Cımğa (cığ) ev
Nümunənin reyestr kodu : DA0202000006
Azərbaycanın xalq yaşayış evi fondunda ağac evlərin digər bir tipi cımğa (cığ) evlər müəyyən yer tuturdu. Kərtmə evlər kimi, cımğa (cığ) evlər də Azərbaycanın ayrı-ayrı ərazilərində müxtəlif adlarla məlum olmuşdur. Şəki-Zaqatala bölgəsində “cığ ev”, “ağac ev”, “ajan ev”, “dəyə”, “dirəkarası”, Lənkəran bölgəsində “sünnəkə” və ya “sündünəkə”, “puştalı ev”, “qoyməkə”, “carciv ev”, Şirvan bölgəsində “bağdadı ev”, qərb bölgəsində “mərək”, “dirəkarası” və “aradoldurma” adlanan cımğa (cığ) evlər memarlıq-kompozisiya quruluşuna görə bir və ya ikimərtəbəli, tək və qoşa yerləşkəli, eyvanlı və eyvansız inşa olunurdu. Tikilmə qaydası çox sadə olan cımğa evlər, adətən, düzbucaqlı planda olurdu. Onu tikmək üçün evin bünövrə yeri boyunca bir-birindən 1 metr aralı yonulub dördkünc şəklə salınmış dirəklər basdırılır, sonra həmin dirəklərin qarşısında təxminən 25-30 sm aralı ikinci cərgə dirəklər yerləşdirilirdi. Bir-birinə paralel, qarşı-qarşıya basdırılmış dirəklərin içəri və bayır tərəfdən hər iki üzünə kip şəkildə ağac yarmaçaları (vəla, talaşa, tuş, zola, bağlama) bənd edilir, orada qalan boşluq çınqıl, xırda çaydaşı, torpaq, ağac qamqalağı və samanla doldurulurdu. Lənkəran-Astara bölgəsində bütün bunları çay yataqlarından götürülən göy gildən hazırlanmış “pışda” əvəz edirdi. Elə buna görə də bu tip evlər bölgədə “pışdanaka” (pışdalı ev) adlanırdı. Əhali belə evləri dirəklərə görə “sündünəka” (sünd talışca dirək deməkdir), dirəklərə bağlanan vəlaya görə isə “vəlanaka ev” də adlandırırdı.
Azərbaycanda cımğa(cığ) ev tipinin daha çox şaquli olaraq bir-birindən aralı iki cərgədə yerə basdırılmış dirəklərdən qurulan forması yayılmışdı. Digər cımğa (cığ) evi tikmək üçün isə dirəklər bir cərgədə basdırılır və hər iki üzünə ağac və ya taxta hissələri bərkidilib üstü suvanırdı. İkinci cımğa (cığ) ev tipinə nadir hallarda rast gəlinirdi. İkinci üsulla evtikmə qaydasına az-çox oxşar evtikmə təcrübəsi Şirvanın “bağdadı” tipli evlərində müşahidə olunurdu. Belə ki, “bağdadı” tipli evləri tikmək üçün dirəklər bir cərgə yerə basdırılır və hər iki üzünə ağac yarmaçaları köndələn şəkildə bərkidilirdi. Müxtəlif adları və variantları olan bu tip evlərin meydana gəlməsinin başlıca səbəbi lazımi ölçüdə tikinti materialının (tir, dirək, taxta) çətinliklə əldə edilməsi ilə izah olunurdu. Səriştəli usta “əlinin altında olan” tikinti materialından istifadə etməyə üstünlük verirdi. Lazımi hündürlükdə divar qurulduqdan sonra onun hər iki üzü saman qatılmış palçıqla qalın suvanırdı. Evin dam örtüyünü qurmaq üçün yerə basdırılmış dirəklərin üstünə köndələn qurşaqlar (kətil, nal) qoyulur, üzərinə dam milləri düzülür, qarğı-qamış tökülür, torpaqlanır və suvanırdı. Yağış və qar suyunun içəri sızmaması üçün damın örtüyü, bəzən balıqbeli formasında düzəldilirdi. Şəki-Zaqatala və Lənkəran bölgələrində belə evləri çox zaman çardaqlı tikirdilər ki, bu da atmosfer çöküntülərinin qarşısını almaq məqsədi güdürdü. Cımğa (cığ) evlərin qapı və pəncərə açırımları kiçik ölçüdə olur, eyvan yerləşən qənşər tərəfdə qoyulurdu. Bəzən ikimərtəbəli tikilən belə evlərin birinci mərtəbədi daş hörgüdən, ikinci mərtəbəsi isə ağac divardan ibarət olurdu.
Azərbaycanda cımğa (cığ) ev tipinin iki forması mövcud olmuşdur: 1. Bir-birinə paralel iki cərgə dirəklərdən qurulan ev. 2. Bir-birinə yaxın basdırılmış bir cərgə dirəklərdən qurulan ev. Qeyd edək ki, ikinci formada tikilən evlər azlıq təşkil etmişdir. Bu tip evlər eyvanlı və eyvansız olması, otaqlarının sayına görə (bir və iki otaqlı), eləcə də mərtəbəlilik baxımından da (bir və ya iki mərtəbəl) fərqləndirilirdi.
Azərbaycanda ağacdan evtikmə təcrübəsinin tarixi olduqca qədimdir. Arxeoloji qazıntılar sübut edir ki, keçmişdə ölkədə meşə sahəsi bol olduğundan, ən ucuz başa gələn və əl altında olan ağac materialı olmuşdur. İnsanlar yeraltı qəbir abidələrini, katakombaları, kurqanları ağacla tikdikləri kimi, yaşayış evlərini də çox güman ki, ağacdan tikmişlər. Şəmkirdə Osmanbozu adlanan ərazidə aşkarlanan və İlk Tunc dövrünə aid edilən qəbir abidəsi şaquli basdırılmış dirəklərdən və üzəri ağac pərdilərlə örtülmüş düzbucaqlı kameradan ibarət olmuşdur. Paşatəpədə aşkar edilən 4 №-li kurqan və Xanlar (İndiki Göygöl) yaxınlığındakı qəbir abidəsi, eləcə də eramızın II-IV əsrlərinə aid Mingəçevirdə aşkar olunan, ağacdan hazırlanmış qəbir abidəsi də dirək-karkas konstruksiya əsasında qurulmuşdur. Bütün bunlar sübut edir ki, ağac konstruksiyalı evlərin tikintisi Eneolit və İlk Tunc dövrlərindən başlayaraq müasir dövrümüzədək davam etmişdir. Azərbaycanda XIX-XX əsrin əvvəllərində cımğa (cığ) evlər əsasən Şəki-Zaqatala, Lənkəran-Astara və Kür çayının qərb sahili boyunda yayılmışdır. Bu tip evlər Gürcüstanın meşə bol olan ərazilərində, Şimali Qafqazda, Ukraynada, Başqırdıstanda və b. regionlarda da mövcud olmuşdur.