Başmaq
Nümunənin reyestr kodu : SD0301000014
Aşılı dəri (kosala, tumac, ətvi, müşkü və s.) və göndən tikilən başmağın yalnız pəncə hissəsinin üstü örtülü olurdu. Onun çitməsi dik olub azacıq geriyə qatlanır, arxası isə açıq qalırdı. Hündürdaban ayaqqabı növü olan başmağın dabanına ağacdan xüsusi olaraq “dabanlıq” bərkidilir və nal vurulurdu. Keçmişdə qadınlarda pəncə üstü müxtəlif rəngli müşkü və tumacdan, altlığı isə aşılanmış göndən hazırlanan, kişilərdə isə yenə də hündürdabanlı, altına nal vurulmuş, aşılanmış gön materialından (müşkü, tumac, sağrı və s.) və bəzəksiz hasilə gətirilən başmaq tipli ayaq geyimi, biq qayda olaraq, şəhər əhalisinin geyim dəstində üstün yer tuturdu.
Uzaq keçmişdən XX əsrin ortalarına qədər ənənəvi qadın və kişi geyim dəstində əsas ayaqqabı növü olan başmaq “zənanə” (qadın) və “mərdanə” (kişi) ölmaqla iki növdə hazırlanmışdır. Qadın başmağı da öz növbəsində “zənanə”, “miyanə” (orta) və “qız başmağı” kimi üç ölçüdə tikilirdi və sifarişdən asılı olaraq yüksək zövqlə bəzədilirdi. Uc hissəsi yuxarı qatlanmış formada tikilən belə başmaqlar, ayaqda gözəl görünsün deyə, əlvan saplarla və ya qızılı simlərlə tikilir, daban oturacağına əlvan parçalardan “döşəmə” qoyulurdu. Varlılarda başmağın daban döşəməsi gümüş və ya qızıldan kəsilən lövhəyə tutulur, ətrafına bəzəklər (naxışlar) salınırdı. Başmağın pəncə üstü qalın parçadan (məxmərdən) tikildikdə, onun üzərini güləbətin tikmə ilə bəzəyirdilər. Başmaqlar çaxmapiləklərlə (qızıl və ya gümüş), güləbətin və muncuq tikmələrlə tərtiblənirdi. Keçmişdə başmaqların çaxmapiləklərlə bəzədilməsi geniş dəbdə olmuşdur. Belə bəzəklər qızıl, gümüş, mis metallarından qəlibkarlıq üsulu ilə hazırlanırdı. Hazır lövhələr müəyyən forma əsasında başmağın üz hissəsinə tikilirdi. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda estetik gözəlliyi ilə diqqəti cəlb edən belə qadın başmaqlarının bir neçə növü saxlanmaqdadır. Xan qızı Xurşudbanu Natəvanın öz əlləri ilə bəzədiyi başmaq nümunəsi həm tarixi, həm də bədii əhəmiyyət kəsb edərək fondun qiymətli materiallarından hesab olunur. Başmağın üzü muncuq tikmə üsulu ilə nəbati ornamentlərlə bəzədilmişdir. Başmağın daban və pəncə hissəsində açılan gözlərin kənarına metal çərçivə keçirilməklə, bəzək tərtibatı verilmişdir. Başmağın dabanının estetik baxımlılığını artırmaq məqsədilə daban ətrafına dəridən qırçınlı bəzək elementi verilmişdir.
Şəhər əhalisinin geyim dəstində əsas yer tutan kişi başmağı isə “mərdanə başmaq” adı ilə məlum idi. Əsasən iri sənət mərkəzlərində peşəkar başmaqçılar tərəfindən istehsal olunduğundan, çarıq ilə müqayisədə baha başa gəldiyindən kənd əhalisinin böyük əksəriyyəti başmaqdan istifadə edə bilmirdi. Hündür dabanlı, altına nal vurulmuş, aşılanmış göndən bəzəksiz hazırlanan kişi başmağının başlıca müştərisi şəhər əhalisi idi. XIX-XX əsrin əvvəllərində Azərbaycan əhalisi arasında milli ayaqqabı növü geniş yayıldığına görə, başmaqçılıq sənət sahəsi də çox inkişaf etmişdi. İri şəhərlərdə (Şuşa, Şəki, Bakı, Gəncə, Naxçıvan, Şamaxı və s.) fəaliyyət göstərən başmaqçı dükanları adətən, sahibkar-ustanın evi yaxınlığında və bazar meydanlarında yerləşirdi. Qarabağ əhalisi Şuşa başmaqçılarının hazırladığı və bütün Azərbaycanda “qala başmağı” adı ilə məşhur olan başmağa üstünlük verirdi. Ümumiyyətlə isə varlı əhali aradında “sağrı başмağ”a daha çox üstünlük verilirdi.
Azərbaycanda başmaqdan ayaq geyimi kimi istifadə olunmasının tarixi çox qədimlərə gedib çıxır. Belə ki, ibtidai insanlar dəridən (göndən) müxtəlif biçimli və formalı geyimlər hazırladıqları kimi, çox güman ki, ayaqqabı da hazırlamışlar. Lakin təəssüflər olsun ki, dəri (gön) torpaqda qalıb çürüdüyündən, ondan hazırlanan ayaqqabılar zəmanəmizə qədər gəlib çatmamışdır. “Kitabi-Dədə Qordud” dastanında, orta yüzillikdə Nizami “Xəmsə”sində, aşıqların, əcnəbi səyyahların və bir çox orta əsr müəlliflərinin əsərlərində başmağın adının keçməsi onun həm qadın, həm də kişi ayaq geyim növü kimi varlığını təsdiqləyir.
Azərbaycanın Bakı, Şamaxı, Şuşa, Gəncə, Şəki və Naxçıvan (Ordubad) kimi iri sənətkarlıq mərkəzləri başmaq hazırlanmasında məşhurlaşmışdılar. Azərbaycan şəhərlərində başmaq ustalarının sayı bu sənət sahəsinin inkişafını təsdiqləyir. Belə ki, XIX əsrin 30-cu illərində Azərbaycan şəhərlərində 327 başmaqçı işləyirdisə, əsrin ortalarında onların sayı 579 nəfərə çatmışdı. Şamaxıda bu dövrdə 227, Nuxada (Şəki) 147, Şuşada isə 84 nəfər başmaqçı işləyirdi. Səriştəli başmaq ustalarının hazırladığı başmaqlar çox zaman istehsal olunduğu sənət mərkəzinin adı ilə tanınırdı: Gəncə başmağı, Qala (Şuşa) başmağı, Ordubad başmağı, Şirvan başmağı və s. Naxçıvanda mövcud olan üç bazar meydanından biri məhz “Başmaqçı meydanı” adlanırdı. Ordubadın yaşlı sakinləri indi də başmaqçı Ələkbərin yüksək zövqlə hazırladığı qadın başmaqlarını (çəpiş başmaq) yaxşı xatırlayırlar.