AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Alaçıq

Nümunənin reyestr kodu : DA0202000002

Azərbaycanın xalq yaşayış evi fondunun bir qismini maldar elatlara məxsus olan və müxtəlif adlar daşıyan müvəqqəti yaşayış evləri (alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.) təşkil edirdi. Müvəqqəti yaşayış evləri, əsasən yaylaq şəraitində inşa olunur, asanlıqla sökülüb-yığıla bilirdi. Dairəvi və uzunsov planda qurulan belə evlərin əsas tikinti materialı çubuq, qarğı, qamış, keçə (qəlib), ip, ağac və s. idi. Etnoqrafik araşdırmalar göstərir ki, Azərbaycanda maldar elatların istifadəsində olan müvəqqəti yaşayış evlərinin müxtəlif variantları içərisində dəyə və alaçıq üstünlük təşkil etmişdir.

Dəyəyə nisbətən mürəkkəb konstruksiyaya malik olan alaçıq həm də böyüklüyünə görə ondan fərqlənirdi. Onu tikmək üçün gözəyarı müəyyən edilmiş yerə ağac mıxca çalıb, ucuna ip bağlayırdılar. İpi mıxçanın dövrəsi boyunca 6-8 addımlıqda fırladaraq, yerdə dairə çəkir və bu qayda ilə alaçığın dövrəsini müəyyən edirdilər. Bundan sonra dairənin mərkəzinə təxminən 3-5 m hündürlüyündə “sunaça” basdırılırdı. Alaçıqlarda sunaçanın qoyulması həm onun həcminin genişlənməsinə, həm də qəlibin ağırlığı altında çubuqların möhkəm dayanmasına təminat verirdi. Bəzi varlı alaçıqlarında sunaça “şirazlı” və “çıxrılı” olurdu. Belə sunaçaların üzəri oyma üsulu ilə milli ornament və naxışlarla bəzədilir, ətrafında çoxlu təbii çıxıntıları olurdu ki, oraya paltar, silah, xəncər, ov avadanlığı, əl çırağı və s. asılırdı. Sunaçanın başına, çəmbərəsi (sağanağı) boyunca 30-a qədər deşik açılmış çarpaz şəkilli və ya pərli çarx formalı dünnük keçirilirdi. Bir-birindən eyni məsafədə torpağa basdırılmış alaçıq çubuqlarının nazik ucları bu deşiklərə keçirilirdi. Bundan sonra çarxa bağlanmış ipi, çubuqlar qövsvarı görkəm alana kimi aşağıya doğru tarım çəkir, sunaça yaxınlığında basdırılmış mıxa bağlayırdılar. Alaçığın yan çubuqlarının möhkəmliyini təmin etmək üçün bir-birinə paralel olaraq 1 m aralı “badaq çubuqları” bənd edilirdi. Bu qayda ilə gövdə hazır olduqdan sonra onun ətrafına çətən (çığ) çəkib həmin gövdənin üzərinə qəlib (keçə) salırdılar. Alaçığın üstünə, adətən, qara və ağ keçə salardılar.

Muğanın varlı ailələrində keçmişdə oğul evləndirdikdə ona ağ alaçıq tikib bağışlayarmışlar. İ.Oqranoviçin də təsdiq etdiyi bu adətə Qafqazdakı türk xalqları arasında, eləcə də noqaylarda rast gəlinir. Azərbaycanın Şirvan bölgəsində müvəqqəti yaşayış evi kimi inşa olunan bu tip alaçıq “dünnüklü ev” və “qarakeçə” adı ilə məlum idi. Adətən qarakeçə kənarları girdə şəklə salınmış düzbucaqlı, dünnüklü ev isə dairəvi formada tikilirdi.

Həcminə görə alaçıqdan nisbətən böyük olan muxurunun inşaat texnikası alaçıqdan fərqlənmirdi. Muxurunun qəlibləri sadə naxışlarla örtülür, interyeri müxtəlif toxunma lentlərlə (bafta), qapıüstü naxışlarla bəzədilirdi. Alaçıq və dəyənin içərisində “nəmi”, yaxud “bucaq” deyilən xüsusi yer düzəldilir, burada heyvandarlıq məhsulları və ərzaq saxlanılırdı. Nəminin döşəməsi yastı çay daşları ilə döşənir, olacaq yerindən çətən arakəsmə və ya 30-50 sm hündürlüyündə daşqura divarla ayrılırdı. Ev müxəlləfatı (barxana, məfrəş və s.) künclərin birində daş ayaqaltı üzərinə taxta qoyulmaqla qurulan yük yerinə yığılırdı.

Alaçıq üstünə salınan keçənin (qəlibin) rənginə, ölçülərinə, formasına və zümrə sahibliyinə görə bir-birindən fərqlənirdi.

Arxeoloji və etnoqrafik tədqiqatlar nəticəsində belə bir nəticəyə gəlmək mümkündür ki, uzun əsrlər boyu maldar əhalinin müvəqqəti yaşayış evi kimi istifadə etdiyi dairəvi formalı alaçıq və dəyələr İlk Tunc dövründən meydana çıxmış, düzbucaqlı formalı müvəqqəti yaşayış evləri isə nisbətən sonrakı dövrdən – Orta Tunc dövründən istifadə olunmağa başlamışdır. Həm dairəvi, həm də düzbucaqlı formalı, yüngül quruluşlu müvəqqəti yaşayış evləri insanların ilk evtikmə təcrübəsinin minillər boyu yaşamasının sübutudur. Son Tunc (miladdan əvvəl XIV-XII əsrlər) və Erkən Dəmir (miladdan əvvəl XI-VIII əsrlər) dövründə köçmə maldarlığın da təsərrüfatda əsas yer tutması ənənəvi müvəqqəti yaşayış evləri tikmək təcrübəsinin davam etməsinə gətirib çıxarmış, bu ənənə XIX-XX əsrin 30-50-ci illərinə qədər davam etmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarında haqqında bəhs olunan çadır tipli yaşayış evi tipoloji cəhətdən alaçıqla eynilik təşkil edir. Alaçıq müvəqqəti yaşayış evi müxtəlif forma və adlar altında Orta Asiya, Qafqaz, Çin, Monqolustan və b. regionlarda da mövcud olmuşdur.