta, darayı, mov, qanovuz, yorğanüzü, çarşab, çadra, kəlağayı) XIX əsrin sonlarına, başqa sözlə, yerli şərbaf karxanaları tənəzzülə uğrayıb aradan çıxana qədər davam etmişdir.