Həyət
Nümunənin reyestr kodu : DA0204000024
Yaşayış məskənlərinin tarixən qərarlaşmış tipləri arasında əksəriyyət təşkil edən kəndin plan quruluşunda həyətlər əsas yer tuturdu. Kəndli həyətlərinin mühüm elementlərindən biri olan inşaat bölməsi həyət daxilində yerləşmə mövqeyinə görə müxtəlif variantlarda təzahür edirdi. Azərbaycanın kəndli həyətlərinin əksəriyyət təşkil edən formalarından biri inşaat bölməsinin küçəyə yaxın səmtdə yerləşməsi ilə səciyyələnirdi. Düzənlik kəndləri üçün xarakterik olan bu halda yaşayış və təsərrüfat tikililərinin arxa divarı küçəyə baxır və orada pəncərə qoyulmurdu. Evlərin küçəyə baxan arxa divarlarında pəncərə açırımlarının qoyulmaması son dövrlərə qədər Şərq ölkələrində mövcud olmuş ev məişətinin və ailənin həyat tərzinin yad nəzərlərdən mühafizə edilməsi, habelə küçənin tozlu havasının evin otaqlarına dolmasının qarşısının alınması mülahizəsi ilə izah olunur. Yaşayış evi ilə təsərrüfat tikililəri аrаsında, adətən, qarğı, çubuq və ya qamışdan hasarla təcrid olunmuş xüsusi sahə olurdu. Azərbaycanın Şəki-Zaqatala bölgəsində “mal məhləsi” adı ilə qeydə alınmış bu sahədə isti aylarda mal-qara saxlanır, sağılır və yemlənməsi üçün axur tikilirdi. Bu tip həyətlərdə yaşayış evi təsərrüfat tikililərindən xeyli aralı yerləşirdi.
Kəndli həyətlərinin nisbətən az hissəsini tutan məişət-istehsal bölməsi (Azərbaycanın bəzi kəndlərində buna “eşik”, “qapı-baca”, “çöl”, “qapı”, “məhlə” də deyilirdi) yaşayış binasının qarşısında yerləşir və xüsusi arakəsmə vasitəsilə digər bölmələrdən təcrid olunurdu. Burada təndirxana (təndirəsər) və ocaqlıq, ərzaq ehtiyatını saxlamaq üçün “buzxana”, kəhriz, əl-ovuc damı (Naxçıvan), fakun, uja, ginəbun (Lənkəran-Astara), məişət qablarını yığmaq üçün “tərəcə” və s. yerləşirdi. İlin isti aylarında məişət-istehsal bölməsi daha çox “açıq mətbəx” rolunu oynayırdı. Bundan başqa, ev məişətində bütün istehsal prosesləri (əyirmək, daramaq, boyamaq, toxumaq, keçə salmaq, süd məhsullarını emal etmək və s.) orada həyata keçirilirdi. Təsərrüfat fəaliyyətinin (əkinçilik, maldarlıq, kustar sənətkarlıq) xarakterindən asılı olaraq həyətlərin bu bölməsi həcm etibarilə müxtəlif olurdu. Kölgəlik, sərinlik yaratmaq üçün aran kəndlərində məişət-istehsal bölməsinin ətrafına tut, söyüd və qovaq ağacları əkilir, üzərinə üzüm budaqları sarmaşdırılmış hündür çardaq düzəldilirdi.
Azərbaycanın ayrı-ayrı bölgələrinin relyef quruluşu, təbii-coğrafi şəraiti və əhalinin təsərrüfat məşğuliyyətindən asılı olaraq əkin-dirrik sahəsi və meyvə ağaclarının yerləşdiyi yaşıllıq bölməsi (Qərb bölgəsində buna “hoyul” və ya “pərəkər” də deyirdilər) kəndli həyətlərinin müəyyən hissəsini təşkil edirdi. Əsas məşğuliyyəti maldarlıq olan və dağlıq bölgədə yerləşən kəndlərdə həyətin bu bölməsinə ehtiyac yox idi. Dağətəyi və aran kəndlərində isə, yaşıllıq bölməsi həyətin əksər hissəsini tuturdu. Aran kəndlərində əkinə yararlı suvarılan torpaqların olması buna geniş imkanlar verirdi. Çox zaman meyvə ağacları yaşıllıq bölməsinin bir tərəfində əkilir, əkin-dirrik sahəsi isə digər tərəfində salınırdı. Aralıqda qalan sahə xama (dincə) qoyulurdu. Adətən, yaşıllıq bölməsinin hər üç hissəsi bir-birindən alçaq arakəsmələr vasitəsilə ayrılır, giriş üçün çax-çax (pələnd Muğan, qəsdək, bərə, keçkəl – Şəki-Zaqatala, dərbaza Naxçıvan) qoyulurdu. Həyətin bu bölməsində, həmçinin, süni su çalası hovuz, göl yerləşirdi.
Kəndli həyətlərini xarici mühitdən təcrid etmək, Şərq adətincə onun qapalılığını təmin etmək və ümumi kompozisiyanı tamamlamaq üçün Azərbaycanın bütün bölgələrində həyətlərin ətrafına hasar (barı, çəpər) çəkilirdi. Həyətlərin hasara alınmasının mühafizə əhəmiyyəti vardı. Hasarların çəkilməsində qarğı, qamış, daş, çiy kərpic, kol, çubuq, möhrə, ağac və s. kimi yerli materiallardan geniş istifadə edilirdi. İstifadə olunan materialdan, tikinti tərzindən və təyinatından asılı olaraq çəpərlərin müxtəlif növləri (payalı çəpər, xəndəkli-payalı çəpər, dik çəpər, yorğa çəpər, sındırma çəpər, hörmə çəpər, əkmə çəpər, təppə çəpər, çax-çax çəpər, tapan çəpər, darava, basma çəpər, çilçat çəpər, qara barı, möhrə barı, kərpic barı, daş hasar, daşqura hasar və s.) mövcud olmuşdur.
Kəndli həyətlərinin hasarlarını tamamlayan mühüm elementlərdən biri giriş yolunun düzəldilməsi idi. Etnoqrafik materiallardan məlum olur ki, həyətə giriş yolu doqqaz, çax-çax və darvaza formasında mövcud olmuşdur. XIX əsrdə Azərbaycanın şəhər tipli yaşayış məskənlərində dəbdəbəli, mükəmməl bəzədilmiş, kamil sənət əsəri təsiri bağışlayan geniş darvazalar üstünlük təşkil edirdisə, kəndli həyətlərinin əksəriyyətində onlar sadə, səliqə ilə yonulmuş ağac hissələrindən düzəldilirdi. Darvazalar, bir qayda olaraq, taqqılbab, zəndulbab, halqa-cəftə, içəridən bağlamaq üçün ağac süngü, ling, at və ya digər minik-nəqliyyat vasitələrini bağlamaq üçün adi halqa və s. ilə təchiz edilirdi. Naxçıvan bölgəsində qapı (darvaza) üzərinə bərkidilmiş taqqılbabla evin kişisi, zəndulbabla isə evin zənəni çağırılardı. Zaqatala rayonunda qeydə alınmış bürcvarı və yaxud köşklü darvazalar etnoqrafik baxımdan çox böyük maraq doğurur. Bu darvazalar həyət divarının münasib yerində dördkünc, ikimərtəbəli, birgözlü tikintini xatırladır. Tikintinin alt mərtəbəsi qoşaqapılı darvaza və dalandan, üst mərtəbəsi isə iki tərəfə, bəzən dörd tərəfə pəncərəsi olan otaqdan ibarətdir. Azərbaycanın Gədəbəy, Daşkəsən, Lerik-Yardımlı, Quba, Kəlbəcər, Şəki bölgələrinin bəzi dağ kəndlərində, xüsusilə də Şirvanın Göylər, Quşçu, Çağan, Sündü, Çuxanlı və b. kəndlərində daşdan yonulub düzəldilmiş darvazalar da mövcud olmuşdur.
Ölçülərinin və plan quruluşlarının müxtəlifliyinə (düzbucaqlı, çoxbucaqlı, formasız) baxmayaraq, dağ kəndləri istisna olmaqla, kəndli həyətlərinin hər biri məişət xüsusiyyətlərinə və istifadə tərzinə görə üç bölmədən ibarət idi: 1. Yaşayış və təsərrüfat tikililərinin yerləşdirildiyi inşaat bölməsi, 2. Yaşayış və təsərrüfat binalarının qarşısında yerləşən məişət-istehsal bölməsi, 3. Əkin-dirrik sahəsi və meyvə ağaclarının salındığı yaşıllıq bölməsi. Göstərilən bölmələrdən hər biri digərindən taran, qarğı çəpər, çubuqhörmə və s. ilə ayrılsa da, onların arasında əlaqəni təmin etmək üçün kiçik qapı, çax-çax və addamacdan istifadə edilirdi. Həyətlərin belə bölmələrə ayrılması kəndlinin ona məxsus torpaqdan səmərəli istifadə etməsinə imkan yaradırdı.
Hələ qədimlərdən – miladdan əvvəl IV minilliyin ikinci yarısı-III minillikdən, yəni – İlk Tunc dövründən bəzi yaşayış məntəqələrinin (Füzuli rayonundakı Qaraköpəktəpə, Təbriz yaxınlığındakı Yanıqtəpə, Urmiya ətrafındakı Göytəpə, Qobustandakı “Dairə” və s. yaşayış məskənlərinin) ətrafının qalın müdafiə divarları ilə əhatə olunduğunu arxeoloji qazıntılar sübut edir. Tədqiqatlar göstərir ki, xüsusi mülkiyyət meydana gəldikdən sonra var-dövlət hərisliyi, başqa tayfaların malını, ərazisini zəbt etmək təhlükəsinin artması üzündən yaşayış məskənlərinin ətrafına hasar çəkilir, möhkəmləndirilirdi. Tayfa icmaları öz ərazisini və əhalisini başqalarının təcavüzündən qorumaq qayğısına qalırdı. Bu ənənə sonrakı dövrlərdə də davam etdirilmişdir. Orta əsrlərdə feodal malikanələrinin, qəsrlərin, paytaxt şəhərlərin ətrafı daim qala divarları ilə əhatə olunurdu. Azərbaycanın bütün bölgələrinin kənd və şəhərlərində həyət tipli yaşayış yerlərinin ətrafı çəpərə və ya hasara alınırdı. Kəndli həyətlərinin ətrafina çəpər çəkilərək ailənin, ev məişətinin qapalılığını təmin edib, onun güzəranını yad nəzərlərdən qorumaq, ailəyə məxsus əmlakın təhlükəsizliyini təmin etmək, küçə toz torpağından qorunmaq ənənəsi müasir kənd məişətində hələ də qalmaqdadır.