Papaq
Nümunənin reyestr kodu : SD0302000026
Ənənəvi kişi baş geyimləri müxtəlif növ materiallardan (dəri, keçə, parça) hazırlanmaqla, həm tikili, həm də bağlama formasında olmuşdur. Tikili baş geyimlərinə müxtəlif formalı və adlı dəri və keçə papaqlar, araqçın (təsək və yaxud tərrik), başlıq; bağlama baş geyimlərinə isə baş dəsmalı (sarıq), çalma və əmmamə daxil edilmişdir. Baş geyimləri içərisində yerli qoyun dərisindən hazırlanmış papaqlar xüsusilə üstünlük təşkil edirdi. Bununla belə, varlı şəxslər öz papaqlarını Krım və Orta Asiyadan gətirilmə qaragül dərisindən tikdirirdilər. Yerli əhali arasında bu dəridən tikilən papaq “Buxara papaq” adlanırdı. Qaragül dərisinin rənginə müvafiq olaraq “Buxara papaq”lar qara (ərəbi papaq), çal (Şirazi papaq və ya çalpapaq) və qızılı, yaxud gümüşü (sür papaq) kimi müxtəlif adlarla məlum idi. Bu cür papaqların başlıca müştəriləri bəylər, qoçular, varlı tacirlər və sair idi. Yerli börkçü-ustalar tərəfindən tikilən bu papaqlar öz formasına görə həm də “daqqa papaq” və “qələmi papaq” olmaqla iki qrupa ayrılırdı. Daqqa papaq əksərən qaragül dərisindən, bəzən də yerli körpə quzu dərisindən ülgü əsasında biçilib tikilirdi. Papaq gövdə, tərk və astardan ibarət olurdu. Onun tərkini (üst hissəsini) çox vaxt parçadan deyil, tumac və ya aşılı dəridən tikirdilər. İlin fəsillərindən asılı olaraq papağın astarı yun və ya pambıq parçadan qoyulurdu. “Qələmi papaq” yastı formalı “daqqa papaq”dan fərqli olaraq bütöv dəridən hündür şiş papaq formasında tikilirdi. Şirvan əhalisi arasında ona “şikarı papaq”, “qacarı papaq” və “qoçu papağı” da deyilirdi. Quba-Xaçmaq bölgəsində “kazak papağı”, “ləzgi papağı”, ”çərkəzi papaq”, “noqay papağı”; Lənkəran-Astara bölgəsində isə bütöv qoyun dərisindən hazırlanan “ğıjina kuli” (dəri papaq) xüsusilə dəbdə olmuşdur.
Papağın Azərbaycanda müxtəlif növləri olmuşdur. Bütöv konusu xatırladan şiş papağı ayrı-ayrı dəri hissələrindən biçib-tikirdilər. Bunun üçün lazımi ölçüdə biçilmiş hissələri saxsı iynəsi ilə tərs üzünə tikdikdən sonra astar çəkir və avand üzünə çevirirdilər. Papağın astarına sırıq vurulurdu. Şiş papaq ən çox qara və ağ rəngli saçaqlı quzu dərisindən tikilirdi. Onun saçaqlarını xüsusi alətlə burub qıvrımlayırdılar. Azərbaycanın Quba bölgəsində bu cür papaq “qarmuq papaq”; Şirvanda “Zərnəva papağı”, “Qəbələ papağı”, “züllə papaq”, “molla papağı; qərb bölgəsində “armudu papaq” və “ayrım papağı” adlanırdı. Kəsik konus formasında tikilən şələ papaqlar da saçaqlı olur, üst hissəsinə tünd rəngli parçadan “tərk” salınırdı. Papağın astarı da eyni rəngli parçadan hazırlanmaqla, dəri ilə birgə sırınırdı. Mövsümdən asılı olaraq, şələ papağın astarı yun və ya pambıq parçadan çəkilirdi. Azərbaycanın ayrı-ayrı bölgələrində belə papaqlar “çapıq papaq”, “zağaralı papaq”, “yastı papaq”, “yappa papaq”, “Qarabağ papağı”, “motal papaq”, “dəyirmi papaq”, “çoban papağı” və s. adlarla məşhur idi.
Göründüyü kimi, Azərbaycanda dəridən hazırlanan kişi baş geyimlərinin çeşidi rəngbərəng, ona olan təlabat isə çox böyük olmuşdur. Bu səbəbdən də burada papaqçılıq sənəti geniş inkişaf etmişdir. XIX əsrin 50-ci illərində Bakı, Yelizavetpol, Lənkəran, Quba, Nuxa, Şamaxı, Şuşa, Naxçıvan kimi iri sənət mərkəzlərində 650 nəfərədək papaqçı-usta işləmişdir ki, onların da 235 nəfəri yalnız Nuxada cəmlənmişdi. Ənənəvi kişi baş geyiminin ən vacib elementi sayılan papaq keçmişdə əməli vəzifə daşımaqla yanaşı, həm də qeyrət və namus rəmzinə çevrilmişdi. Xüsusilə sür dəridən tikilmiş börk geyən kişilər nəinki ədalətsiz bir iş görməyi özlərinə rəva bilməz, hətta başqalarının haqsız əməlinə dözməyib, onu cəzasız buraxmağı öz qeyrətlərinə sığışdırmazdılar. Məhz bu səbəbdən də keçmiş məişətdə qeyrət və hünər rəmzi sayılan papaq səhər tezdən gecə yatana qədər kişilərin başında qalardı. Hətta süfrə ətrafında çörək yeyən zaman kişilər onu başlarından çıxarıb kənara qoymazdılar.
Azərbaycanda heyvan dərisindən istifadə çox qədim tarixə malikdir. Hələ daş dövründə, ovçuluğun ilk çağlarından etibarən vəhşi heyvan dərisi insanların məişətinə daxil olmuşdur. İbtidai insanlar heyvan dərisindən həm bürüncək, yatacaq kimi, həm də pirimitiv papaq və ayaq geyimi kimi istifadə etmişlər. Dəri-gön məmulatları tez çürüdüyündən, arxeoloji qazıntılardan həmin nümunələr əldə edilməmişdir. Dəri papaqlar sonrakı dövrlər də istifadə olunsa da, XVI əsrdən ona tələbat artıq xeyli artır. Qoyun dərisindən tikilən hündür papaqlar nisbətən geniş yayılır. Bunu əsas etibarilə çobanlar, köçmə həyat tərzi keçirən maldar elat kişiləri geyərdilər. XVII-XIX əsrlərdə bu dəri papaqlar əhalinin daha geniş dairələrinin baş geyimi olmuşdur.