Ətəklik (yaxalıq)
Nümunənin reyestr kodu : SD0303000008
Azərbaycanda ənənəvi qadın geyimlərində bəndetmə bəzək elementlərinin böyük hissəsini ətəklik və yaxalıqlar təşkil etmişdir. Bu bəzək elementləri zərgərlər tərəfindən şəbəkə və döyməqəlib üsulu ilə hazırlanır, həmçinin kiçik metal pullardan tərtiblənirdi. Digər bəndləmə zinət növləri kimi, ətəkliyin də bəzək ünsürləri çox vaxt bafta üzərinə düzülüb bənd ediləndən sonra tuman və digər üst geyimlərinin ətəyinə bərkidilirdi. Bəndləmə zinətlər bəzən sapa düzüləndən sonra paltara bənd edilirdi. “Həbbabı” və ya “qoza” düymələrdən ibarət yaxalıq buna əyani misaldır. Pilək və ya pərək ətəklik qadın tumanından başqa, üst köynəyin ətəyinə də vurulurdu. “Oyma” yaxalı arxalıqların yaxasının ətrafı, adətən, qızıldan düzəldilmiş “böyrəyi”, yaxud “həbbabı” düymələrdən ibarət bəzək düzümü ilə süstləndirilirdi. Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları arasında yer alan çoxlu sayda ətəklik və yaxalıq nümunələri də bunu təsdiq edir. Ətəklik və ya yaxalıq üçün nəzərdə tutulan pullara qulp lehimlənir və eyni qayda ilə qulplar sapa və ya zəncirə keçirilərək köynəyin və üst geyimlərinin yaxasına, ətəyinə, qollarına tikilirdi.
Ətəkliklər köynəyin ətəyinin ön hissəsinə tikilirdi. XIX əsrə aid fotoşəkillərin, demək olar ki, hamısında ətəkliklərin köynəyin ətəyinə tikildiyi və arxalığın altından görünə biləcək uzunluqda olduğu aydın görünür. Döyməqəlib üsulu ilə hazırlanmış belə ətəkliklərdən biri qulp lehimlənmiş hillərdən ibarətdir və qulplar sapa düzülmüşdür. Digər ətəklik isə eyni üsulla hazırlansa da, zəncirə düzülmüşdür və ara-sıra qumrovlar da əlavə olunmuşdur. Onu daşıyan şəxs hərəkət etdikcə qumrovlar tərpənərək melodik səs çıxarırdı. Hər iki halda zəncir və ya sap geyimin ətəyinə tikilirdi.
Xalq arasında “midaxıl” adlanan ətəklik nümunəsi formaca digərlərindən fərqlənsə də, əməli əhəmiyyəti baxımından onlarla eynilik təşkil edir. Döyməqəlib üsulu ilə hazırlanmış yarpaq formalı midaxıllar borucuqlara birləşdirilmişdir. Midaxıl iki hissədən ibarət olaraq istehsal edilmiş və bir-birinə lehimlənərək vahid formaya salınmışdır. Köynək ətəyi üçün nəzərdə tutulmuş “midaxıl” bəzən boyun bəzəyi kimi də istifadə olunmuşdur.
Azərbaycanda zərgərlik incəsənətinin yüksək inkişafı haqqında aydın təsəvvür yaratmağa imkan verə biləcək növbəti ətəklik əvvəlki ətəkliklərdən daha çox istehsal texnikasına görə fərqlənən şəbəkə üsulu ilə hazırlanmış butalardan ibarətdir. Butalar qulp vasitəsilə 25 sm uzunluğu olan zəncirə bəndlənmişdir. Yaxalıqlar formaca ətəkliklərə bənzəsələr də, həcm etibarilə onlardan bir qədər böyük olurdu. Qoza adlanan yaxalıqlar misdən, gümüşdən və qızıldan qəlibkarlıq üsulu ilə hazırlanırdı. Bu tip bəzəklər arxalığın yaxa kəsiyi boyunca tikilirdi.
Bəndləmə zinətlərin ən tipik nümunəsi sayılan ətəklik iki tipoloji növdə hazırlanmışdır. “Sikkə ətəklik” qızıl və gümüş sikkələrdən (bacaqlı, əşrəfi, məcidiyyə, imperial, çervon və s.) tərtib olunmaqla daha geniş yayılmış və kütləvi səciyyə daşımışdır. Sikkə ətəklikdən fərqli olaraq, qızıl və gümüşdən kəsilmə “pilək” və ya “pərək” ətəklik çox vaxt mina ilə bəzədilirdi. Ona görə də minasazlar ətəkliyin bu növünü çox vaxt “gül” və ya “gülpərək” adlandırırdılar. Bunlardan əlavə, keçmişdə kübar qadınların ətəkliyi həm də cavahiratdan düzəldilirdi. Keçmişdə kübar qadınlar arasında “mirvari” ətəklik, “midaxıl ətəklik” və “şəbəkə-buta ətəklik” daha geniş yayılmışdı. Yaxalıqları isə üç qrupda – “həbbabı” və ya “qoza” düymələrdən ibarət yaxalıqlar, asma cəvahirat (mirvari və inci düzümlü) yaxalıqlar və bəndləmə (əşrəfi, bacaqlı, imperial, çervon) yaxalıqlar kimi təsnif etmək mümkün idi.
Ətəklik və yaxalıqların Azərbaycan qadınlarının libas əlavəsi – bəzəyi kimi nə zamandan istifadəsi haqqında fikir söyləmək çətindir. Ehtimal etmək olar ki, Azərbaycanın İran, Türkiyə, Misir, Rusiya, Hollandiya, Avstriya ilə ticarət əlaqələri sabitləşdikcə, yerli zərbxanalara bu ölkələrə məxsus sikkələr (əşrəfi bacaqlı, real, imperial, tilani, çervon, osmanlı lirəsi və s.) daxil olmuş, beləliklə də sikkə yaxalıq və ətəkliklərin hazırlanması başlanmışdır. XVII-XIX əsrlərdə belə libas bəzəkləri artıq məişətə geniş şəkildə daxil olmuşdur. Ətəklik və yaxalıqlar əsasən Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncəbasar, Quba-Xaçmaz, Şəki-Zaqatala, Bakı və İrəvan bölgələri üçün xarakterik idi. Qarabağ bölgəsinə aid olan fotoşəkillərdə geyimlərin yaxasında eynilə belə qoza yaxalıqlardan istifadə olunduğu aydın görünür. Ümumiyyətlə isə muzeydəki fotoşəkillər fikrimizin dəqiqliyinə tam zəmanət verərək sübut edir ki, xüsusən yüksək təbəqənin gənc qadınları arasında istifadə olunan bu geyim bəzəkləri XIX əsrin sonu-XX əsrin əvvəllərində geniş yayılaraq dəb halını almışdı.