Cübbə
Nümunənin reyestr kodu : SD0304000016
Cübbə – həm kişi, həm də qadın üst geyim kompleksini tamamlayan qədim libas növlərindən biri olmuşdur. İlk yazılı abidəmiz hesab olunan “Kitabi-Dədə Qorqud” dastanında geyim növlərindən ən çox “cübbə” və “çuxa”nın adı çəkilir. Dastanda igidlik göstərmiş, ad-san qazanmış gənc haqqında Dədə Qorqud onun atasına belə deyir: “Çigin quşlı cübbə-ton vergil bu oğlana, geyər olsun, hünərlidir”.
Cübbə uzun ətəkli, enli kişi və qadın üst geyimi olub, bel hissəsində bədənə tərəf sıxılır, beldən aşağı isə tədricən genəlir və dizdən bir qədər aşağıyadək uzanırdı. Cübbələr uzun qollu, qısa qollu və qolsuz olurdu. Cübbənin yaxası boğazdan başlayaraq qurşağa qədər düymələnirdi. Cübbə yun parçadan tikilir, boynunun arxası, yaxası, qolları və qabaq tərəfindən ətəkləri zərbaft naxışlarla bəzədilirdi. Qadın cübbələrinin boynuna samur, dələ, tülkü və b. heyvan xəzləri də vurulardı. ”Kitabi-Dədə Qorqud” dastanında samur xəzindən tikilmiş cübbə haqqında bunları oxuyuruq: “Xan qızı gördü kim, Qazan gəlir,... durdu, samur cübbəsini əlinə aldı”. Cübbənin həm də kişi geyimi olması dastanda bir neçə yerdə qeyd olunur, o cümlədən, dastanın sonuncu boyunda deyilir: “Beyrəyi odasına yetirdilər, cübbəsini üstünə örtdülər”. Həm qollu, həm də qolçaqlı tikilən çuxadan fərqli olaraq qolsuz cübbəni sadəcə çiyinə salıb ona bürünərmişlər. Bu baxımdan da keçmişdə cübbə, bir növ, yapıncısayağı gen gövdəli geyim növünü xatırladırdı. Dastandan o da məlum olur ki, bəzən cübbə adlı geyim növünün bir neçəsi üst-üstə geyinilərmiş: “ ...qırq cübbə bürünüb otuz yedi qələ bəyinin məhbub qızlarını çalub bir-bir boynın qucan, yüzindən-todağından öpən İlək Qoca oğlu Alp Ərən çapar yetdi”. Qədim oğuzlarda şalvar, çuxa və qaftan kimi cübbə də qiymətli hədiyyə hesab edilmişdir.
Qədim dövrlərdən üzü bəri cübbə tipoloji cəhətdən qadın və kişi cübbəsi kimi mövcud olmuşdur. Dastan materiallarından bəlli olduğu kimi, kişi və qadın cübbələri biçim üsulu və tikiş texnologiyası baxımından bir-birindən fərqlənmişlər. Zaman keçdikcə cübbə yalnız kişi geyim dəstində, xüsusilə də İslam dininə xidmət edən mömin ruhani müsəlmanların üst geyimi kimi istifadə olunmuşdur.
Cübbə adlı geyim növü ilk orta əsrləndən həm qadın, həm də kişi geyimi kimi dövrünün ən çox şöhrət qazanmış üst geyimlərindən olmuşdur. Hədiyyə edilən cübbənin materialı xəzdən olmaqla, çiyni həmişə quşlu olurdu. Lakin qadın cübbələrinin çiyninə quş salınmazmış. Buna görə də çiyni quşlu cübbə sadəcə bəzək elementi ilə süstlənmiş geyim deyil, mühafizə, inam, döyüşçü rəmzli geyim kimi ancaq öğuz igidlərinə təqdim olunurdu. Erkən orta yüzilliklərdə cübbənin yaxası cüt biçilir, çəpinə olmaqla üst-üstə gəlib qol altında bağlanır və ya düymələnirdi. Bu geyimin ön tərəfi ikiqat önürlü biçilirdi. Cübbənin sinə hissədən dar, ətək hissədən gen olduğu “Kitabi-Dədə Qorqud” dastanında da qeyd olunur: “Gen ətəyinə, dar qoltuğuna sığınmağa gəlmişəm” – deyilir.
XI yüzillikdə yaşamış böyük türk alimi Mahmud Kaşğarinin “Divanü luğat-it-Türk” əsərində cübbənin xirqənin üstündən geyilən geyim növü olduğu bəlli olur. Rəssam Əbdül Mömin Məhəmməd Əl-Xoyinin XIII yüzilliyin əvvəllərində çəkdiyi “Vərqa və Gülşa” miniatüründə kişilərin əynində cübbə təsvir edilmişdir. 1330-1340-cı illərdə Ə.Firdovsinin “Şahnamə” əsərinə çəkilən “Hədiyyənin şaha təqdim edilməsi” miniatüründə şahın əynində çuxanın üstündən geyinilmiş dekorativ qollu, geniş ətəkli, uzun cübbə təsvir edilmişdir. Cübbənin parçası zolaqlı-naxışlı olub, yerliyi narıncı-qırmızı rəngdə, astarı isə tünd yaşıl rəngdədir. Cübbənin yaxasında astarın parçasından tikilmiş qatlama yaxalıq görünür. Etnoqraf Ş.Bünyadova yazır ki, orta əsr kişi geyiminə aid olan cübbə enli və uzun biçimli idi və Azərbaycanla bərabər Yaxın Şərq və Orta Asiya ölkələrində də yayılmışdı. Orta əsr müəlliflərindən Tac əd-Din əs-Salmaninin, Həbibinin, Nəsiminin, Cünabidinin və b. əsərlərində cübbənin xatırladılması bu geyim növünün orta əsrlər dövründə xalqın istifadəsində olmasını bir daha təsdiqləyir.