Məst
Nümunənin reyestr kodu : SD0301000011
Hər bir ayaqqabı növü, məst də daxil olmaqla, ayaqların yer ilə əlaqəsini kəsərək onu xarici zərərli hər şeydən, o cümlədən dəyişkən hava şəraitindən qoruyan və geyim dəstini tamamlayan bir geyim atributudur. Ev şəraitində geyilən ayaqqabılar içərisində nisbətən yumşaq dəridən hazırlanan məst yüngül geyim növü olub, başlıca olaraq qara, qırmızı, tünd göy, yaşıl rəngli safyandan və tumacdan dabansız tikilirdi.
Məst ayaqları topuqlarla birlikdə örtərək əsasən aşılanmış dəridən, nadir hallarda isə keçədən hazırlanırdı. Məstin bağlamaq üçün bağları (qaytanı) olmurdu. Əhli-sünnə məzhəbinə görə, məstin içində ayaqlar görünməməli, yəni o, şəffaf olmamalı, suyu ayağa keçirməməli, barmaq ucunun keçəcəyi qədər deşiyi olmamalı, ən azı bir gərsəx, yəni 12 min addım məsafə gedəcək qədər dözümlü olmalı idi. Adətən, qadın məstləri yaşıl və qırmızı dəri hissəsindən, kişi məstləri isə qara və tünd göy dəridən ülgü əsasında biçilib tikilirdi. Bir qayda olaraq, usta materialın əldə olunmasında, onun ülgülənib hazırlanmasında əsas rol oynayırdı. Şagird və ya kargər isə, başmaq və çəkməçilikdə olduğu kimi, ancaq tikmə işi ilə məşğul olurdu. Məstin həm altı, həm də üstü tumacdan tikilirdi.
Daha çox ibadətlə bağlı ayaq geyimi olduğundan, məsti ən çox namaz qılan kişilər və ibadətlə məşğul olan din xadimləri (molla, axund, müfti, seyid, müəzzin və b.) ev şəraitində geyərdilər. Namaz qılan kişilər hər dəfə namazdan əvvəl ayaqlarını yuyub, “məsh çəkmə” əməliyyatını icra etmək məcburiyyətində qalmamaq üçün ayaqlarına yumşaq dəridən məst geyib islaq barmaqlarını onun üzərinə çəkməklə kifayətlənirdilər. Bir qayda olaraq, evdən bayıra çıxan zaman məstin üstündən ayaqqabı geyilirdi. Bayırdan qayıdıb evə daxil olarkən ayaqqabını çıxarandan sonra məsti soyunmaq lazım gəlmirdi. Corabın üstündən geyilmiş məst gecə yatana qədər çox vaxt ayaqda qalırdı.
Şəhər əhalisinin əksəriyyətinin, kənd əhalisinin isə varlı zümrələrinin ayaq geyimləri içərisində çust, başmaq, şətəl, nəleyin və s. ilə yanaşı, məst də mühüm yer tuturdu. Adətən, yumşaq aşılanmış dəridən altlıqsız hazırlanan məstin üstündən şəhər əhalisi gəzməyə çıxan zaman başmaq geyinirdi.
Məst ayaqqabı növü qadın və kişi ayaq geyimi olmasına, boğaz hissəsinin uzun və qısalığına, tikildiyi materialın növünə (dəri və ya keçə) və rənginə (qara, qırmızı, tünd göy, yaşıl rəngli) görə bir-birindən fərqləndirilirdi.
Məst ayaqqabı növü İslamın gəlişi ilə müsəlmanlar arasında yayılan, əksərən də dinə bağlı adamlar tərəfindən istifadə olunan yüngül və yumşaq ayaqqabı növü idi. Keçmişdə məst təkcə Azərbaycanda deyil, digər müsəlman xalqları arasında və Yaxın Şərq ölkələrində də geniş yayılmışdı. VII əsrdən üzü bəri XX əsrin əvvəllərinə qədər dini geyim dəstinə daxil edilən, şəhər əhalisinin gündəlikdə istifadə etdiyi, kəndin isə varlı təbəqəsinin həm ev, həm də çöl-bayır (gəzinti) ayaq geyimi olan məst hazırda demək olar ki, istifadədən çıxmışdır.